Azərbaycan Mərkəzi Bankı (AMB) Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş regional mərkəzi bank sədrlərinin dəyirmi masasında təmsil olunub.
Tezadlar.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, ölkəmizi tədbirdə qurumun sədr müavini Əli Əhmədov təmsil edib.
Tədbir çərçivəsində “Regional makroiqtisadi mənzərə”, “Aktivlərin və ehtiyatların idarə edilməsi”, “Yerli kapital bazarlarının inkişafı”, “Mərkəzi bankçılıqda süni intellekt və texnologiyalar” mövzularında panel müzakirələri keçirilib. Ə.Əhmədov “Aktivlərin və ehtiyatların idarə edilməsi” mövzusuna həsr olunmuş panelin əsas spikerlərindən biri kimi çıxış edib. Müzakirələr zamanı aktivlərin diversifikasiyası, strateji bölgüsü, likvidliyin təmin edilməsi və risklərin idarə edilməsinə dair formalaşan yeni yanaşmalar, eləcə də bu istiqamətlərin regionun mərkəzi bankları üçün əhəmiyyəti diqqət mərkəzində olub.
Gürcüstan Milli Bankı ilə “J.P. Morgan” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin, eləcə də digər regional mərkəzi bankların rəhbərlərini bir araya gətirib.







