Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhətində ciddi problem yarandığından Onkoloji Mərkəzə aparılıb. Ehtiram Əliyevin oğlu Elvin Əliyev “Təzadlar”a zəng edərək bildirdi ki, atasının vəziyyəti kəskin pisləşdiyindən onu Onkoloji Mərkəzə gətiriblər, lakin burada onun xəstəliyinə diaqnoz qoymaq mümkünsüz sayılıb: “Bizə dedilər ki, atamın səhhəti ilə bağlı vəziyyətində kəskin problemlər və mürəkkəblik var, ona görə də Azərbaycanda ona diaqnoz qoyulması və müalicəsinin davam etdirilməsi mümkünsüz sayılır… Burada, sağ olsun, baş həkim dünən Səhiyyə Nazirliyinə zəng etdi, orda məsul şəxs olan Fazil müəllimlə danışdı, bildirdi ki, Milli Qəhrəmanın xəstəliyinə diaqnoz qoyulması üçün onun xarici ölkələrdən birinə göndərilməsi zərurəti yaranıb, lakin bu nazirliyin səlahiyyətinə aiddir. Fazil müəllim də bildirdi ki, məsələ ilə bağlı Onkoloji Mərkəzə və bizə məlumat veriləcək. Lakin hələ də heç bir məlumat yoxdur. Atamın səhhəti isə olduqca kəskindir, biz çox narahatıq…”.
Redaksiya Səhiyyə Nazirliyi ilə əlaqə saxlamağa çalışır. İnanırıq ki, tezliklə problem həllini tapacaq.
Əlavə məlumat veriləcək.
A.Məmmədli
P.S. Ehtiram Əliyev 1972-ci il 1 avqustda Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. 1992-ci ilin iyunun 5-dən 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. Onu Naxçıvana göndərirlər. Hərbi təlimlər keçən Ehtiram Sədərəkdə və Batabat yaylağında əsl qəhrəmanlıq səhifələri yazır… Onu 1993-cü ildə Ağdam cəbhəsinə göndərirlər. 1994-cü il 5 yanvar döyüşçülərimiz hücum edərək erməniləri 45 km geri oturda bildilər bu döyüşdə Ehtiram yaralanmasına baxmayaraq silahı yerə qoymur, müalicə olunan kimi yenidən səngərə dönür. 20 aprel 1994-cü ildə onu Tərtər cəbhəsinə göndərirlər. Bu döyüşlər zamanı onlarla erməni qulduru məhv edilir. 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücayətə görə ona Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli 307 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. O, 1996-cı ildə ordudan tərxis edilib. Ailəlidir. Bir qızı, iki oğlu var.







