Əsas məzmuna keç

“Mini” NİİS hazırlanır – AYNA iflasa uğramış əvvəlki 110 milyonluq layihədən ibrət götürəcəkmi?..

Yeni “mini” Nəqliyyatı İntellektual İdarəetmə Sistemi hazırlanır.
AYNA ictimai nəqliyyat şəbəkəsinin diaqnostikası və süni intellekt platformasının yaradılması üçün tender elan edib.
Tenderin ehtimal olunan dəyəri 3 milyon manatdır. Bu məbləğə sistemin hazırlanması və birillik texniki dəstək daxildir.
Bunu Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz  bildirib.
“Açıqlanan şərtlərdən görünür ki, yeni platformanı ictimai nəqliyyatın idarə olunması üçün “mini” intellektual sistem hesab etmək olar.
Sistem avtobusların hərəkəti, sərnişin ödənişləri, marşrutlar və digər məlumatlar əsasında gecikmələri, sıxlığı, sərnişin tələbatını və problemli istiqamətləri təhlil etməlidir.
Əlbəttə, düzgün qurularsa və nəticələr əsasında qərarlar qəbul edilərsə, bu platforma ictimai nəqliyyatın planlaşdırılması və xidmətin keyfiyyətinin yüksəldilməsi üçün faydalı ola bilər.
Layihə çərçivəsində süni intellekt əsaslı agent də yaradılacaq. AYNA əməkdaşları ona suallar verərək nəqliyyat şəbəkəsi ilə bağlı məlumatları əldə edə, daha doğru qərarlar verə biləcəklər.
Göründüyü qədərilə sistem birbaşa vətəndaşlara deyil, əsasən AYNA-nın təhlil və qərarvermə fəaliyyətinə xidmət edəcək. Vətəndaşlar isə onun nəticələri əsasında görüləcək tədbirlərdən faydalana bilərlər.
Xatırladıram ki, AYNA-nın artıq bir neçə rəqəmsal sistemi var. Map AYNA marşrut və dayanacaqlar haqqında məlumat verir, AYNA MaaS isə səfərləri planlaşdırmağa imkan yaradır. Qurumun sərnişindaşımaları izləyən monitorinq imkanları da mövcuddur.
AYNA mövcud və yeni qurulacaq sistemlərin qarşılıqlı əlaqələri, inteqrasiyası və təkrarlanmaların necə qarşısının alınacağı haqqında hələlik açıqlama verməyib.
AYNA-nın indiki təşəbbüsü bir vaxtlar böyük gözləntilərlə yaradılmış Nəqliyyatı İntellektual İdarəetmə Sistemini də yada salır. 110 milyonluq bu layihə qarşıya qoyulan vəzifələri icra edə bilməyərək əsasən iflasa uğrayıb. Azərbaycanın rəqəmsallaşma tarixində ən böyük uğursuz layihələrdən biri hesab olunur.
Hazırda onun bəzi komponentlərinin işlək olduğu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi DİN tabeliyində fəaliyyət göstərir.
Düşünürəm ki, AYNA əvvəlki təcrübəni ciddi təhlil etməli, uğursuzluqların səbəblərindən nəticə çıxarmalıdır. Köhnə sistemdən hansı imkanların qaldığı və onlardan faydalanmaq haqqında düşünmək də faydalı olardı.
Yeri gəlmişkən, AYNA-nın 3 milyonluq bu layihəsi üzrə yeni qaydalara və tələblərə uyğun olaraq RİNN-dən texniki və səmərəlilik baxımından məqsədəuyğunluq rəyi alınması haqqında açıqlama verilməyib.
Maraqlıdır ki, AYNA RİNN tabeliyindədir, belə olan halda isə belə bir rəyin verilməsi üçün müstəqil ekspertiza da faydalı olardı
İstənilən halda, gündəlik həyatımıza təsir edən bir problemin həllinə yönəlik layihə əlbəttə, faydalıdır. Sadəcə elə etmək lazım ki əvvəlki pis təcrübə təkrarlanmasın.
Ümid edirəm AYNA-nın tenderi ədalətli formada başa çatacaq, layihənin hazırlanması, icrası şəffaf və hesabatlı formada təşkil olunacaq.
Müstəqil ekspertləri də dəvət etməklə, nəqliyyatın və sərnişinlərin hansı problemlərinin həll olunacağı baxımından qiymətləndirmə aparılacaq, müzakirələr keçiriləcək”, – deyə o qeyd edib.
Y.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…