Bu gün Azərbaycanda Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının (WTDC-25) açılış mərasimi keçirilir.
Ölkəmizin WTDC-25 kimi böyük tədbirə ev sahibliyi etməsi müsbət haldır və regionda rəqəmsal transformasiya sahəsində rolunun artdığını göstərir. Ölkə rəhbərinin də tədbir iştirakçılarına müraciətində verdiyi mesajlar təqdirəlayiqdir. Lakin konfransın qapalı keçirilməsi, maraqlı tərəflərin işçtirakı üçün şərait yaradılmaması, yerli vətəndaş cəmiyyəti və IKT ekspertlərinin, İctimai Şuranın prosesdən kənarda qalması həm şəffaflıq, həm də multi-stakeholder prinsipinə uyğun deyil.
TEZADLAR.AZ xəbər verir ki, bunu
Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
“Hansısa RİNN nümayəndəsinin İctimai Şuraya bununla bağlı “Təşkilatçılığı BTİ edir”, “Nazirlik təşkilatçı deyil” formasında açıqlamaları isə “nağıllardan” başqa bir şey deyil, həqiqəti əks etdirmir. Ötən tədbirlərə baxanda bunu açıq görmək olur.
Digər ölkələrdə ev sahibi qurumlar adətən öz ekspertlərini, sektor təşkilatlarını və analitikləri prosesə daxil edir. Bu, həm ölkənin mövqeyini gücləndirir, həm də beynəlxalq imic üçün əhəmiyyətlidir.
Maraqlıdır ki, Beynəlxalq Telekommunikasiya İttifaqı və RİNN-in tərəfdaşlığı ilə keçirilən konfrans “İnklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı” mövzusuna həsr olunub. Ümid edək ki, gələcək beynəlxalq tədbirlərdə daha açıq və inklüziv yanaşma tətbiq olunacaq”, – deyə o bildirib.
JASMİN