(Əvvəli bu linklərdə: https://tezadlar.az/atam-deyirdi-ne-qeder-ki-heyder-eliyev-var-azerbaycanin-da-prezidenti-o-olmalidir-jale-cavadova/
https://tezadlar.az/ilham-eliyev-ata-yurdumu-isgaldan-azad-etmis-prezidentdir-ve-jale-cavadova/)
-Siz tanınmış həkimsiniz, əvvəl Respublika Perinatal Mərkəzdə çalışırdınız… Xəstələrlə, həkim personalı ilə ünsiyyətlərinizdə sizə qarşı münasibətdə nəsə bir fərqlilik görürdünüzmü?
-Bir az çətin sualdır. Amma deyim: mənə qarşı heç bir yerdə məlum hadisələrlə bağlı hər hansı əks münasibətin şahidi olmamışam. Əksinə, kollektivdə xüsusi hörmət görmüşəm. Hətta bəzən daxilən narahat olurdum ki, kimsə biləndə ki, mən Rövşən Cavadovun qızıyam, daha fərqli, yüksək hörmət və münasibət bəsləyirdilər, onda özümü narahat hiss edirdim. Xəstələrim də eləcə…
-Bəs rəsmiyyətdən duyduğunuz münasibətlərdə necə?
-Heç vaxt… Bilirsiz ki, Respublika Perinatal Mərkəzdə yanğın oldu, mərkəz fəaliyyətini dayandırdı. Orada çalışanda da yüksək münasibət görmüşəm. Özünüz düşünün, yuxarıdan rəhbərliyə bir söz deyilsəydi, bu mənə münasibəti tamamilə dəyişdirərdi. Deməli, əksinə… Bəlkə də mənə digər həkimlərdən daha üstün bir münasibəti bəsləyiblər… Hazırda isə M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında çalışıram. Bu xəstəxananın rəhbərliyindən yerdən-göyə qədər razıyam, ən yüksək səviyyədə olan münasibtin və qayğının, diqqətin əhatəsindəyəm. Təfsilatınadək varmaq istəmirəm, Heydər Əliyev Fondundan da xüsusi diqqət görmüşəm. Şübhəsiz ki, bu diqqət şəxsən 1-ci vitse-Prezident Mehriban xanım Əliyevadan qaynaqlanan bir məsələdir, belə hesab edirəm…
-Sosial media platformanızda Mehriban xanımın ad gününə həsr etdiyiniz bir maraqlı təbrikə də rast gəlmişdim…
-Bəli, həmin təbrik mesajımda yazmışdım: “Fəxrimiz, çox dəyərli, əziz Mehriban xanım Əliyeva! Xoşbəxtəm ki, Allah bizləri Sizin kimi nümunəvi Lider xanım və dövlət adamıyla – Azərbaycanın birinci xanımı, Birinci vitse-prezidenti ilə eyni dövrdə yaşamağı nəsib edib. Bir qadının nə qədər sevgi dolu, nə qədər səmimi, nə qədər humanist, mərhəmətli, nə qədər güclü olması mümkündürsə, biz Sizdə bütün bu dəyərlərin cəmini gördük. Müxtəlif təbəqədən olan insanlara, uşaqlara, yaşlılara, kimsəsizlərə, şəhid ailələrinə həssas münasibətiniz, diqqətiniz, qayğı və dəstəyinizlə, milli-mənəvi dəyərlərimizə sahib çıxmaqla həm xalqın rəğbətini qazanmısınız, həm də parlaq fəaliyyətinizlə cəmiyyətə, dünya ictimaiyyətinə örnəksiniz. Bu gün Azərbaycan qadınının dünyaya təqdimatı məhz Sizin örnək simanızdır. Bir qadın, ana, vətəndaş olaraq Sizinlə qürur duyur və bu sevgini, hörməti qəlbimin səsi ilə Sizinlə paylaşıram.
Çox dəyərlimiz, sevimlimiz bizim Mehriban xanım! Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm! Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, millətimiz, dünyamız, ölkəmiz naminə həyata keçirdiyiniz layihələrdə, yorulmaz fəaliyyətinizdə bitib-tükənməyən nailiyyətlər arzulayıram.
Cavadova Jalə Rövşən qızı, həkim”.
-Jalə xanım, övladlarınızın barəsində soruşmaq istəyərdim…
-İki qızım, 5 nəvəm var… Qızımın ikisi də dövlət işində çalışır. Balaca qızım Nərmin qrafik dizaynerdir, xaricdə təhsil almışdır, bir neçə xarici dili bilir. O, Qarabağdakı “Ağıllı kənd” layihələrinin qrafik dizaynlarını şəxsən mənim qızım verir. Kürəkənim Prezident Administrasiyasında çalışır. Mənim, eləcə də qardaşım Laçının övladı Vətənə layiqli xidmət etməyə həmişə hazırdırlar, buna layiqdirlər.
-Sizə siyasi mühitimizə dair fərqli sual vermədim, səbəbini bilirsiniz… Bəlkə özünüzün ürəyinizdən keçən nəsə fikirləriniz var, buyurun, deyə bilərsiniz…
-Həyat bir imtahandır… Bizim ailə də, Azərbaycanın hər bir düşünən insanları da bu imtahandan çıxmışıq, hələ qarşıda fərqli imtahanlarımız da ola bilər. Əas odur ki, Azərbaycan itirilmiş torpaqlarının sahibidir, qalib ölkədir, başımız hər yerdə ucadır. Hər bir kəsin başına gələnlər də hesab edin ki, onun alın yazısıdır. Amma xoşbəxtik ki, biz Azərbaycanın itirilmiş torpaqlarının qaytarılması tarixini yaşayanlarıq. Dünya uzun müddət erməniləri qəhrəman kimi, bizi isə əzilən, ərazi itirən kimi tanıyırdı. Amma şükürlər olsun, cənab Prezident İlham Əliyevin sayəsində bu mif darmadağın edildi. Hətta nəinki işğal edilmiş o torpaqları özümüzə qaytardıq, həm də o torpaqların işğal edilməsi siyasətinə rəhbərlik etmişlər indi Bakıda məhkəmə qarşısındadır. Üstəlik, ermənilərin etnik təmizləmə siyasətinin yüz illər qurbanı olmuş Azərbaycan Qarabağda separatçılığa son qoymuşdur. Bu tarix şərəfli bir missiyanın bəhrəsidir! Bütün bunları bizə nəsib edən Allahımıza, bunu bizə yaşadan prezidentimizə minnətdar olmalıyıq… Sonda isə anamın və ailəmizin adından cənab Prezident İlham Əliyevdən, çox hörmətli Mehriban xanım Əliyevadan bir xahişimiz var: atam həqiqətən də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən bir əsgər idi… Çox istərdik ki, doğulduğu Laçında, yaxud başqa bir ərazidə atamın adına bir nişanə olsun ki, həm cəmiyyətimiz onun necə döyüşçü olduğunu bilsin, həm də bizim ailəyə, nəslimizə bir təsəlli olsun. Bir də xahişimiz budur ki, sabiq “OMON”çular var, onların demək olar hamısı müharibədən keçiblər, bədənlərində qəlpə gəzdirirlər, müalicəyə ehtiyacları var. Onların hamısı Prezidentin, Ali Baş Komandanın əsgəri olublar. Onlara bəraət verilsin, keçmiş döyüşçü kimi dövlət qayğısı ilə əhatə olunsunlar. Mən inanıram ki, bu müqəddəs Ramazan ayında ürəyimizdən keçən bu arzumuz tezliklə reallaşacaq…
-Müsahibə üçün təşəkkürümü bildirirəm.
-Sizə ailəmiz adından dərin minnətdarlığımızı bildiririk ki, heç vaxt bizi unutmamısınız, çünki atamın necə bir vətənpərvər olduğunu görmüşdünüz…
Asif MƏRZİLİ