“Təəssüf ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir. Azərbaycan isə beynəlxalq hüququn işləməməsinin ilk qurbanlarından biri olmuşdur”.
Tezadlar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.
“Torpaqlarımız işğal edildikdən sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr 27 il ərzində kağız üzərində qaldı və əgər biz öz torpaqlarımızı güc yolu ilə azad etməsəydik, onlar əbədi olaraq icrasız qalacaqdı. Bizim müharibəmiz ədalətli müharibə idi və biz öz ərazimizdə vuruşurduq. Biz heç bir başqa ölkəni işğal etməmişik, heç bir ölkəyə hücum etməmişik. Hərbi əməliyyatları BMT Nizamnaməsinin 51-ci maddəsinə, xüsusilə özünümüdafiə hüququna əsaslanaraq həyata keçirmişik.
İkinci Qarabağ müharibəsindən beş il keçdiyini nəzərə alsaq, aydın şəkildə görürük ki, bütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar yeni reallıqları qəbul edib. Beləliklə, biz yerindəcə reallıq yaratdıq. Mən bunu artıq bir neçə dəfə xatırlatmışam – ovaxtkı ATƏT-in Minsk qrupu ilə çoxsaylı görüşlərim zamanı onlar Azərbaycana reallıqları qəbul etməyi tövsiyə edirdilər. Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq və beynəlxalq hüququn pozulması ilə bağlı bütün arqumentlərim isə yenə də qəti səssizlik ilə qarşılanırdı.
Beləliklə, “yerdəki reallıqlar” məsələsi ortaya qoyulmuşdu. Mən də dedim: yaxşı, onda biz bu reallıqları dəyişəcəyik. Biz bunu etdik və bu gün bütün dünya bunu tanıyır. Qondarma “Dağlıq Qarabağ Respublikası” heç kim tərəfindən tanınmamışdı, bu, qeyri-qanuni bir qurum idi. Lakin bizim Qələbəmiz və azad edilmiş ərazilər üzərində suverenliyimiz bütün dünya, eləcə də Ermənistan tərəfindən tanınır.
Eyni zamanda, beynəlxalq münasibətlər son dərəcə gözlənilməz şəkildə inkişaf edir. Beynəlxalq hüquq faktiki olaraq işləməsə də, beynəlxalq arenadakı əsas oyunçular, – ən azı zahirən, – beynəlxalq hüquqa sadiq olduqlarını nümayiş etdirməyə çalışırdılar və qeyri-qanuni addımlar atarkən həmişə terminologiya ilə manipulyasiya etməyə can atırdılar, öz müqəddəratını təyinetmə anlayışından istifadə edilirdi, lakin bu prinsipin dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməli olduğu isə ya nəzərə alınmır, ya da bilərəkdən gözardı edilirdi”, – deyə Prezident İlham Əliyev bildirib.

