Şirkətin qanunsuz əməlləri, abuteryentlərin pullarını mənumsəmələri və sair qanunsuz fəaliyyəti Azərbaycanla yanaşı, artıq Türkiyənin hüquq-mühafizə orqanları da araşdıracaq…
Gəlirəm mətləbə: tezadlar.az saytının 25 noyabr 2025-ci il buraxılışında “Max Group” MMC-də təkcə etibara deyil, həm də əmanətə xəyanət varmış…” başlıqlı yazı dərc etmişdik. Yazıda bu təhsil mərkəzinə rəhbərlik edən ər-arvad- Nəbiyev Elmin Nəsib oğlu və Fərqanə Nəbiyevanın qeyri-qanuni əməllərlə məşğul olmaları, vətəndaşların pullarını mənimsəmələri və buna görə cəzasız qalmaları və s. haqqında bəhs edilirdi. Həmin yazı Türkiyədə yaşayıb-işləyən Koyun Aysutümay Əli qızının Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynova ünvanladığı və sonradan onun vasitəsilə redaksiyamızın elektron poçtuna göndərdiyi şikayət məktubu əsasında, araşdırma aparılaraq hazırlanmışdı. Koyun Aysutümay Əli qızının məktubundan bir parçanı diqqətə çatdırırıq:
«Hörmətli «Təzadlar» qəzetinin redaksiyası!
Mən hazırda Türkiyənin Balıkəsir Savaştəpə Sarıbəylər məhəlləsi, Zübeydəxanım caddəsi-31,32,32 ünvanında yaşayıram.
Bildirirəm ki, xidmət sahəsində istehlakçı hüquqlarım pozulmuşdur. Belə ki, Bakı şəhərində, İçərişəhər, Vaqif Mustafazadə-6 (Tel.0125042636; 0516335161) ünvanda 17 aprel 2025-ci il tarixli, 429 nömrəli “Xaricdə Təhsil Xidməti müqaviləsi” əsasında “İcraçı” adlanacaq “Max Group” MMC-nin direktoru Nəbiyev Elmin Nəsib oğlu, digər tərəfdən bundan sonra “Sifarişçi” adlanacaq Koyun Aysutümay Əli qızı (AA….) arasında “İcraçı” tərəfindən “Sifarişçi” Koyun Aysutümay Əli qızı üçün “Türkiyədə yerləşən İzmir Demokrasi Universitetinin “Fizyoterapi və rehabilitasyon” ixtisası üzrə Bakalavriat təhsil pilləsinə sənədləşmə işlərinin aparılması xidmətinin göstərilməsindən, “Sifarişçi” tərəfindən isə müvafiq xidmətə görə ümumilikdə 4000 ABŞ dolları ödəniş gününə olan məzənnəsinə uyğun olaraq (hazırki məzənnə ilə 6800 AZN) xidmət haqqı ödənilməsi şərti ilə razılığa gəlinmişdir”.
Lakin mən “Sifarişçi” Koyun Aysutümay Əli qızı, müqavilə üzrə üzərimə düşən bütün öhdəlikləri yerinə yetirməyimə, o cümlədən tələb olunan sənədləri təqdim etməyimə və 6800 AZN məbləğində xidmət haqqını “İcraçı”nın hesabına köçürməyimə (köçürmə sənədi əlavə edilir) baxmayaraq müqavilənin digər tərəfi üzərinə götürdüyü müqavilə şərtlərinə əməl etməkdən qəsdən boyun qaçırır. Başqa sözlə, tərəfimdən “İcraçı”dan müqavilədə nəzərdə tutulan öhdəlikləri vaxtında və vicdanla yernə yetirməsini, xidmət müqaviləsi üzrə görülən işlər barədə vaxtaşırı məlumat almaq və müqavilə üzrə köçürmə icraçı tərəfində edilə bilmədiyinə görə ödənilən xidmət haqqını geri tələb edilməsi bağlanmış müqavilənin 3.4-e bəndinə uyğun olaraq dəfələrlə tələb edilsə də, ödənilən vəsait qaytarılmamışdır.
Diqqətə çatdırım ki, tələb edilən sənədləri və xidmət haqqını ödədikdən sonra mən işlərin yolunda getmədiyini hiss edib, yəni müqaviləyə əsasən mənə 2025-ci ilin iyul ayında artıq ünversitetə qəbul olunmağım barədə məktub göndərlməli idi. Amma bu, baş vermədyinə görə, narahat oldum, bu səbəbdən də araşdırıb şirkətin rəsmisi Fərqanə adlı xanımla 050-228 21 85 mobil nömrəsi üzərindən əlaqə saxlamağa başladım. Sonradan mənə məlum oldu ki, bu xanım həm də MMC-nin rəhbəri olan Nəbiyev Elmin Nasib oğlunun həyat yoldaşıdır. Lakin bir müddət onunla danışa bilmədim və telefona cavab verdikdə isə gah xəstə olduğunu, habelə 17 sentyabrda mənə müsbət cavab veriləcəyini bildirmişdir. Amma söz verdiyi vaxtdan bir həftə sonra- 24 sentyabrda (2025-ci il) mənə səs ataraq 1-2 saat ərzində mənə məktəbə qəbulla əlaqədar yekun bilgi verəcəyini bildirsə də, bizim növbəti telefon danışığmız daha 3 gündən sonra, 27 sentyabrda baş tutdu və Fərqanə xanım bildirdi ki, oktyabr 2025-ci il tarixinə qədər mənə ünversitetə qəbul olunmağım barədə xəbər gələcək”.
Məktubunun sonrakı hissəsində Aysu xanım bildirir ki, onun universitetə qəbul olması barədə heç bir bildiriş gəlmədi və belə olan surətdə ödədiyi 6800 manat pulun geri qaytarılmasını tələb edib. Lakin uzun müddət keçməsinə baxmayaraq, Fərqanə xanım tərəfindən nə qədər söz verilsə də, pul qaytarılmayıb. Ona görə də Aysu xanım məktubunun sonunda redaksiyadan belə bir xahiş etmişdi: “Max Group” MMC–nin direktoru Nəbiyev Elmin Nəsib oğlunun qanunsuz əməllərinin işıqlandırlmasını, bu barədə hüquq-mühafizə orqanlarına, xüsusən də Azərbaycan Baş Prokurorluğuna, Türkiyənin hüquq mühafizə orqanı rəhbərlərinə məlumat verilməsini xahiş edirəm…»
Biz məsələyə daha həssas və peşəkar yanaşaraq araşdırma apardıq. Redaksiya əvvəlcə Aysu xanımla ətraflı danışdı… Sonra əks tərəfin mövqeyini öyrənmık üçün “Max Group” MMC–nin drektoru Nəbiyev Elmin Nəsib oğlunun mobil telefonuna dəfələrlə zəng etsək də, əlaqə yaratmadılar… Belə olan surətdə şirkətin rəsmisi sayılan Elminin həyat yoldaşı Fərqanə xanımla əlaqə saxladıq. Xanımla aramızda olan telefon söhbətini bir daha xatırlatmağı vacib sayıram:
“…Özünü Bakı meri Eldar Əzizovun qardaşı kimi təqdim edən Elmin bəylə danışmaq şərəfinə nail ola bilmədiyimiz üçün onun həyat yoldaşı Fərqanə xanımla əlaqə yaratdıq. Özümüzü təqdim edəndən sonra aramızda belə bir dialoq alındı:
– Fərqanə xanım, MMC-nin sahibi olan həyat yoldaşınız Elmin bəyin telefonuna niyə zəng edə bilmirik?
-Sizin zəng etdiyiniz nömrə başqa nömrəyə yönləndirilib. Mən sizə onun başqa bir nömrəsini verərəm (amma şirin danışığı ilə bizi söhbətə tutub Elmin bəyin nömrəsini vermədi-E.M.). Onu da deyim ki, Fərqanə xanım bizi çox nəzakətlə dinləyirdi və suallarımıza cavab verməyə çalışırdı.
– Fərqanə xanım, Aysutümay xanım redaksiyamıza ünvanladığı şikayət məktubunda Sizlərin müqavilə üzrə öhdəliklərinizi yarinə yetirmədiyinizi bildirir və şirkətinizin hesabına ödədiyi 4 min ABŞ dollar pulu (6800 manat) geri istəyir və siz o pulu hər dəfə vəd verərək qaytarmaq istəmirsiniz. Bu əməl adətən, hüquqi dildə, Azərbaycan CM-nin 178.2 maddəsinə tövsif olunur. Aysu doğrumu deyir?
– Bilirsiz, biz dəfələrlə pulu Aysutümay xanıma qaytarmaq istəmişik, lakin o xanımın hesabında problem var və bu səbəbdən də ödəniş getmir. Başqa bir problem yoxdur…
-Çox gözəl. Onda gəlin belə edək. Biz sizə Aysutümay xanımla razılaşıb bir kart göndərək, siz o pulu həmin karta yükləyin. Biz o pulu son manatına qədər həmin xanıma göndərərik. Bununla da Azərbaycan mənşəli bir MMC-nin adı Türkiyədə hallanmasın. Buna razısınızmı? (Redaksiya Aysutümay xanımla danışır, onun razılıq ərizəsini və səsli xahişini- razılığını Fərqanə xanıma göndərir).
–Lap yaxşı, həmin kartınızı göndərin. Qısa zaman içində pulun hamısını sizin o karta göndərərik.
-Fərqanə xanım, təşəkkür edirik, çox şadıq ki, problem yazı dərc olunmadan həllini tapır. Yazı dərc olunsa, bilirsiz də, sizin MMC-nin nüfuzuna çox ciddi zərbə dəyəcək… Artıq başqa şikayətçilər də var… Yəqin ki, siz də bunu istəməzsiniz. 5-6 min manata görə özünüzü mətbuatın və hüquq-mühafizə orqanlarının hədəfinə gətirməyə bizcə, ehtiyac yoxdur.
-Doğrudur… Çox sağ olun ki, bunu bizə deyirsiniz. İnanın ki, biz işimizi tam qanunlar əsasında qurmuşuq. Haqqımızda indiyə qədər bir pis fikir olmayıb. Çalışırıq bizə müraciət edənlərin hər birinə diqqət və həssaslıqla yanaşaq. Ona görə də bizə müraciət edənlər çoxdur. Indi bu Aysutümay xanımla bir az anlaşılmazlıq oldu. O da bizdən asılı olmayan səbəbdən idi, pulun qaytarılması bir az ləngidi. Inşallah, onu da tezliklə yoluna qoyacağıq.
-Çox gözəl! Biz də inanırıq ki, bu məsələdə daha hər hansı problem olmayacaq. Fərqanə xanım, mümkünsə, yoldaşınız Elmin bəyə deyin ki, qoy mənə zəng eləsin, ona deyiləcək ayrı sözüm var…
-Mütləq deyərəm və o sizə sabah (yəni, ötən şənbə günü. Söhbətimiz isə ötən həftənin cümə günü, yəni noyabrın 21-də olmuşdur. RED.) zəng edəcək”.

…Təbii ki, elə həmin yazıda da qeyd etmişdik, Elmin bəy bizə zəng etmədi. Amma bizim söhbətimizdən dərhal sonra neçə aydır guya Aysu xanımın kartında problem olduğunu bildirmələrinə baxmayaraq, 500 dollar göndərdilər. Söz vermişdilər ki, qalan pullar da qısa müddətə ödəniləcək.
Artıq 2026-cı ildir, aradan iki ay vaxt keçib, amma qalan 3500 dolar pul hələ də ödənməyib. Elə bu yazı hazırlanan gün, yəni 08.01.2026-cı il tarixdə Aysu xanımla təkrar əlaqə saxladıq. Məlum oldu ki, doğrudan da dəfələrlə söz verilməsinə baxmayaraq, qalan puldan 1 dollar da belə ödənməyib. İşi belə görən Aysu xanım artıq Türkiyənin hüquq-mühafizə orqanlarına da müraciət edib. Afərin, belə ər-arvadın iş birliyinə! Artıq Azərbaycanın adını Türkiyədə də biabır edirlər. Bu 3500 dollar pul o boyda təhsil mərkəzi üçün nəmənə şeydir ki, əllərində aciz qalıblar? Nəticədə bir Azərbaycan şirkətinin qanunsuz əməllərindən Türkiyənin hüquq-mühafizə orqanlarında və cəmiyyətində danışılacaq.
Həmin vaxt yazı dərc olunandan sonra Fərqanə xanım gün ərzində dəfələrlə mənə zəng etdi, ancaq mən telefonu açmadım. Çünki yazıdan bir neçə gün əvvəl söz vermişdi ki, problem həllini dərhal tapacaq və pulu hətta mənim kartıma ödəyəcək. Bu məqsədlə ona kart nömrəmi də göndərmişdim.
Məlum olduğu kmi, Fərqanə xanım verdiyi heç bir sözə əməl etmədiyindən. yazı onun fikirləri ilə bir yerdə dərc olundu. Sözünə əməl etməyən bir xanımla, yazı dərc olunandan daha mən nə danışmalıydım ki?! Yəni, danışılacaq daha bir söz qalmamışdı. Sonuncu çarə kimi Fərqanə xanım Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynova bir neçə dəfə zəng edərək xahiş edib ki, həmin yazının saytdan silinməsini bizdən xahiş etsin, əvəzində isə hansı “hörmət” lazımdırsa buna hazırdılar. Yəni, bizə rüşvət vermək istəyirlər ki, yazını saytdan silək. Görünür, hamını özlərinin etdikləri qanunsuzluqlara şərik etmək istəyirdilər və hər şeyi də pulla ölçürlər. Ona görə Eyyub müəllimə belə demişdim: “Eyyub müəllim, əgər Fərqanə xanım bizə hörmət etmək istəyirsə, sağ olsun, lazım deyil, Aysu xanımın pulunu qaytarsın. Onda bu bizim üçün böyük hörmət olardı”.
Eyyub müəllim bu sözləri Fərqanə xanıma çatdırıb, lakin “Max Group” MMC-nin rəsmisi kimi bu xanım pulun Aysu xanıma qaytarılması üçün deyil, redaksiyaya başqa təzyiq vasitələri ilə yazının sildirilməsinə səy göstərməyə başlamışdı… Fərqanə xanım elə Aysu xanımla da əlaqə saxlayaraq deyib ki, “500 dollar ödəmişik, qalan pulları da qısa müddətə qaytaracağıq”.
Təbii ki, pullar qaytarılmadı, amma Fərqanə xanım yazının saytdan silinməsinə pulla nail ola bilmədiyi üçün, başqa yol seçdi. Ona görə də redaksiyamızın elektron poçtuna elə hədələyici bir məktub göndərib ki, onun hər sətrindən, yalan olmasın, Azərbaycan CM-nin maddələri yağır. Bu xanım görəsən, kimə arxayın olub ki, jurnalisti hədələməklə peşə fəaliyyətinə mane olmağa cəhd edir?

“Max Group” MMC sahiblərinin savadsızlığı…
İndi istəkli oxucular, gəlin redaksiyamıza göndərilən həmin hədələyici ifadələrlə dolu məktubu birlikdə oxuyaq:
“Göndərən: Max Group MMC
Mövzu: Qanunsuz məlumat paylaşımı və nüfuzun zədələnməsi ilə bağlı xəbərdarlıq
Hörmətli redaksiya, Max Group MMC olaraq bildiririk ki, sizin tərəfinizdən nəzarət olunan xəbər platformasında və sosial media hesablarında şirkətimizin nüfuzuna xələl gətirən, böhtan xarakterli, əsassız və qanunsuz məlumatların paylaşılması müəyyən edilmişdir. Həmçinin paylaşımda şəxsi məlumatların icazəsiz istifadəsi faktına rast gəlinmişdir ki, bu da Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir.
Qeyd edirik ki, həmin paylaşımın məzmunu böhtan, nüfuzdan salma və reket jurnalistika əlamətləri daşıyır, bu isə qanunla ciddi şəkildə cəzalandırılan hüquq pozuntusudur.
Azərbaycan Respublikasının “Kütləvi İnformasiya Vasitələri haqqında Qanunu”, “Məlumatlandırma, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında Qanunu”, eləcə də Cinayət Məcəlləsinin böhtan və təhqir halları ilə bağlı maddələri belə hərəkətləri qəti şəkildə yasaqlayır.
Bu səbəbdən tələb edirik:
Max Group MMC haqqında dərc etdiyiniz qanunsuz, böhtan xarakterli məlumatların dərhal silinməsi, Şirkətimiz və əməkdaşlarımızla bağlı şəxsi məlumatların tam şəkildə platformanızdan və sosial media hesablarınızdan silinməsi, Gələcəkdə şirkətimizin adının icazəsiz, qeyri-dəqiq və ya manipulyativ formada istifadəsinə yol verilməməsini tələb ediri.
Tələblərimiz 12 saat ərzində yerinə yetirilmədiyi təqdirdə, Max Group MMC olaraq hüquqlarımızın müdafiəsi məqsədilə müvafiq qurumlara müraciət edəcəyimizi, o cümlədən:
-hüquqi proseslərin başlanılması, dəlillərin toplanması və rəsmən təqdim edilməsi, reket jurnalistika faktının araşdırılması üçün aidiyyəti dövlət orqanlarına müraciət olunacağını rəsmi şəkildə bildiririk.
Ümid edirik ki, məsələ hüquqi müstəviyə keçmədən, dərhal və konstruktiv şəkildə həll ediləcək.
Hörmətlə, Max Group MMC rəhbərliyi; E-mail: office@maxgroup.info.az Telefon: +994 50 228 21 85. Tarix: 26.11.2025”
Təsəvvür edirsiniz, Məşədi İbadın sözü olmasın, bizə rüşvət təklifi edən, fırıldaqçılıq, dələduzluq və etibardan sui-istifadə, vəzifə səlahiyyətini aşma və s. kimi əməllər törədən bizə reket jurnalistika «dərsi» keçir. Yəni: «Öz gözündə tiri görmür, başqasının közündə tük axtarır!».
Fərqanə xanımın həyat yoldaşı Elmin bəylə birgə yazdığı məktubdan çox gülməli məqamı təqdim edirik: “…Bu səbəbdən tələb edirik: “Max Group MMC haqqında dərc etdiyiniz qanunsuz, böhtan xarakterli məlumatların dərhal silinməsi, Şirkətimiz və əməkdaşlarımızla bağlı şəxsi məlumatların tam şəkildə platformanızdan və sosial media hesablarınızdan silinməsi, gələcəkdə şirkətimizin adının icazəsiz, qeyri-dəqiq və ya manipulyativ formada istifadəsinə yol verilməməsini tələb edirik”.
Əcəb işə düşmüşük də… İndi də bu ər-arvad cütlüyü məhkəmənin funksiyasını mənimsəyərək haqımızda “qətnamə” çıxarıb. Bu insanlar düşünmürlər ki, saytdan və ya qəzetdən hansısa yazının silinməsi qərarını məhkəmə verə bilər. Vətəndaşın belə bir məsələni tələb etməsi jurnalistin peşə fəaliyyətinə maneçilik törətməkdir ki, bu da cinayət məsuliyyəti yaradır.
Bu azmış kimi, görün, məktubun sonunda bu ər-arvad cütlüyü jurnalistə necə hədə-qorxu, el dili ilə desək, necə “xox” gəlir: “Tələblərimiz 12 saat ərzində yerinə yetirilmədiyi təqdirdə…».
(Davamı var)
-Bəs zərərçəkən Koyun Aysutümay Əli qızı Türkiyə Daxili İşlər Nazirliyinə və Azərbaycanın Türkiyədəki Səfirliyinə yazdığı məktubunda nələri açıqlayıb?
Elçin Məmmədli

