Məmməd Araz xatirələrdə: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:
(Əvvəli otən buraxılışda)
15-16 sentyabr – Yaqub Zurufçunun danışdıqları:
– Bu televiziyon ki, Amerikada açmaq istəyirik ona çəkilişlər etməklə məşğulam. Gəncədə idim, Arazın sahilinə gedə bilmədiyimə görə Kürün sahilində süni sərhəd yaradıb “Ayrılıq” mahnısına klip çəkmişik. Xeyli pul xərcləndi. Sizə gəlmək istəyirdim, ancaq imkan tapmadım. Məmməd müəllimi də çəkmək istəyirəm. Bəlkə saat beşdə gələrəm.
***
Bəxtiyar müəllim zəng etdi… Əvvəl Məmmədlə danışdı. Onların nə danışdığını bilmədim.
Bir xeyli keçəndən sonra Prezident Aparatından bir məmurun Məmmədlə danışmaq istədiyini bildirdilər(Oxu: Fatma Abdullazadə.RED.).
– Buyursunlar, gözləyirəm.
– Bir məsələ ilə əlaqədar olaraq sizə zəng etdim. “Təzadlar” qəzeti ki, var, olub bir faşist qəzeti. Əvvəl Xudu müəllimin şəkli ilə çap olunurdu. Onun redaktoru yaman cığallıq edir. Bir qrup yazıçı Heydər Əliyevin yanına gəlmişdilər. Onlar prezidentə dedilər ki, bu necə olur, belə bir qəzetin redaksiya heyətində Bəxtiyar, Məmməd Araz kimi şairlərin adı var. Mən Bəxtiyar müəllimlə də danışmışam. Bəxtiyar müəllim bildirdi ki, o qəzet çap olunanda biz Xudunun ətrafına yığışmışdıq. Mənim sözlərimi Məmməd müəllimə çatdırın, qoy fikirləşsin, sonra siz mənə çatdırarsınız.
– Vallah, bizə lazım olanda sizi bizimlə calaşdırmırlar. Özünüz zəng edərsiniz.
Sözlərini olduğu kimi Məmmədə çatdırdım.
Bəxtiyar müəllim təzədən telefonla danışdı:
– Ay bacım, mən bayaq Məmmədlə də danışdım. Sən evdə deyildin, sizinlə danışdılarmı? Onlara dedim ki, demokratiyadır, danışırlar. Qəzetdə nə yazılıb ki, elə bir şey deyilmir. Asif Mərzili prezidentə açıq məktub yazıb. Yazıb ki, Qarabağ əldən gedir. Bizim varımız da, əhalimiz də, qoşunumuz da ermənilərdən çoxdur. Prezidentimiz niyə Köçəryanın yanında pərt oturmalıdır? Niyə? Dedim ki, burada pis nə var ki? Deyir ki, yox, qəzet Murtuzu da söyür. Mənə həmişə hücumlar olanda “Təzadlar” qəzeti məni müdafiə edib.
– Sizin işiniz pis olacaq, Bəxtiyar müəllim. Redaksiya heyətindən çıxsanız xalq sizi söyəcək, çıxmasanız hökümət.
– Elədir, qəzetdə mənim və Məmmədin adını çəkiblər. Yazırlar ki, biz bu xalq şairlərindən problemlərin həllində çox şey gözləyirdik, ancaq onlar susurlar. Sən bir Asif Mərzili ilə danış, gör nə edirsən. Hələ bizimlə pişim-pişim danışıblar, Nurəddinin üstünə isə hücum çəkiblər.
– Yaxşı, Bəxtiyar müəllim, danışaram.
– Hə bala, danış görək.
***
Axşam Cəfər və Hümmət qonağımız oldu. Cəfər qardaş:
– Bacı, qardaşın Məmmədə həsr olunmuş 250 şeir toplayıb. 350-ə çatdırmaq istəyirəm, sponsor da tapmışam.
Hümmət doktor dilləndi:
– Məmməd Araz elə bir bulaqdır ki, onun suyu heç vaxt bulanmaz.
17 sentaybr – Qarabağ qaziləri aclıq aksiyası keçirirdilər. Aqil Məmmədə dedi:
– Əmi, dünən yasda idim, ona görə yanına gələ bilmədim. Sən özünü elə fağır aparma. Bu saat bir Məmməd Araz mifi var. Xalq səni elə sevir ki, səni bütləşdiriblər. Gəl səni sabah aclıq edənlərin yanına aparım. Sən və Bəxtiyar müəllim onlara baş çəkin. Bəlkə aclığı dayandırdılar.
Sonra həyətə düşüb Bəxtiyar müəllimlə görüşdülər.
18 sentyabr – Saat 1-də Bəxtiyar müəllimlə aclıq edənlərin görüşünə getdilər. Gələndə sürücüdən soruşdum:
– Məmməd danışa bilmir, nə oldu, aclığı dayandırdılar?
– İki 14-15 yaşlı uşaq var idi aralarında, onlar dayandırdılar. Fred Asifin qardaşı Səxavət.
19 sentyabr – Saat 11-ə yaxın Bəxtiyar müəllim zəng etdi:
– A bacım, qəzetləri oxuyurdum. “Yeni Müsavat” qəzetində Əbülfəz Elçibəy mənimlə Məmmədi tənqid edib. Orada nə mən, nə də Məmməd aclıq edənlərə heç nə demədik. Deyəndə də pis oluruq, susanda da…
Gedib qəzeti Bəxtiyar müəllimgildən götürdüm, Məmmədə oxudum. Elçibəy ziyalıları ittiham edir. Köçürürəm:
“Çox səhv ediblər…?!
BAB-ın yığıncağında BAB gənclər təşkilatının aclıq elən etmiş üzvlərinin xalq şairi B. Vahabzədənin və Məmməd Arazın təkidilə aksiyanı dayandırmaları barədə danışıldı. Bu barədə məlumatı əsəbiliklə qarşılayan Elçibəy dedi: – “Çox səhv ediblər, Bəxtiyar da, elə Məmməd Araz da. Bircə o qalmışdı ki, Bəxtiyar Vahabzədə əlində bir dəstə gül gəlib desin ki, ay aclıq keçirənlər, sizi təbrik edirəm. Niyə gedib Heydərə demirlər ki, bu nə oyundur açırsan camaatın başına. AZTV-ə nə vaxt qeyrətə gəlib o aclıq keçirənləri çəkib efirə verəcək ki, qoy dünya baxsın ki, xalq öz torpaqlarını vermir”. Belə davam edərsə, vətəndaş müharibəsinin labüdlüyünü bir daha vurğulayan Əbülfəz bəy “İqtidarın bizimlə qarşı-qarşıya durmağa gücü yoxdur” dedi.
Fəxrəddin Hacıbəyli”
Olduğu kimi köçürtdüm ki, gələcək oxucular görsünlər şairləri də tənqid edirlər.
24 sentyabr – Gecə yaman yağış yağırdı. Müxalifət mitinqə ciddi hazırlaşmışdı. Məmməd:
– Sabah mitinq olmayacaq
– Nə bilirsən – təəccübləndim.
– Çünki müxalifətdəkilərin çoxunun başı mənim başım kimi dazdır, çöldə də görmürsən nə güclü yağış yağır.
Söhbətdən yarım saat keçmədi ki, ANS-dən mitinqin təxirə salındığını xəbər verdilər.
– Gördün? – deyə Məmməd ürəkdən güldü.
Gündüz Ağalar zəng etdi.
– Gülxanım bacı, Məmməd əmi ilə Sərdar Cəlaloğlunun və İlyas İsmayılovun partiyası görüş keçirmək istəyir, məndən xahiş etdilər ki, sizə xəbər verim.
– Ağalar bu başdan deyirəm, vəziyyəti yaxşı deyil, görüşə gedə bilmir, buna fiziki gücü çatmır.
Səlim qoltuğunda papka ilə gələndə bilirdik ki, şeirlərini oxumağa gətirib. Şeirlərini Məmmədə oxuduqdan sonra Süleyman Dəmirələ həsr etdiyi şeirə əl gəzdirməyi Məmməddən xahiş etdi:
– Məmməd, bax burada bu sözlər düz gəlmir, mahnı yaxşı alınmır, bəlkə sən bu bəndi düzəldəsən.
Məmməd onun mahnısının bir bəndini yazdı.
– Gülxanım bacı, gəl səni YAP-a qəbul edim.
– Pensioner vaxtı neyləyirəm, ay Səlim, partiyanı?
– Bileti sumkanda gəzdirərsən, nəvələrin böyüyər, deyərsən ki, YAP-ın üzvüyəm, nəvələrimə iş verin. Mən də bileti sənə təqdim edəndə deyərəm ki, bax, Məmməd Arazın yoldaşı da YAP-a keçib.
– Yox, Səlim, qocayam.
27 sentyabr – Otağın pərdəsini çəkirdim. Stolun üstündə bu misralara rast gəldim:
Tül tutmayın pəncərəmə siz Tanrı
Qoyun baxım dan yerinə səhər-səhər…
Ayrı yarımçıq misralar
Hürəyən itlərin səsi alına,
Burada tezikmiş pişiklər
quyruğu kəsik.
Rəngi yox gecənin
Yarımçıq misraları Məmmədə oxudum.
– Yaxşı fikirdir. Bu misranı da ora yaz.
Qəribə gecə idi bu gecə vallah.
28 sentyabr – Jurnalın çapına vəsait çatışmadığına görə Məmməd yaman çırpınır. Bütün pullulara və dövlət məmurlarına məktub yazsa da “Azərbaycan təbiəti” jurnalının çapına heç kim pul buraxmaq istəmir.
– İşə gedirsən, orada bir iş görə bilirsən ki?
– Yazılara baxıram, Vəlinin başı qarışıb. İşdən çıxmaq istəyirəm.
Yarımçıq misralar:
Hər şeyi anladım uçrum başında,
Yetdim səadətə uçrum başında,
Yetdim ədalətə uçrum başında.
Və
Gözüm yoxdur, gözlüyüm var
Və ya
Mənə elə gəlir bütün bu dünya
Bir qoca anamın yerini vermir.
Və ya
Eşitməzdi dünya, görməzdi dünya
Eşitməz olanda, görməz olanda.
30 sentyabr – Məmmədlə Bəxtiyar müəllimin aclıq edənlərin yanına getməsilə əlaqədar müxtəlif lətifələr yaranmağa başlanmışdı. Onlardan biri:
“Əbülfəz Elçibəy aclıq aksiyasına qoşulacaq.
Gözünüzün qabağına gətirin: Elçibəy – … (sadalanır partiya liderləri) aclıq eləyirlər. Bir dəfə 11 gün aclıq aksiyası keçirdiyindən İsa Qəmbərin vecinə deyil. Elçibəy aclığa davam gətirə bilmir, geri çəkilməyi də təbii ki, özünə sığışdırmır. Görkəmli şairimiz B. Vahabzadəyə əl altdan xəbər göndərir: “İki məktəbli gəncdən aclığı dayandırmağı xahiş etmənizi yamanlamışdım və sizə əsəbiləşmişdim. Əgər dünyanın hər əziyyətinə düşüb-çıxmış mən aclığa davam gətirə bilmirəmsə, gör o iki məktəbli gənc nə əziyyət çəkirmiş?! Xahiş edirəm bir bizə də baş çəkəsiniz və məndən aclığı dayandırmağı təkidlə tələb edəsiniz. Qoy sonra camaat desin ki, Elçibəy neyləsin ki, o boyda ağsaqqal şair xahiş elədi, o da məcbur olub aclığı dayandırdı.”
Bəxtiyar Vahabzadə Məmməd Arazı da götürüb Elçibəyin sözünü yerə salmır, durub gəlir aclıq keçirənlərin qərargahına. Bir az ordan danışırlar, bir az burdan danışırlar. Xudahafizləşəndə Bəxtiyar müəllim deyir:
– Heç kəs Elçibəyə üz vurmasın, çünki xeyri yoxdur, dedi qurtardı. Mən də inanıram ki, Elçibəy ölüm aclığınacan gedəcək. Elçibəyin ölüm aclığına getməsi də dünyada həngamə qoparacaq, – sonra Məmməd Arazın qolundan tutub qalxır ayağa, – gedək, Məmməd, üz vurma ey, xeyri yoxdur. Elçibəyi heç kim yolundan döndərə bilməz.
Xalq şairləri qalxırlar ayağa. Çıxanda Bəxtiyar müəllim üzünü İsa Qəmbərlə, Əli Kərimə tutub xahiş edir: – Balalarım, siz cavansınız, xalqın ümidisiniz, sizdən xahiş edirəm aclığı dayandırasınız.
Məmməd Araz da deyir:
– Qoy Etibar Məmmədov da aclığı dayandırsın. O, da cavandır, o, da xalqın ümididir”.
Bu sözləri də olduğu kimi qəzetdən köçürmüşəm.
1-2 oktyabr – İsa müəllim AMİP-in qurultayına çağırış və anket gətirdi. O, isə səhhəti ilə əlaqədar gələ bilməyəcəyini söylədi. İsa anketi doldurdu və Məmməd qol çəkdi. İsaya Məmmədin təzə yazdığı “Dünya ağır eşidir” şeirini oxudum. Sonra İsa bir də özü oxudu:
…Yol kəsən bələdçi: yol azanlara.
Gördüm: görünməzdi haqq işin sənin,
Bir gediş onundu, bir gediş mənim,
Gördüm: əl tutanın əltutanı yox.
Gördüm: ədaları göydə gedənin,
Yer üstə bir sınıq nərdivanı yox…
…Sığmaz dediyimə deyəcəklərim,
Dünyanın qulağı qurğuşun dolu.
Eşidə-eşidə kardı bu dünya,
Və görə-görə də kordu bu dünya.
Çox səbri, dözümü yordu bu dünya.
Eşitməz olanda, görməz olanda…
Mən öz gördüyümü görmürəm, Allah!
Mən də bu dünyanı görə bilmədim,
Mən də bu dünyaya baxa bilmədim.
– Məmməd Araz, harda gizlədib bu fikirləri şeirdə üzə çıxarırsan? – dedi İsa.
Məmmədin üzünə xoş bir təbəssüm yayıldı.
Günorta yeməyini hazırlayırdım ki,Yaqub Zurufçu yoldaşı ilə gəldi. Özü ilə “Vətən desin” mahnısı yazılmış kaseti də gətirdi. Mahnı yaxşı alınmışdı, marş şəklində. Amma Yaqub sözləri təhrif edib oxuyurdu. İrad tutanda dedi:
– Bilirsən, söz gərək musiqiyə yatsın. Görünür o sözlər musiqiyə yatmadığı üçün musiqiyə uyğunlaşdırıb oxumuşam. Bu mahnını Müdafiə Nazirliyinə verəcəyəm. “Ayrılmazıq” mahnısı da çox gözəl alınıb. “Ayrılıq” mahnısının klipinə düz 20-30 min dollar xərclədilər. Sağ olsunlar iş adamları. Məmməd əminin sözlərinə həsr olunmuş kasetin şəklini belə istəyirəm – arada çay var, Məmməd əmi əlini mənə uzadır, amma əlimiz bir-birinə çatmır.
Xeyli söhbətdən sonra getdilər…
(Davamı var)
Təqdim etdi: Asif Mərzili







