Misir Mərdanovun BDU-ya kafedra müdiri təyinatına etiraz
Keçmiş təhsil naziri, BDU-nun sabiq rektoru, bu il 80 yaşını qeyd edəcək Misir Mərdanovun hansısa yüksək vəzifəyə təyin olunması ilə bağlı dünən mediada xəbər yayılıb. Təhsil üzrə ekspert Samir Əsədli bununla bağlı etirazlı status paylaşıb. Sitat: “…Əslində isə AMEA-nın müxbir üzvü, BDU-nun keçmiş rektoru, eks təhsil naziri indi gəlib kafedra müdiri olub. Əvvəla, kafedra müdiri yüksək vəzifə deyil, sıradan təyinatlı bir vəzifədir.
Bu öz yerində, bir vaxtlar universitetə rəhbərlik etmiş, bütün təhsil sistemini idarə etmiş adamın gedib kafedra müdiri işləməsi nə deməkdir? Bu nə məntiqdir, nə ehtiyac var buna? Doğrudanmı ölkədə bir dənə də olsun gənc, savadlı mexaniki-riyaziyyat mütəxəssisi yoxdur ki, bu post ona həvalə edilsin? 65 yaşı tamam olan, illərlə orta məktəbdə dərs demiş müəllimi bir gün də artıq işləməyə qoymurlar. “Pensiya alırsan, get, yerini gənclərə ver” deyib tələm-tələsik məktəbdən çıxarırlar. Amma 80 yaşlı Misir Mərdanova kafedra müdirliyi tapılır. Bu vəzifə ona niyə lazımdır? Pul üçün? Yoxsa kreslo üçün? İnsan bir dəfə kresloya öyrəşdisə, ondan dura bilmir? Adam öz-özünə sual vermirmi: “Mən bir vaxtlar bu universitetin rektoru olmuşam, indi niyə kafedra müdiri olmalıyam?” Dünən orada qərar verənin, bu gün gəlib dərs bölgüsü edən vəziyyətinə düşməsi normaldırmı?
Burada problem konkret olaraq Misir Mərdanovun kimliyi deyil, problemin kökü yanaşmadadır. Sistem gənclərə “yer yoxdur” deyir, illərlə işləyən müəllimi yaş həddinə görə kənara çəkir, amma keçmiş yüksək vəzifə sahibləri üçün hər zaman yeni post tapılır. Bu, nə təhsil siyasətidir, nə də ədalət.
Bu, təkcə bir şəxsin məsələsi deyil. Bu, gənclərin yolunu bağlayan, sistemli ədalətsizliyin açıq nümunəsidir. Yuxarı vəzifələrdən yapışıb buraxmamaq nə vaxtadək davam edəcək?”.
Təqdim etdi: SƏBUHİ
Xəbər maraqlı gəldi?
Sosial şəbəkələrdə paylaşın