Əsas məzmuna keç

Mbappenin Mao ilə bağlı şərhi narazılıq yaradıb

İspaniyanın “Real Madrid” klubunun və Fransa milli komandasının hücumçusu Kilian Mbappe beynəlxalq qalmaqalın mərkəzinə düşüb. Oktyabrın 27-də Çinin bir sıra nəhəng şirkətləri fransalı futbolçu ilə reklam müqavilələrini birtərəfli qaydada ləğv etdiklərini bəyan ediblər.

Tezadlar.az xəbər verir ki, qalmaqala Mbappenin sosial şəbəkələrdə yayılan müsahibəsi səbəb olub.

Belə ki, futbolçudan sevdiyi internet memi barədə soruşulduqda, o, üzünün fotoşopla Çinin keçmiş lideri Mao Tszedunun fotosuna yerləşdirildiyi şəkli daha çox sevdiyini dilə gətirib.

Məlumat üçün bildirək ki, azarkeşlər son bir ildə fransalı ulduzu “Real”da və millidə qərarlara böyük təsir etməsinə işarə edərək zarafatla “diktator” adlandırırlar. Lakin Mbappe tərəfindən səsləndirilən sözügedən şərh Çin sosial şəbəkələrində və mediasında böyük narazılıq və qəzəb doğurub. Onun çıxışı ölkədə milli təhqir kimi qiymətləndirilib.

Həmin açıqlamadan sonra Çindəki biznes sektorunun reaksiyası da özünü çox gözlətməyib. Əməkdaşlığı dayandırdığını elan edən ilk tərəf energetik içkilər istehsalçısı “Dongpeng Beverage” şirkəti olub:

“Şirkətimiz milli hissiyyatları təhqir edən istənilən hərəkətə qətiyyətlə qarşıdır və buna dözümsüzlük nümayiş etdirir. Bu gündən etibarən Kilian Mbappe ilə hər növ əməkdaşlığı dayandırırıq”.

Daha sonra Çinin süd məhsulları nəhəngi “Mengniu” şirkəti də oxşar bəyanatla çıxış edərək futbolçu ilə müqaviləni ləğv etdiyini açıqlayıb.

Qeyd edək ki, hazırda Çinin onlayn platformalarından və küçələrindən Mbappenin iştirakı ilə olan bütün reklam materialları kütləvi şəkildə yığışdırılır. Futbolçunun özü baş verən insidentlə bağlı hələlik rəsmi açıqlama verməyib və üzr istəməyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…