Moskvanın İrəvana dörd siyasi tələb irəli sürdüyü və bu tələblərin yerinə yetirilməyəcəyi təqdirdə Ermənistana qaz tədarükünü tamamilə dayandıra biləcəyi barədə xəbərdarlıq etdiyi bildirilir. Tezadlar.az xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti Rusiya mənbələrinə istinadən bu barədə məlumat yayıb. Hazırda Ermənistana qaz tədarükü planlı texniki xidmət səbəbindən dayandırılıb, erməni istehlakçıların isə qaz anbarındakı ehtiyatlar hesabına təmin edildiyi bildirilir. Qəzetin mənbələrinin iddiasına görə, noyabrın 1-də böyük “qəza” və ya fors-major halı baş verə bilər və bundan sonra qaz tədarükü bərpa olunmaya bilər. Məlumata görə, Moskva Ermənistanın Baş naziri Nikol Paşinyana bu ssenarinin qarşısını almağın mümkün olduğunu bildirib. Bunun üçün İrəvandan bir sıra siyasi məsələlər üzrə addımlardan imtina etməsi tələb olunur. İddia olunan tələblər arasında Gümrüdəki Rusiya hərbi bazası məsələsinin müzakirəsindən imtina, Rusiya şirkətlərinə, o cümlədən “Cənubi Qafqaz Dəmir Yolları” və “Qazprom”a qarşı tədbirlərin dayandırılması, həmçinin Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim etməsi yer alır. Bundan əlavə, İrəvandan Avropaya inteqrasiya prosesinin başlanması ilə bağlı qanunun ləğv edilməsi və ya bu məsələ üzrə referendum tarixinin təyin olunması tələb olunur. Digər tələb isə Rusiyayönlü siyasətçilərin cinayət təqibinin dayandırılması və Kreml üçün məqbul olan vitse-premyerin təyin edilməsidir.
Qeyd olunur ki, may ayında Rusiyanın energetika naziri Sergey Tsivilyov Ermənistan rəhbərliyinə məktub göndərərək ölkənin Avropa İttifaqına yaxınlaşmağa davam edəcəyi təqdirdə Moskvanın təbii qaz və neft məhsullarının tədarükü ilə bağlı müqavilələri birtərəfli qaydada dayandıra və ya ləğv edə biləcəyi barədə xəbərdarlıq edib. 2013-cü il razılaşmasına əsasən, Rusiya Ermənistana neft məhsulları, qaz və almaz ixracına tətbiq olunan gömrük rüsumlarını müddətsiz şəkildə ləğv edib. Həmin sənəd Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə doğru atılan addımlardan biri kimi qiymətləndirilmişdi. Hazırda Ermənistanın Rusiya qazından demək olar ki, tam asılı olduğu bildirilir. 2025-ci ildə “Qazprom”un Ermənistana təxminən 2,7 milyard kubmetr qaz tədarük etdiyi qeyd olunur. Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, İrəvan üçün hazırkı güzəştli qaz qiyməti 1000 kubmetr üçün 177 ABŞ dollarıdır. Rusiyanın Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov isə mayın 25-də Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxacağı təqdirdə qazın qiymətinin bazar qiymətinə keçə biləcəyi barədə xəbərdarlıq edib. Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə sentyabrın 16-da ölkənin Rusiyadan başqa Azərbaycan, Türkiyə və İrandan da qaz almağa başlaya biləcəyini bildirib. Qriqoryanın sözlərinə görə, ucuz Rusiya qazının əvəzində qazın “siyasi valyuta” kimi istifadə edilməsi ehtimalı nəzərə alınmalıdır və qazın qiyməti yalnız dollarla ölçülmür. Ermənistanın Baş naziri Nikol Paşinyan da ölkənin enerji sahəsində Rusiya qazına alternativ axtaracağını dəfələrlə bəyan edib. Onun sözlərinə görə, bu, Ermənistanın “müstəqilliyinin və dövlətçiliyinin inkişafı” ilə bağlı siyasi qərardır. Paşinyan həmçinin TRIPP layihəsi çərçivəsində Zəngəzur dəhlizi vasitəsilə qaz kəmərinin çəkilməsi imkanının nəzərdən keçirildiyini bildirib. “Əgər ikinci və ya üçüncü mənbədən qaz əldə etmək imkanı yaranarsa, hökumət bu addımı mütləq atacaq.
Əgər TRIPP vasitəsilə qaz kəmərinin çəkilməsi imkanı yaranarsa, bu həyata keçiriləcək və Ermənistan hətta tranzit haqqı da əldə edəcək”, – deyə Paşinyan bildirib. Ermənistanda İrəvandan təxminən 10 kilometr məsafədə, Abovyan şəhərində bir yeraltı qaz anbarının olduğu bildirilir. Anbarın maksimal tutumu 140 milyon kubmetr təşkil edir ki, bu da ölkənin qaz tələbatının təxminən 5 faizini qarşılayır. Abovyan yeraltı qaz anbarındakı ehtiyatlar fövqəladə hallar üçün nəzərdə tutulub. Anbarın operatoru Rusiyanın “Qazprom” şirkətinə tam məxsus olan “Qazprom Ermənistan” şirkətidir. Şirkət Ermənistanın qaz infrastrukturunu idarə edir və qazı son istehlakçılara satır. Ermənistan Rusiya qazını Gürcüstan ərazisindən tranzit yolu ilə alır. Rusiya qazı 612 kilometr uzunluğundakı Şimali Qafqaz–Zaqafqaziya qaz kəməri vasitəsilə Ermənistana çatdırılır. Kəmərin Rusiyadakı giriş nöqtəsi Şimali Osetiyanın Mozdok şəhəri, çıxış nöqtəsi isə Ermənistandır. Bununla yanaşı, Ermənistan İrandan da qaz alır. Məlumata görə, Ermənistanın ümumi qaz idxalının təxminən 84 faizi Rusiyanın, 16 faizi isə İranın payına düşür.
Ermənistan Enerji Araşdırmaları İnstitutunun 2024-cü il məlumatlarına əsasən, Rusiya Ermənistana təxminən 2,3 milyard kubmetr, İran isə təxminən 450 milyon kubmetr qaz tədarük edib. 2025-ci ildə isə Rusiya qazının payının 82 faizə, İran qazının payının isə 18 faizə yüksəldiyi bildirilib.







