Əsas məzmuna keç

Milli Məclis Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib

milli meclis x x

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. Tezadlar.az xəbər verir ki, Bəyanatda deyilir:

“Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələb edən BMT TŞ-nin 4 qətnaməsi və digər sənədləri özü icra edib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ölkəmizin tarixində dönüş mərhələsi təşkil edib. Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm Zəfəri Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlarımızın böyük bir hissəsinin azad edilməsinə, yeni siyasi reallıqların yaranmasına və regionda yeni geosiyasi vəziyyətin formalaşmasına gətirib çıxarıb.

Azərbaycan Respublikası dövlətimizin ərazi bütövlüyünün təmin olunması və işğal edilmiş torpaqların azad edilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum dörd qətnamənin və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasını təmin edib.

Bu tarixi Qələbənin əldə edilməsi uzun illər ərzində dövlətimizin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, milli təhlükəsizliyin təmin edilməsi, müdafiə potensialının artırılması, müasir və mütəşəkkil ordunun yaradılması, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və tarixi şüurunun dərinləşdirilməsi istiqamətində məqsədyönlü şəkildə aparılan işlərin nəticəsi olub.

44 günlük Vətən müharibəsində Qələbənin ən mühüm amili Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi və hərbi rəhbərliyi oluc. Döyüş əməliyyatlarının gedişi şəraitində dövlət idarəçiliyinin, Ordunun və cəmiyyətin birliyi, operativ qərarlar qəbul etmək və qarşıya qoyulmuş məqsədlərə nail olmaq qabiliyyəti mühüm rol oynayıb.

Onun nümayiş etdirdiyi sərkərdəlik məharəti, sarsılmaz siyasi iradəsi və strateji düşüncəsi müəyyən olunmuş hədəflərin əldə edilməsinə müstəsna töhfə verib.

Hərbi Qələbə Vətən qarşısında hərbi borcunu şərəf və ləyaqətlə yerinə yetirən Azərbaycan əsgər və zabitlərinin mərdliyi və qəhrəmanlığı sayəsində əldə edilib. Azad olunmuş hər bir şəhər və kənd, hər bir yüksəklik onların şücaətinin şahidi olub. Bir çox hərbi qulluqçular “Vətən Müharibəsi Qəhrəmanı” adına və digər yüksək dövlət mükafatlarına layiq görülüblər.

Torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün canından və qanından keçmiş Azərbaycan oğullarının mərdliyi və qəhrəmanlığı xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən biridir. Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarını kobudcasına pozaraq mülki əhaliyə qarşı dəhşətli cinayətlər törədiblər. Cəbhə xəttindən uzaqda yerləşən şəhər və qəsəbələrə ballistik raketlər və qadağan olunmuş silahlar, o cümlədən kaset tipli döyüş sursatları ilə edilən hücumlar müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdir. Bu qanlı cinayətlər nəticəsində yüzlərlə insan, o cümlədən 100-dən çox mülki şəxs həlak olmuş, 450-dən çox insan yaralanıb. Düşmənin törətdiyi əməllərə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüququn normalarına riayət edib, düşmənin hərbi qüvvələrini və hərbi obyektlərini hədəf almış, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasının qarşısını almağa çalışıb. Torpaqlarımız döyüş meydanlarında qəhrəmancasına şəhid olmuş hərbçilərimizin, əsgər və zabitlərimizin, qazilərimizin canı və qanı bahasına azad edilib. 2020-ci ilin payızında başlanmış hərbi-siyasi proseslər üç il sonra davam etdirilib. 2023-cü il sentyabrın 19-dan 20-dək keçirilən birgünlük antiterror əməliyyatının nəticəsində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin fəaliyyətinə son qoyulub, Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilib. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu olub.

Azərbaycan xalqının ictimai şüurunda 27 Sentyabr – Anım Günü, 8 Noyabr – Zəfər Günü və 20 Sentyabr – Dövlət Suverenliyi Günü mahiyyətcə fərqli məna daşıyır.

Anım Günü azadlığımızın hansı qurbanlar hesabına əldə edildiyini xatırladır. Zəfər Günü ədalətin təntənəsini təcəssüm etdirir. Dövlət Suverenliyi Günü isə Azərbaycan dövlətinin suveren hüquqlarının onun bütün ərazisində bərpa olunduğunu ifadə edir.

Azərbaycan dövləti şəhid ailələrinin və qazilərin sosial müdafiəsini, tibbi yardımını, mənzil təminatını və digər sosial məsələlərini daim diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə məqsədyönlü və davamlı tədbirlər həyata keçirir.

Ölkədə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ardıcıl işlər aparılır. Memorial komplekslər, abidələr və heykəllər yaradılır, küçələrə və yaşayış məntəqələrinə müharibə iştirakçılarının və qəhrəmanlarının adları verilir. Azərbaycan Respublikası Milli Məclisi Vətən naminə canını qurban vermiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramını bildirir, döyüş meydanlarında həyatını təhlükəyə ataraq böyük Qələbəmizə töhfə vermiş əsgər və zabitlərimizin qəhrəmanlığını yüksək qiymətləndirir. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi doğma torpağa məhəbbətin və qəhrəmanlığın ən yüksək təzahürü kimi xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Onların qəhrəmanlığı heç zaman unudulmayacaq, xalqımızın və dövlətçilik tariximizin şərəfli səhifəsi kimi daim xatırlanacaqdır. Azad, güclü, vahid və suveren Azərbaycan şəhidlərimizə ən böyük abidədir”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…