Əsas məzmuna keç

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabı-43-сü HİSSƏ

Məmməd Araz xatirələrdə: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

(Əvvəli ötən buraxılışda)

https://tezadlar.az/memmed-arazli-xatireler-gulxanim-feteliqizinin-omurden-yarpaqlar-kitabi-42-si-hisse/

 23-25 aprel – Dünən danışılmışdı ki, sabah saat 5-də Əli Həsənovun qəbulunda olmalıyıq. Getdik. Əli müəllim gəlişin səbəbini soruşdu:

– Əli müəllim, Məmmədin bir dərdi var, o da “Azərbaycan təbiəti” jurnalını yaşatmaq arzusu.

Bir az keçəndən sonra Məmməd aydın danışdı və söhbətləri baş tutdu. Əli müəllim söz verdi ki, jurnalın çapı üçün nə lazımdırsa onu edəcəkdir.

Əlimə Nəriman Həsənzadənin Məmmədə vurduğu teleqram düşdü. Məmmədin ad gününə vurulmuşdu.

“Ad günün mübarək, bu da bir zarafat. Yaşa şeirimizin şah qolu, yaşa ilhamlı ürək. Vətən Məmməd deyir, Məmməd.

Nəriman, Nazim Həsənzadələr.”

Bu teleqram Məmmədin 65 yaşının təbrikinə aid idi. Səmimi sözlər olduğuna görə yazdım.

13-14 may – Bu gün işdən gələndə İsa Həbibbəylinin çap etdirdiyi fotoalbomdan 10 ədəd, arasında da İsanın məktubunu gətirdi:

“Əzizimiz Məmməd müəllim!

Nəhayət ki, borcumu yerinə yetirib albomu çap etdirdim. Gülxanım müəllimənin danlağından qurtara bilsək, çox yaxşıdır. 10 ədəd kitab sizə göndərirəm. Məncə, pis çıxmayıb. Vaxtımın az, işimin çox olduğunu nəzərə almağınızı xahiş edirəm.

Təəssüf ki, kitabda bir neçə yerdə orfoqrafiya səhvi gedib.

Kitabımız mübarək olsun!

Sizə möhkəm can sağlığı, uzun ömür və daha böyük yaradıcılıq uğurları arzu edirəm.

Şəkillərin qalan hissəsi az vaxtda sizə çatacaqdır.

Görüşənədək.

Dərin hörmətlə: İsa Həbibəyli .       

12.5.99”

 

Bu gün Hikmət Ziya yadına düşmüşdü:

– Hikmət həmişə mənə deyərdi ki, əmi, mənə də bir şeir həsr elə.

– Yazdın ki.

– Hə, yazdım. Mən ona təmsil janrının aparıcısısan deyirdim. Bu sözdən yaman xoşu gələrdi.

20-21 may – Neftçaladan İmamverdi müəllimin oğlu bizə gəlmişdi:

– Məmməd müəllim, mənə atam da, icra başçısı Seyfəddin müəllim də dedilər ki, get, Məmməd müəllimdən bir xəbər bil, vəziyyətini bizə de. Deyəsən, rayonda görüş keçirmək istəyirlər.  Məmməd müəllim, böyük adamsınız. Yeganə şairsiniz ki, sizi həm iqtidar, həm də müxalifət çox istəyir.

Məmməd razılıq etdi:

– İmamverdi müəllimə salamımızı yetir, de ki, biz onun xətrini çox istəyirik.

Sonra Etibar məndən Məmmədin kitabını və şəklini istədi:

– Müəllimə, şəkli böyütdürüb divarda vuracağam.

Xahişini yerinə yetirdim.

Aşıq Muradın bir cümləsi yadıma düşdü:

Dağlar ağlamasa aran yanar…

Gözəl fikirdir. Yarımçıq misralar:

Nəfsimiz cütləşdi tamahımızla

Mənəmlik hissi də elə sürüşkən…

Bic də oldu, gic də oldu mənəmliyimiz

Uçurduq, dağıtdıq təbərrük nə var…

Əlimiz çatmadı, – ayağımızla

Və ya

Zirvədən oyana dağ yoxdur

Məzardan oyana insan evi.

– Məmməd, yarımçıq misraları işlə də.

Acıqlı-acqlı cavab verdi:

– At o tərəfə.

23 may – Vaxtı yadımda deyil. Azərbaycan respublikası gənclərinin II ümumrespublika forumu keçirilirdi. Rauf Məmməddən xahiş etdi ki, foruma teleqram yazsın. Teleqramın mətni:

“Azərbaycan gənclərinin II ümumrespublika forumu toplanışı iştirakçılarına!

Əziz gənclər, hörmətli dostlar! Yurdumuzun möhtəşəmliyi, milli müstəqilliyimizin daha da möhkəmlənməsi naminə keçirdiyiniz toplanış üçün sizi ürəkdən təbrik edirəm. Hər hünərli addımınız, xoşməramlı çıxış və çağırışlarınız, inamlı təkid və tələbləriniz xalqımızda böyük inam yaradır. Belə qeyrətli və qüdrətli gəncləri olan xalq məğlubedilməzdir.

Sizi alqışlayıram, hörmətli Prezident! Sizi bir daha təbrik edirəm, gənc dostlar!

Vətən oğlu, qılıncını ayıq saxla!

                                        Məmməd Araz.”

Lakin sonra teleqramını kiməsə verməyi lazım bilmədi.

24-28 may – Yenə də yarımçıq misralar? Oxu görək:

Mən özümü qurban verdim gözəllərə,

Duya bilmədim çəkdiyin cəfanı, gülüm.

 

Yoxluğu varlıq varlığı yoxluq

Bu necə insandır tanıyırmıyam

Və ya

Ölümün qapısı üzümə açıq,

Son ölüm zəngi var

Ya da

Hayıf bu ömrə, hayıf bu yaşa,

Çatır bir gədiyi aşası canım

 

Dedilərmi: Cabir qardaş, qısa elə:

Kürsüdə bu çıxışları

Dedilərmi: Almaniyada şairlər

çox az danışır.

– Çox yaxşı.

– Amma tam deyil axı.

– Onun gözəlliyi elə tam olmamasındadır.

– Bəs burda nə demək istəyirsən?

Yeddi Vətən çiçəyi, yeddi Vətən əsgəri…

–  Nə bilim…

Altmış üçdə oğlum oldu,

Bir cüt oğlum

Bir gündə mən paralanıb

Üç adam oldum.

– Bu isə əkizlərimizə aid idi.

İsa Məmmədi təbrik etdi:

– Belə bir gündə İstiqlal şairinin hüzuruna gəlib onu bayram münasibətilə təbrik etməmək olmaz.

– Niyə görünmürsən, ay İsa.

Rüstəm Behrudi söhbətə qarışdı:

– Məmməd müəllim XX əsrin poeziya dahisidirsə, Heydər Əliyev siyasət dahisidir.

Sonra Rüstəm üzünü mənə çevirdi:

– Gülxanım bacı, nə yaxşı güllərin var? Mən hər Türkiyəyə gedəndə oradan ancaq gül gətirirəm. Sənə də verərəm.

1-2 iyun – Söhbətarası Aydın, Rauf və Elman bildirdilər ki, bir qrup gənclər təşkilatı tərəfindən televiziya başçısına müraciət edilib ki, Məmməd Araz haqqında sənədli film çəkilsin.

– Bəs, Rövşən lirik klip-film çəkməli idi. O necə yalan çıxdı?

– O da bunun içində gedir, sənədli film çəkiləndə  istifadə edəcəklər, – dedi Elman.

– Məmməd, bütün nisyə söhbətlərə son qoyaq, gəl yarımçıq misralar səni dindirsin.

Danışa bileydim şehin dilində,

Qoparım günəşdən bir az təbəssüm

və ya

Bir dost tərifi üçün susuzlamışam

Bir qız gülüşüçün susuzlamışam.

– Məni bu misralar dindirmədi…

5-6 iyun – Çöldə ayaqaltını qaldırıb süpürmək istədim. Altından ərəb əlifbası ilə yazılıb qətlənmiş bir kağız çıxdı. Nə mən, nə də Məmməd ərəb əlifbasını bilmədiyimiz üçün kağızdakı sözlərin məzmunun bilmədik. Cırıb atdım.

Saat 5-də Sumqayıtda Mayıl adlı bir doktorun bağına qonaq getdik. Çox səmimi bir görüş oldu. Həkimin oğlu balaca Allahverdi rusca oxuduğuna baxmayaraq Məmmədin “Araz axır” poemasından bir parçanı əzbər söylədi. Bir azdan Sabir Rüstəmxanlı da gəldi. Söhbət əsnasında Sabir bildirdi ki, Məmmədin yaradıcılığında birdən-birə sıçrayış oldu. Amma Sabirin bu sözlərinə orada iştirak edənlərin hamısı etiraz etdi. Dedilər ki, Məmməd elə ilk qələmdən yaxşı yazmağa başlayıb.

14 iyun – Dünən prezidentə yazdığı teleqramı poçta apardım. Televiziyada gürcülərlə dostluqdan danışılırdı. Məmməd təəssüflə dedi:

– Onlar heç vaxt bizimlə ürəkdən dostluq etməz.

Həyətdə skamyada Şahmar Ələkbərzadə ilə oturub söhbətləşirdilər. Şahmar dilləndi:

– Beyləqan tərəfdə bir qrad alayımız var. Deyirlər ki, ora hər gün neçə ton benzin göndərilir, amma bir litr də gedib ünvanına çatmır. Satılır, pulu xüsusi ciblərə gedir. Əgər sabah ermənilər hücum etsələr oraları da bir göz qırpımında ala bilərlər. Eyni zamanda, bizi öz silahımızla vurarlar. Mən bunların şahidiyəm. Komandirlər əsgərləri evə buraxıb pul alır, yer boş qalır. Eh, nə qədər yazaq, nə qədər deyək, Məmməd müəllim. Xudu, Zeynal müstəqilliyimizi görmədi. Xududan soruşdum, niyə Türkiyəyə getmirsən? Cavabı bu oldu: Qorxuram ki, ürəyimdəki Türkiyəyə xələl gələr.

Şahmarın dərdi açılmışdı, ürəyini boşaltmağa çalışırdı:

– Füzulinin yubileyi əvəzinə Vaqifin, Zakirin yubileyini keçirsinlər, YUNESKO-nu da çağırsınlar, desinlər, hanı Vaqifin, Ələsgərin qəbri?

Danışa bilmədiyinə görə Şahmarın suallarına baş yelləməklə cavab verirdi, Məmməd.

Şahmara Məmmədin yarımçıq misralarını oxudum…

Mənim məhkəmə zalım

Orada özümü ittiham edirəm.

Şahidlər çağırıram,

Kitablar şahidim olur.

və ya

Havada buludda dərələr açmaq.

ya da

Qoyma məndən sonra qala dünyanı.

– Sənin də elə dərdin yarımçıq misralardır – sözümə acıqlandı Məmməd.

Sonra da Şəmkirə vurulacaq teleqramı köçürməyi tapşırdı:

                  “Şəmkir rayonu icra başçısı

                 Aslan Aslanov cənablarına

Hörmətli Aslan müəllim, Şəmkirdə çox yüksək səviyyədə keçirilən incəsənət işçilərinin yığıncağı, görüşü, gözəl bayram təntənəsi üçün, ilk növbədə Prezidentimizi, sizi və bütün Şəmkir camaatını ürəkdən təbrik edirəm. Əvvəldən-axıra qədər baxdım, hamısı əla, hamısı alqışa layiq. Bu, Şəmkir səhnəsindən xalqa bir daha göz aydınlığı idi. Sizə dərin hörmətlə.

                          Məmməd Araz.

                                        15 iyun 1999- cu il.”

(Davamı var)

Təqdim etdi: Asif MƏRZİLİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…