Demokrat Partiyasının Xarici İşlər Komitəsinin yüksək vəzifəli üzvü Qreqori Miks silahların beynəlxalq hüquqa uyğun olaraq istifadə olunmayacağı ilə bağlı narahatlıqlarını əsas gətirərək Donald Tramp administrasiyasının İsrailə 2,8 milyard dollarlıq silah satışını təsdiqləməyəcəyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, Xarici İşlər Komitəsinin ən yüksək vəzifəli Demokrat üzvü olan Miks administrasiyanın İsrailə çoxlu miqdarda silah satmaq qərarı ilə bağlı narahatlıqlarını ABŞ-da yerləşən bir şirkətə məxsus sosial media platformasında bölüşüb.
Miks bildirib ki, İsrailin təhlükəsizliyinə sadiqliyi dəyişməz qalsa da, 40.000 bir tonluq bombanın satışı onların Qəzza və Livanın sıx məskunlaşmış ərazilərində potensial istifadəsi ilə bağlı ciddi və həll olunmamış narahatlıqlar doğurur.
Demokrat konqresmen bildirib ki, “Lakin Tramp administrasiyasının arsenalımızdakı ən dağıdıcı sursatlardan bəziləri olan 40.000 bir tonluq bomba satmaq təklifi, bu sursatların Qəzza və Livanın sıx məskunlaşmış ərazilərində necə istifadə edilə biləcəyi ilə bağlı ciddi və həll olunmamış narahatlıqlar doğurur”.
“Buna görə də, mən bu satışı hazırda təsdiqləməyəcəyəm”, – deyə Miks bildirib və əlavə edib ki, Konqres İsrailin qanuni müdafiə ehtiyaclarını dəstəkləməyə davam edir, lakin ABŞ tərəfindən maliyyələşdirilən silahların qanuni və məsuliyyətli şəkildə istifadə olunmasını təmin etmək istəyir.
ABŞ-da administrasiya xarici ölkələrə silah satışı barədə Konqresə rəsmi olaraq məlumat verməlidir və qərar Konqresdə NATO üzvləri və bəzi müttəfiq ölkələr üçün 15 gün, digərləri üçün isə 30 gün davam edən nəzərdən keçirmə prosesindən keçməlidir.
Həm Senat, həm də Nümayəndələr Palatasının xarici əlaqələr komitələri xarici ölkələrə silah satışında mühüm rol oynayır.
ABŞ-dan İsrailə 2,8 milyard dollarlıq silah satışı
15 sentyabr çərşənbə axşamı günü ABŞ administrasiyası qeyri-rəsmi olaraq Konqresə İsrailə 2,8 milyard dollarlıq silah satışını təsdiqlədiyini bildirib.
Bu bildirişə əsasən, ABŞ administrasiyası İsrailə hər biri təxminən 1 ton ağırlığında olan 20.000 MK-84 və 20.000 BLU-117 bombasının satışına icazə verib. Eyni paket həmçinin 20.000 ədəd I-2000 Penetrator döyüş başlığının satışını təsdiqləyib.
Əgər bu silah satışı baş tutarsa, bu, son illərdə ABŞ-dan İsrailə edilən ən böyük tək silah satışı olacaq.
Bu satış ABŞ-ın İsrailə hər il verdiyi təxminən 3,3 milyard dollarlıq “hərbi xarici yardım”ın bir hissəsi olacaq və buna görə də bu məbləğ Amerika vergi ödəyicilərinin cibindən gələcək.
ELBAR






