(“Qısa hekayələr” silsiləsindən)
…Bazar günü, dekabrın 31-i idi, saat on biri keçmişdi. Amma mən yerimdən qalxa bilmirdim. Ürəyim bulanırdı, başım fırlanırdı. Vallah, uzanan yerdə, yıxılmamaq üçün hardansa tutmaq istəyirdim,.. Yaxşı ki, evdə heç kim yox idi, bayram bazarlığına getmişdilər. Dalbadal iki fincan şəkərsiz kofe içmişdim, amma özümə gələ bilməmişdim. Yenidən gəlib yerimə yıxılmışdım…
Yeri gəlmişkən, biz hər şənbə dostlarla yığışırıq, “yumağa” bir bayram tapırıq. Bu da bizim ənənədir, 2000-lərdən davam edir. Dünən də, yeriniz məlum, “Asiman”da oturmuşduq, yeni ilin şərəfinə “babat” vurmuşduq… Mən maşını restoranın həyətində qoymuşdum, taksi tutmuşdum. Sonrası yadıma gəlmirdi, bilmirdim “Vosmoy”a necə gəlmişdim. Evə liftlə qalxmışdım, ya 6-cı mərtəbəyə piyada çıxmışdım?! Qoca binamızın lifti də qocalmışdı, yarım əsri keçmişdi, ayın yarısını işləmirdi, istirahət edirdi. Mən də yaşda onları haqlamışdım, bu binada doğulmuşdum, bu həyətdə boya-başa çatmışdım. Amma mən istirahət etmirdim, hər şənbə-bazar arağın küpünə girirdim. Sonra bütün həftəni zorla özümə gəlirdim… Buna son qoymaq lazım idi…
Birdən… Başıma gələn original bir ideya ilə yerimdən atıldım. Mən bu gün arağın daşını atmalıydım, nəyin bahasına olursa-olsun, bu ağır yükü 2030-a aparmamalıydım. Artıq bizim onunla tanışlığımız dostluğa çevrilmişdi, 30 ili keçirdi. Ya mən onun axırına çıxmalıydım, ya da o, mənim axırıma çıxacaqdı. Artıq ürək sürətlə döyünürdü, böyrək, qara ciyər gecələr qapını döyürdü. Hər ehtimala qarşı, bir fincan da kofe içdim, sonra qonaq otağına keçdim. Servantın aşağı gözünü açdım – bu şeytan yuvasını mən “bar” adlandırırdım. Baxdım, sampan-şərabdan başqa, 10 dənə yarım litrlik araq vardı. Mənimki bunlardı, Rusiya çarı, Finlandiya maralı, Fransa qazları da vardı. Araqları vedrəyə yığdım, birtəhər tualetə doğru addımladım…
Amma yolda fikrimi dəyişdim, butulkaları bir-bir unitaza tökmək istəmədim. Bu, həm vaxt aparacaqdı, həm də ləzzəti olmayacaqdı. Axı, mən özümə Yeni il hədiyyəsi hazırlayırdım, arağı birdəfəlik atırdım. Bu, bir az təmtəraqlı olmalı, yadda qalmalı idi. Yenidən qonaq otağına qayıtdım. Mətbəxdən yekə şirli qazan gətirdim. Araqları açıb bir-bir qazana boşaltmaq, sonra tualetə atmaq istəyirdim… Amma başıma daha bir original ideya gəldi. Mən onsuz da arağın daşını atırdım, stolun üstünə düzülmüş bu original içkilərin dadına baxmalıydım… Axırıncı dəfə…
Servantdan rumka götürdüm, “Fransız qazı”nın ağzını açdım, əlim əsə-əsə rumkaya 50 qram süzdüm.
Sonra butulkanı qazana tökdüm, rumkanı əlimə götürdüm. Şairin sözləri yadıma düşdü: “Kişi odu “vodka” çıxa cibindən, Baş ayıq oldu, kəs tulla dibindən…” Rumkanı şairin sağlıgına qaldırdım, birinci pis getdi.
Üstündən tez bir limon tikəsi atdım, kömək etdi. Rusiya çarını, Finlandiya maralını və başqalarını da bu minvalla ötürdüm getdi. İnsafən ikinci babat, üçüncü yaxşı, sonra lap yaxşı getdi. Ürəkbulanma-zad yox oldu, qazan da doldu, “qardaşlıq qəbirstanlığı” oldu. Rusların bir misalı var, ayrılıqdan qabaq mütləq oturmaq lazımdır. Mən də araqla ayrılmaqdan əvvəl oturdum…
Başıma gələn daha original bir fikirlə ayağa durdum – dosta xəyanət etmək kişilikdən deyildi. Adama nə deyərdilər?! Mən bu “kişi” ilə düz 30 ildir ki, dostluq edirdim… Mən araqsız 2030-a necə gedərdim?! Cəld mətbəxə keçdim, dolça, qıf gətirdim. Arağı “qardaşlıq qəbirstanlığı”ndan dolça ilə götürdüm, qıfla şüşə “tabut”lara tökdüm. Möcüzə baş vermişdi, əllərim əsmirdi. Şəkilli, etiketli “tabut”ların doqquzu doldu, amma biri boş qaldı. Mənim arağımı hansısa əclaf içmişdi…