Əsas məzmuna keç

“Moskvadan, Milandan tanıdığım dirijorlar soruşurlar ki, sizin başqa musiqiniz yoxdur?”- Firəngiz Əlizadə

Dirijorlara yaxınlaşmaq çətinləşib, onların menecerləri var.

Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda ictimai müzakirədə deyib.

İttifaq sədri Azərbaycanın qazandığı qələbədən sonra bəstəkarların əsərlərinə dəstəyin artacağını, onların alınacağını gözlədiyini, lakin bunun baş vermədiyini deyib. O, keçirilən müsabiqələrdə əsərlərin dinlənilməsinə baxmayaraq, sonradan konsertlərin təşkil olunmadığını, laureat olan bəstəkarların belə əsərlərinin ifa edilmədiyini bildirib.

“Keçirdik, qulaq asdıq, amma konsert olmadı. İnsan öz əsərini yenidən dinləyə bilmir. Əsər müsabiqədə laureat olur, amma ifa edilmir”, – deyə Firəngiz Əlizadə qeyd edib.

O, gənc bəstəkarların dirijorlarla əməkdaşlıq etmək imkanlarının da məhdud olduğunu bildirib. Onun sözlərinə görə, dirijorlara yaxınlaşmaq çətinləşib, onların menecerləri var və xaricdə təqdim etdikləri musiqi nümunələri Azərbaycan bəstəkarlarının yaradıcılığı ilə bağlı suallar doğurur.

Firəngiz Əlizadə gənc Azərbaycan dirijorunun İtaliyada fəaliyyət göstərməsinə toxunaraq, həmin ölkədə Azərbaycan simfonik musiqisinin təqdimatı ilə bağlı nümunə gətirib. O bildirib ki, musiqi baxımından zəngin ölkələrdən biri olan İtaliyada Azərbaycan musiqisinin tanıdılması mühüm əhəmiyyət daşıyır. Bununla belə, xaricdə Azərbaycan simfonik musiqisi kimi təqdim edilən əsərlərin müəllifliyi və mənşəyi məsələsinə diqqət yetirilməlidir.

İttifaq sədri özünün şəxsi yaradıcılıq və maddi vəziyyəti ilə bağlı probleminin olmadığını xüsusi vurğulayıb. O bildirib ki, Moskvadan, İtaliyadan, o cümlədən Milandan tanıdığı dirijorlar və musiqişünaslar onunla əlaqə saxlayaraq Azərbaycan musiqisi ilə bağlı suallar verirlər: “Mənə zəng edirlər, soruşurlar: “Sizin başqa musiqiniz yoxdur?” Mən bilmirəm nə cavab verim”.

O, gənc dirijorlara Niyazinin fəaliyyətini nümunə götürməyi tövsiyə edib. Bildirib ki, Niyazi öz dövründə Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada tanıdılması üçün mühüm işlər görüb. Buna misal olaraq Qara Qarayevin “Yeddi gözəl” baleti əsasında yazdığı iki süitanın təqdimatını göstərib.

“Balet hələ ortada yox idi, amma Niyazi artıq Qara Qarayevin həmin süitalarını bütün dünyada təqdim etmişdi. Dünya gözləyirdi ki, bu balet nə vaxt səhnəyə qoyulacaq”, – deyə Firəngiz Əlizadə xatırladıb.

Onun sözlərinə görə, hazırda bəzi dirijorlar Azərbaycan bəstəkarları ilə əməkdaşlığa maraq göstərmir, onları tanımır və əsərlərinin ifasına lazımi diqqət ayırmırlar. O, bunun, ilk növbədə, gənc bəstəkarların gələcəyinə təsir etdiyini vurğulayıb: “Bu, mənim problemim deyil, bizim gənc bəstəkarların problemidir”.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…