…Bu gün aprelin 10-da BakıdaHeydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirildi. Bu tədbirə mən və “Təzadlar”ın iki əməkdaşı da dəvətli idik… İştirak etdik, amma və lakin…
XXX
Xatırladım ki, indiyədək bu möhtəşəm mərkəzin böyük zalında Rusiyanın, Belorusun, eləcə də Qazaxıstan, Özbəkistan və Qırğızıstanın… mədəniyyət günləri keçirilib, şəxsən iştirak etmişəm. Bütün bu mədəniyyət günləri möhtəşəm keçirilib, yaddaqalan olub, alqış sədaları zalı titrədib… Ənənəvi olaraq əvvəlcə mərkəzin ümumi foyesində Mədəniyyət Günləri keçirilən ölkələrin tarixini və mədəniyyətini özündə əks etdirən sərgi nümunələri, eləcə də milli mətbəx təamları və s. tamaşaçılara təqdim edilib.
GƏLİRƏM MƏTLƏBƏ: Qətər Azərbaycanla olduqca sıx əməkdaşlıqda və dostluq əlaqələrində olan müsəlman ölkələrdəndir. Bu ərəb ölkəsinin özünəməxsus tarixi və iqtisadi inkişaf yolu var. Mədəniyyəti və musiqisi də müsəlman ölkəsi kimi bizə çox doğmadır. Bugünkü Mədəniyyət Günlərində isə təsəvvür etdiklərimizdən əsər- əlamət yox idi. Niyə? Axı hər hansı ölkənin Azərbaycanda Mədəniyyət Günləri keçirilirsə, əvvəlcədən Azərbaycan Mədəniyyət Nazirliyinə proqram təqdim edilir, ona uyğun tədbirlər nəzərdə tutulur və təşkilati işlər görülür. Həmçinin qonaqların mənsubiyyəti, mədəniyyət günü keçiriləcək ölkəyə aidiyyəti və s. müəyyənləşdirilir.
Əvvəl iştirak etdiyim mədəniyyət günləri ilə müqayisədə bu dəfə demək olar bütün ölkələrin Azərbaycanda akreditə olunmuş səfirləri və Azərbaycanın ən seçilən mədəniyyət xadimləri iştirak edirdilər. Amma bu qədər hörmətli qonaqların iştirak etdiyi mədəniyyət günündə Qətər mədəniyyətindən – musiqisindən, rəqsindən… əsər- əlamət yox idi. Təqdimatlarda görmədik… Təsəvvür edin, adətən ən azı saat yarım- iki saat çəkən mədəniyyət tədbiri bu dəfə cəmi yarım saat oldu. Qətərin dinlənilməli olan o qədər gözəl musiqi və mahnıları olduğu halda, bu dəfə musiqi kollektivinin repertuarı o qədər bəsit idi ki, mənimlə yanaşı əyləşmiş Ukraynanın və digər ölkələrin səfirləri tədbiri vaxtından əvvəl tərk edib getdilər… Ərəb dilindən tərcüməçimiz isə yoxa çıxdı… Təsəvvür edin, o boyda Mərkəzin möhtəşəm səhnəsində cəmi 4 musiqi ifası və bir rəqs təqdimatı oldu. Duyumsuz və biz tamaşaçılar üçün maraqlı keçməyən bu musiqilərin ardınca səhnəyə hərəkətləri- ifası anlaşılmayan bir dəstə ayaqyalın rəqs qrupu gəldi. Bir- birini tamamlamayan ifaçı rəqqasların biri yıxılırdı, digəri başındakı çalmanı əli ilə tutub tullanırdı, digəri ritmik hərəkətlərini digər rəqqasla uyğunlaşdırıb tamamlamadan kənara tullanırdı və s. Bu nə ifa idi, anlaşılmırdı və məhz bundan sonra zalı tərketmələr artdı. İş o yerə çatdı ki, səfirlər tədbiri tərk etməkdə ikən, səhnədə durğunluq başladı, nəhayət, orkestr ifaçıkarı musiqi alətlərini yır- yığış etməyə başladı. Tərcüməçi yoxa çıxdığından tamaşaçılar başa düşmürdü ki, Qətər Mədəniyyət Günləri bitdi, yoxsa yox! Hamı ayaq üstə durub təqdimatçıları gözləyirdi ki, görsünlər nə baş verir. Nəhayət, orkestrin dirijoru və ifaçıları, musiqiçilər səhnəni tərk edəndə hamı başa düşdü ki, sən demə, tədbir bitib, xəbərimiz yoxdur.
BƏS MƏDƏNİYYƏTİMİZİN NAZİRİ ADİL KƏRİMLİNİN TƏŞKİLATÇI KOMANDASI HARA QEYB OLMUŞDU?
Təsəvvür edin, çaş- baş qalmış elitar tamaşaçılar ayaq üstə, pərakəndə və pəjmürdə vəziyyətdədir, tədbirin aparıcıları məlumat belə vermədilər ki, bu anlaqsız vəziyyətə son qoyulsun. Və açığı, təşkilati iş bu dəfə o qədər primitiv və başdansovdu idi ki, hətta Ukraynanın səfiri oturmağa yer tapmırdı, biz ona yer verilməsinə kömək edirdik…
Bu da bir yana, Qətərin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Taninin də iştirak etdiyi bu mədəniyyət gününün proqramına baxılmamışdımı?! Və bu qədər tanınmış insanları, mədəniyyət xadimlərini və çoxsaylı ölkələrin diplomatlarını Bakının bu yağışlı, küləkli və soyuq havasında, eləcə də tıxaclı yollarında bura niyə yığıb tökmüşdülər? Halbuki mərasimi daha maraqlı və rəngarəng etmək üçün bizim müğənnilərin ərəb dilində bir- iki mahnısını da səsləndirmək olardı. Eləcə də Qətərin Mədəniyyət Nazirliyinin rəsmilərinə başa salmaq olardı ki, ən azı Azərbaycanla bağlı bir- iki mahnını ərəb dilində- Qətər musiqisi ilə ifa etsinlər, bu çox gözəl olardı.
Yaxşı, cənab nazir, bu qədər görkəmli insanları- rəsmi şəxsləri, mədəniyyət xadimlərini və səfirləri bu 3-4 mahnı və bir anlaşılmaz səhnə quruluşlu rəqsə görə bu boyda H.Əliyev Mərkəzinə yığmışdınız???
Nə isə… Qonaqlar tamaşaçılar zaldan dağılışandan sonra Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin bir neçəsindən nə baş verdiyini soruşdum, hamı narazı idi… Dediklərini bura yazmaq mənim üçün çox çətindir! Çünki Qətər Mədəniyyət Nazirliyinin bu məsələdə heç bir günahı yox idi. Günahı bu mədəniyyət gününə pul xərcləyən, zəngin proqram tutmalı olan Azərbaycan Mədəniyyət Nazirliyində axtarmaq lazımdır! Hətta hamı dağılışandan sonra səhnəyə nazirliyin adından gətirilmiş gül çələngi barədə isə başqa heç nə demək istəmirəm…
XXX
Bax belə… İnanaq ki, hörmətli nazir Adil Kərimli özünün də iştirakçısı olduğu bu günkü səliqəsiz tədbirdən nəticə çıxaracaq və gələcəkdə belə halın bir də təkrarlanmaması üçün lazımi iradəsini ortaya qoyacaq… Çünki qonağa hörmət yaxşı şeydir, amma qonaq da qonaq olduğu ev sahibinə hörmətini ortaya qoymalıdır ki…
Asif MƏRZİLİ