Əsas məzmuna keç

Meksikada ikili vətəndaşlıqla bağlı islahat təsdiq gözləyir

Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir.

Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölkə Prezidenti Klaudiya Şeynbaum bildirib ki, bu tədbir Meksikanın xarici müdaxilədən qorunmasına yönəlib.

“Meksika prezidentlərinin yalnız bir bayrağı, bir vətəni və qorumalı olduqları bir xalqı ola bilər”, – Şeynbaum gündəlik mətbuat konfransında deyib.

İslahatı tənqid edənlər hesab edirlər ki, bu dəyişiklik ikili vətəndaşlığı olan şəxslərin siyasi hüquqlarını məhdudlaşdırır və hakim “Morena” partiyasının, eləcə də onun müttəfiqi olan siyasi qüvvələrin bəzi nümayəndələri üçün maneələr yarada bilər.

Düzəlişlər artıq Meksika Konqresinin hər iki palatası tərəfindən bəyənilib, daha sonra isə ölkənin 32 ştatının qanunverici məclislərinin əksəriyyətinin dəstəyini alıb.

İndi qanunvericilər konstitusiyaya uyğunluq barədə formal bəyannamə qəbul etməlidirlər, bundan sonra dəyişikliklər rəsmi bülletendə dərc olunacaq və qüvvəyə minəcək.

Hazırda Meksika Konstitusiyası prezidentin və qubernatorların ikili vətəndaşlığa malik olmasını birbaşa qadağan etmir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…