14 Aprel 2026 / 10:15

“Mixaylo”, əslində, kim idi?- BUNU BİLİRDİNİZMİ?

…Mehdi Hüseynzadə — tarixə təkcə adı ilə deyil, “Mixaylo” kimi əfsanələşmiş ləqəbi ilə həkk olunmuş ölməz qəhrəmandır. O, 22 dekabr 1918-ci ildə Novxanı kəndində dünyaya gəldi. Sadə bir kənddən çıxaraq dünya müharibəsinin alovları içində əsl igidlik məktəbi keçdi və adını qəhrəmanlıq zirvəsinə yazdı. “Mixaylo” adı düşmən üçün qorxu, dost üçün ümid, tarix üçün isə əbədi qəhrəmanlıq rəmzinə çevrildi. O, düşmən arxasında apardığı cəsarətli əməliyyatlarla, təkbaşına belə ordulara meydan oxuyan iradəsi ilə seçildi. Onun hər addımı ildırım kimi sürətli, hər zərbəsi sarsıdıcı idi. Mehdi Hüseynzadə qorxunun nə olduğunu bilmirdi — o, yalnız irəli gedir, yalnız qələbəni düşünürdü.
Bu igid döyüşçü təkcə silah gücü ilə deyil, həm də iti zəka, məharətli planlama və sonsuz vətən sevgisi ilə düşməni məhv edirdi. O, gecənin qaranlığında görünməz bir kölgə kimi düşmənə yaxınlaşır, qəfil hücumları ilə saysız-hesabsız faşistləri darmadağın edirdi. Onun adı dillərdə dastana çevrilmişdi — “Mixaylo gəldi” deyildikdə düşmən sıralarında vahimə yayılırdı.
Mehdi Hüseynzadə yalnız döyüşçü deyildi — o, ruhu böyük, ürəyi vətən eşqi ilə döyünən bir insan idi. Onun qəlbində Azərbaycan sevgisi alov kimi yanırdı. Bu sevgi ona güc verir, onu ölümün üzərinə belə qorxmadan aparırdı.
2 noyabr 1944-cü ildə o, qəhrəmancasına şəhid oldu. Lakin onun həyatı burada bitmədi — o, əbədiyyət qazandı. Çünki belə qəhrəmanlar ölmür, onlar tarixə çevrilir, xalqın yaddaşında yaşayır.
“Mixaylo” — bu ad təkcə bir ləqəb deyil, bu ad igidliyin, qorxmazlığın, vətən uğrunda canından keçməyin zirvəsidir. Bu ad hər zaman qürurla çəkiləcək, nəsillər boyu dillərdə yaşayacaq və Azərbaycan xalqının qəhrəmanlıq simvolu olaraq əbədi qalacaq.
Emin Qasımov
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!