15 Dekabr 2025 / 16:29

Mehdiyevlə Kərimlini birləşdirən 2 ay 15 günlük həbs

“İnsan gərək dövlət, vətən, torpaq adı gələndə müxalifətçiliyini bir kənara qoysun”

…Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət ittihamı ilə 2025-ci oktyabrın 14-də ev dustağı olmaqla, haqqında 4 aylıq həbs qətimkan tədbiri seçildi. O vaxtdan bəri Azərbaycan mətbuatının gündəmi bu xəbərlərlə dolub-daşır. Hamı da haqlı olaraq bir fikri vurğulayır ki, R.Mehdiyev dövlət çevrilişi və xəyanəti təkbaşına edə bilməzdi. Deməli, R.Mehdiyevin çevrəsinə daxil olan iri buynuzlu  məmurların, necə deyərlər, akulaların kütləvi həbsini gözləmək bizlərin haqqıdır.

Amma ötən bu müddət ərzində yalnız R.Mehdiyevin köməkçisinin həbs edilməsi çox ciddi suallar yaradırdı. Axı niyə dövlət çevrilişində və vətənə xəyanətdə R.Mehdiyevə dəstək olanlar hələ də yüksək vəzifələr tuturlar? Bəlkə onlar elə vəzifədə ola-ola R.Mehdiyevin göstərişlərini yerinə yetirirlər? Ola bilməzmi? Əlbəttə, olar. Şərt o deyil ki, əllərinə silah alıb, dövlət çevrilişinə cəhd etsinlər. R.Mehdiyevin maralları bütün sahələrdə monopoliya yaratmaqla, qiymətləri süni yolla artırmaqla, daxildəki mal və qoyun ətinə dabaq xəstəliyi adı qoyub, Monqolustandan ölü və xəstə heyvan ətlərini gətirməklə, adi kiçik sexlərə, bərbərxanalara, dərizələrə müxtəlif bəhanələrlə iri məbləğdə cərimələr yazaraq, obyektləri bağlayıb işsizlərin sayını artırmaqla, yəni orta və kiçik sahibkarlığı məhv etməklə, yerli taksiləri sıxışdırıb, xarici taksi şirkətlərinə geniş meydan verməklə və s. yollarla əhalini dövlətdən narazı salmağa cəhd edirlər. Bütün bunları edənlər xəyanətkar deyilmi? Ona görə də əhalinin R.Mehdiyevə bağlı akulaların kütləvi həbsini gözləməsi tam məqsədəuyğundur. Nəzərə alsaq ki, R.Mehdiyevin Rusiyaya yazdığı məktubda 50 nəfərdən ibarət Siyasi Şura yaradılmasını təklif edir. Həmin 50 nəfərin hər birinin adı cəmiyyətə məlumdur, o cümlədən 2013-cü ilin Prezident seçkilərində müxalifət tərəfindən “Milyaderlər İttifaqı” deyilən bir Milli Şura da yaradılmışdı. O Şurada Rusiya Prezidenti V.Putinə yaxınlığı ilə seçilən sabiq baş nazirin müavini Abbas Ababasov, iş adamları Araz Ağalarov, Söyün Sadıqov və digərlərinin də adları var idi.
Amma “sən saydığını say, gör fələk nə sayır” prinsipi ilə fərqli hadisələr baş verdi. Hamı illərlə bu xalqın qanını soran vəzifədəki və Rusiyaya bağlı o akulaların həbsini gözlədiyi halda, kilkələrin kütləvi həbsinə qərar verildi. AXCP sədri Əli Kərimlinin dekabrın 1-də həbsi bu dediklərimizə sübutdur. Mənim Ə.Kərimli ilə heç vaxt ədavətim olmayıb. Amma siyasətçi kimi mən bu adamı qəbul edə bilməmişəm. Bir də ki, Ə.Kərimli məmur deyildi və heç bir vəzifə daşımırdı. Buna baxmayaraq, adına R.Mehdiyevlə eyni maddə yazılıb. Bundan başqa, Ə.Kərimli ilə yanaşı AXCP-nin Məclis üzvü Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, mühafizəçi Ruslan Əmirli, Sabunçu rayon təşkilatının rəhbəri Fariz Əlizadə və keçmiş Gədəbəy rayon təşkilatının sədri, rayonun sabiq İcra başçısı Saleh Rüstəmli də saxlanılaraq Bakıya gətirilib. Həmçinin sabiq millət vəkili Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli də Türkiyədə saxlanılmış və Azərbaycana deportasiya olunmuşdur. Bütün bu həbslər R.Mehdiyevin cinayət işi ilə əlaqələndirilir.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP sədri Ə.Kərimli və Məmməd İbrahimə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin Konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülmüşdür. 1 dekabr 2025-ci ildə Səbael Rayon Məhkəməsi Ə.Kərimlinin 2 ay 15 gün müddətinə həbs edilməsi barəsində vəsatəti təmin etmişdir.
Maraqlıdır, elə deyilmi? Niyə R.Mehdiyevin vəzifəyə yerləşdirdiyi və bu gün də xalqı soyub-talayan akulaları yox, heç bir vəzifəsi, həmçinin cəmiyyətdə heç bir nüfuzu olmayan xırda balıqlar, yəni kilkələr həbs olunur? Özü də daha bir maraqlı məqam ondan ibarətdir ki, niyə Ə.Kərimli 2 ay 15 gün müddətinə həbs edilir? Adətən, məlum ağır maddələrlə ittiham edilənlər üçün 3, ya da 4 ay həbs qətimkan tədbiri seçilir. Bəs niyə Ə.Kərimli məsələsində bu ənənə pozularaq, 2,5 ay müddətinə həbs qərarı verilir? İndi bu məsələyə aydınlıq gətirərik.
Deməli, 2025-ci il oktyabrın 14-də R.Mehdiyev haqqında cinayət işi açılır və ev dustaqlığı həbs qətimkan tədbiri seçilir. R.Mehdiyevin həbsindən 1 ay 15 gün keçəndən sonra, yəni dekabrın 1-də Ə.Kərimli 2,5 ay müddətinə həbs edilir. Deməli, dekabrın 1-də R.Mehdiyevin həbs müddətinin başa çatmasına 2,5 ay qalmış olur. Həmin gündə də 2,5 ay müddətinə Ə.Kərimli həbs edilir. Deməli, R.Mehdiyev və Ə.Kərimlinin həbs müddətləri bərabərləşdi və birləşdi. Yəni, köhnə dostlar bu məsələdə də bir oldular. İndi sual olunur: Niyə R.Mehdiyevin həbs müddətinin başa çatmasına 2,5 ay qalan zaman Ə.Kərimli də 2,5 aylığa həbs edilir? Məqsəd nədir? Bax, buradakı müəmmanı izah eləməkdə acizəm. Onu dəqiq bilirəm ki, burada nəyəsə hesablanmış bir iş var və bütün bunlar heç də təsadüfi olaraq baş vermir. Mən yenə də deyirəm, Ə.Kərimli ilə heç bir ədavətim. problemim yoxdur və necə deyərlər, Allah qapısını açsın! Bununla belə, demək istəyirəm ki, Ə.Kərimli düzgün olmayan siyasi fəaliyyəti ilə özünü və komandasını çoxdan gözdən salmışdı. Məsələn, 44 günlük Zəfərlə başa çatan müharibədən sonra Ə.Kərimli sosial şəbəkələrdə elə hey çıxış edərək deyirdi ki, bu qələbə yarımçıqdır. Hanı Xankəndi, Xocalı, Əsgəran, Hadrut və s. Amma o 44 gündə azad edilən torpaqlarımız üçün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilədi. Ali Baş Komandan Prezident İlham Əliyevə isə bircə dəfə də olsun təşəkkür etmədi. Nəhayət, 2023-cü ildə 23 saatlıq əməliyyat nəticəsində Ə.Kərimlinin adını çəkdiyi ərazilər də işğaldan azad edildi və Azərbaycanın suverenliyi tam bərpa olundu. Yenə də Ə.Kərimlidən Prezidentin ünvanına bir təşəkkür eşitmədik. Axı nə idi Ə.Kərimlini belə narahat edən ki, 30 il işğalda olan torpaqlarımızın azadlığına sevinmədi və bu torpağın azad olunmasının baş memarı Prezident İlham Əliyevə bircə kəlmə xoş söz demədi? Bəlkə R.Mehdiyevin rus ağaları belə məsləhət görmüşdü?! Elə ona görə bəlkə də bu 5 il ərzində işğaldan azad olunan ərazilərə gedib baş çəkməyən R.Mehdiyevlə Ə.Kərimlidir.
İnsan gərək dövlət, vətən, torpaq adı gələndə müxalifətçiliyini bir kənara qoysun. Məhz buna görə də 44 günlük Vətən Müharibəsi zamanı ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyalar, Musavat və AXCP-dən başqa, dövlət başçısının ətrafında birləşmək haqqında bəyanət imzaladılar. Belə də olmalı idi. Axı söhbət hamımızın yaralı yeri olan Qarabağ torpağının 30 illik işğaldan azad olunmasından gedirdi. Ə.Kərimli isə özünü bütün bunların fövqündə hiss edirdi. Hər halda istintaq öz sözünü deyəcək.
Elçin Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!