Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, “Kayzerslautern”in azərbaycanlı hücumçusu Mahir Emreli, Almaniya II Bundesliqasında “Karlsrue”yə qarşı keçirilən oyunda (3:0) vurduğu qoldan sonra emosional anlar yaşayıb. Təcrübəli futbolçu vurduğu bu qolu yaxın vaxtlarda vəfat edən dayısı oğluna həsr etdiyini bildirib.
Uzun müddət zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan Mahir Emreli, yeni klubunda ilk qolunu vurmağın qürurunu yaşayır. Klubun mətbuat xidmətinə danışan hücumçu, həm peşəkar, həm də şəxsi baxımdan bu anın onun üçün çox önəmli olduğunu qeyd edib:
“Zədədən sonra özümü sübut etmək istəyirdim”
Mahir qoldan sonra keçirdiyi hissləri belə bölüşüb:
“Qola görə çox sevindim. Uzun müddət zədədən əziyyət çəkirdim. Yeni klubda, yeni komandadayam və nəhayət, bu inanılmaz atmosferdə ilk qolumu vurdum. Məşqçi ilə yenidən ünsiyyət qurmaq və onun mənim oyunumdan razı qalması çox xoşdur. Bunu özümə sübut etmək istəyirdim.”
Emosional anlar: “Onu qarşımda gördüm”
Futbolçu vurduğu qolun onun üçün mənəvi tərəfindən də bəhs edib. O, qol sevincini mərhum qohumu ilə yaşadığı xəyali bir an kimi təsvir edib:
“Qol çox emosiyalar yaratdı, çünki yaxın vaxtlarda dayım oğlu vəfat edib. Bu, sanki onunla son vidalaşma anı idi — qol zamanı onu qarşımda gördüm. Sonra başımı qaldırdım və komanda yoldaşlarımın, ehtiyat oyunçular skamyasının mənə tərəf qaçdığını, azarkeşlərin məni alqışladığını gördüm.”
Mahir Emreli bu qolun həm şəxsi, həm də karyerası üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq açıqlamasını tamamlayıb.
Səbinə Bağırova