“Mobil operatorlar mobil internet trafikini “qızıldan qiymətli” ediblər.”
***
Tənzimləyici qurum 5G üçün tezlikləri nə zaman verəcək və 4-cü mobil operatora ehtiyac varmı?
Bir neçə gün öncə “Nokia”nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, şirkətin Avrasiya üzrə bölməsinin satış direktoru Aleksandr Şunin Bakıda keçirilən “Onlayn Azərbaycan” layihəsinin yekunu ilə bağlı tədbirdə jurnalistlərə maraqlı açıqlama verib.
“Nokia” rəsmisi açıqlayıb ki, tənzimləyici razılıq verən kimi, Azərbaycanda 5G infrastrukturunun reallaşdırılmasına hazırıq. Normalda, bu açıqlama aydın səmada göy gurultusu yaradacaq bir hadisədir.
Maraqlıdır ki, sektorun tənzimləyici qurumu İKTA, hələlik buna münasibət bildirməyib. Əslində isə ciddi ittihamdır.
Tezadlar.az xəbər verir ki, bunu Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında bildirib.
“Xeyli müddətdir ki, Azərbaycanda 5G ilə bağlı ləngimələr müzakirə mövzusudur. Artıq qonşu ölkələrdə, Qazaxıstanda, Ermənistanda, Gürcüstanda və s. ölkələrdə 5G istiqamətində ciddi addımlar atılıb, lisenziyalar və tezliklər hərrac yolu ilə operatorlara verilib, real işlək şəbəkələr fəaliyyətdədir.
Ölkəmizdə isə bu istiqamətdə işlər çox ləng gedir. Son zamanlar 5G tezliklərinin istifadəyə hazırlanması istiqamətində xeyli faydalı işlər görülsə də, bu tezliklərin hansı qaydada operatorlara veriləcəyi aydınlaşmayıb.
Əlbəttə, hər gün tarifləri qaldıraraq 3G və 4G-dən yetərincə gəlir əldə edən mobil operatorlar 5G üçün elə də maraqlı deyillər, güman ki bu gedişlə heç maraq da göstərməyəcəklər.
Gərək hökumət, tənzimləyici qurum lisenziya əsasında fəaliyyət göstərən mobil operatorlardan bu istiqamətdə investisiyaların yatırılmasının vacibliyi ilə bağlı işlər aparsın”, – deyə o vurğulayıb.
Y.Məmmədli