Əsas məzmuna keç

Meta şirkəti öz platformalarındakı “saxta reklamlar”a görə məsuliyyətə cəlb edildi

Almaniyadakı Frankfurt Regional Məhkəməsi ABŞ-da yerləşən texnologiya şirkəti Meta-nın Facebook və Instagram platformalarında üçüncü tərəflər tərəfindən dərc edilən saxta reklamlara görə qanuni məsuliyyət daşıdığına qərar verib.

Tezadlar.az xəbər verir ki, iddia onlayn maliyyə məhsulları üçün müqayisə kalkulyatorları, test hesabatları və istehlakçı təlimatları təklif edən və tanınmış təsisçisi ilə birlikdə İnstaqramda 600.000-dən çox və Facebook-da 29.000-dən çox izləyicisi olan bir maliyyə portalı tərəfindən qaldırılıb.

Frankfurt Regional Məhkəməsi Meta-ya saxta reklamları dayandırmağı, zərərçəkənlərə kompensasiya ödəməyi və bu reklamlardan əldə etdiyi kommersiya mənfəətini açıqlamağa qərar verib.

Məhkəmə sənədlərinə görə, naməlum şəxslər maliyyə portalının korporativ loqosundan və təsisçinin şəkillərindən icazəsiz istifadə edərək platformalarda saxta maliyyə məhsullarını reklam ediblər.

İddiaçı şirkət təkcə 2024-cü ilin avqust ayında Meta-ya təxminən 260 belə pozuntu barədə məlumat verdiyini, lakin texnologiya şirkətinin bu məzmunu silməsi üçün 62 gün vaxt sərf etdiyini bildirib.

Məhkəmə saxta reklamların şirkətin korporativ imic hüquqlarını və təsisçinin şəxsi hüquqlarını ciddi şəkildə pozduğuna qərar verib.

“Alqoritmik nəzarət səbəbindən məsuliyyətdən azadolma tətbiq edilmir”

Məhkəmə əsaslandırılmış qərarında Meta-nın məzmundan xəbərsiz olması ilə bağlı müdafiəsini rədd edib. Qərarda platformanın sadəcə xronoloji istifadəçi axını təklif etmədiyi, əksinə, alqoritmlər və avtomatlaşdırılmış reklam hərrac sistemləri vasitəsilə məzmun üzərində birbaşa nəzarətə malik olduğu vurğulanıb.

Bu səbəbdən, məhkəmə, həmçinin Avropa Ədalət Məhkəməsinin (ECJ) son qərarına istinad edərək, Meta-nın Avropa Birliyinin Rəqəmsal Xidmətlər Qanunu (DSA) çərçivəsində məsuliyyətdən azadolmalardan faydalana bilməyəcəyinə qərar verib.

Qərara əsasən, ABŞ texnologiya şirkəti həmçinin iddiaçıya bu saxta reklamlardan əldə etdiyi bütün gəlirlərin təsnifatını təqdim etməli olacaq.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…