Oğuzda «meşə qırğını»: «Təzadlar» araşdırmalara başladı-FOTOLAR

«15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz rayonu üzrə mühəndis vəzifəsini icra edən Məmmədov Valeh Yaqub oğlu ETSN-də həmyerlisi olan Meşələrin İnkişafı Xidməti rəisi Ramik Əşrəfov və ETSN 8 saylı Ekologiya İdarəsinin müdiri olan qardaşı Akif Məmmədovun himayədarlığı sayəsində meşə qırğını ilə məşğuldur…»

Oğuz şəhəri, yeni massiv sakini Əbdülxalıqov Hamil Ələddin oğlu tərəfindən «Təzadlar»a təqdim edilmiş şikayət məktubunu (bəzi xüsusatlar istisna olmaqla) aşağıda təqdim edirik.

Xatırladırıq ki, bu şikayət-müraciət «Media haqqında» və «İnformasiya əldə etmək haqqında» qanunların tələblərinə uyğun olaraq ictimailəşdirilməmişdən əvvəl nazirlik rəhbərliyinə və digər aidiyyəti qurumlara, məsul şəxslərə mövqe bildirilməsi üçün göndərilmişdir.

«Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edən cənab Rəşad İsmayılova

Surəti: ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Agentliyinin sədrinə;

Surəti: «Təzadlar» qəzeti redaksiyasına.      

Oğuz şəhəri, yeni massiv sakini Əbdülxalıqov Hamil Ələddin oğlu tərəfindən müraciət:

Hörmətli cənab nazir! Diqqətinizə çatdırıram ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz rayonu üzrə mühəndis vəzifəsini icra edən Məmmədov Valeh Yaqub oğlunun son illərdə müxtəlif vəzifələrdə işlədiyi müddətlərdə ETSN-də və Meşələrin İnkişafı Xidmətində vəzifələrdə olan havadarlarının sayəsində vəzifə səlahiyyətlrindən süi-istifadə etməklə qanunsuz əməllər törətməkdədir. O, dövlət meşə fonduna indiyədək vurduğu külli miqdarda ziyanların qarşısının alınması üçün Sizlərə müraciət etmək zorunda qalıram. Belə ki, Valeh bu günədək düz-əməlli yazıb oxumağı bacarmadığına görə, heç bir dövlət qeydiyyatından keçməmiş və heç bir lisenziyası olmayan özəl ali məktəbvlərin birində faktiki tələbə olmadan, adını yazdırmaqla hüquqşünas diplomu almışdır. Ancaq həmin diplom heç bir yerdə tanınmayıb. Ona görə də bu diplomu 2020-ci ilədək hansı idarə və ya müəsisəyə işə girmək üçün aparıbsa, diplom saxta olduğuna görə işə götürməyiblər. Ona görə də Valehi ETSN-də həmyerlisi olan və hazırda da Meşələrin İnkişafı Xidməti rəisi vəzifəsində işləyən Ramik Əşrəfov və ETSN 8 saylı Ekologiya İdarəsinin müdiri olan qardaşı Akif Məmmədovun himayədarlığı sayəsində 5 il öncə 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 09 saylı meşəsinə gözətçi təyin etmişlər. O da qanunsuz olaraq sənaye əhəmiyyətli işlik yararlı müxtəlif cinsli və diametrli kök üstə yaş ağacları kütləvi şəkildə kəsdirib ekoloji qanunsuzluqlar  törətmişdir. Bu əməllərin qarşısının alınması üçün 15 saylı RMTM-nin əməkdaşları tərəfindən müdaxilə edilən zaman Ramik Əşrəfov və Akif Məmmədov tərəfindən təzyiqlərə məruz qalaraq ya susdurulardı, ya da hər hansı bir bəhanə ilə işdən azad olunurdu. Məslən, 30 aprel 2020-ci ildə 15 saylı RMTM-nin bir qrup əməkdaşları 19 ədəd iri diametrli işlik materialı -200 kubm. həcmdə ağacları, yəni ümumilikdə 45000 manat ziyanlıq hesablanmış ağacları kəsdirib aparıldığı aşkar edilmişdir. Yoxlama komissiyası 9 saylı meşədə Valeh tərəfindən vurulmuş ziyanlıq barədə həmin gün akt tərtib edərək rəhbərliyə vermişlər. Təqdim edilmiş akt 05.05.2020-ci il tarixində 15 saylı RMTM-nin kitabında 126 saylı nömrə ilə qeydə alınıb. Bu yoxlamadan sonra ETSN-ə edilmiş şikayət əsasında 07 saylı Ekologiya İdarəsinin əməkdaşları V.Məmmədovun gözətçi olmuş 9 saylı meşədə yoxlama təhvili zamanı yenə də müxtəlif cinsli və iri diametrli kök üstə yaş ağacların kütləvi qaydada kəsildiyini aşkar etmişlər. Beləliklə, iki təşkilatın apardığı yoxlama zamanı Valehin meşə fonduna vurduğu ziyanın ümumi məbləği 100 min manata qədər olmuşdur. Və məndə olan dəqiq məlumatlara görə yoxlama zamanı tərtib edilmiş və hesablanmış ziyan məbləğlərin hesablama cədvəli sonradan saxtakarlıq edilərək dəyişdirilmişdir. Bunlara baxmayaraq Valehin havadarları ilə o 2021-ci ilin əvvəlində yazmaq və oxumağı bacarmadığı nəzərə alınmadan daha yüksək vəzifəyə- Xaçmaz meşəbəylinə təyin edilmişdir. Burada işlədiyi dövrdə bütün akt, protokol, naryad, aylıq və illik hesabatları 15 saylı RMTM-nin əməkdaşları olan Arzu Qocayev və Elşad Qafarov nəyinsə müqabilində onun əvəzinə yazmışlar. Bundan sonra isə daha yüksək vəzifədə  olan Oğuz rayonu üzrə meşə mühəndisi vəzifəsinə təyin edilmişdir. Və eyni zamanda Xaçmaz meşəbəyliyi də ona həvalə edilmişdir. O burada Xaçmaz-qışlaq kənd ərazisindəki bələdiyyə mülkiyyətində olan tarla qoruyucu zolaqdan işlik materialları yararlı külli-miqdarda yaş ağacları kəsdirib Qəbələdəki ağac emalı sexlərinə satmışdır. Oğuz rayon hüquq-mühafizə orqnları həmin qanunsuzluqları araşdıran zaman bütün ağacların Valehin rəhbərliyilə kəsildiyi müəyyən edilmişdir. Ona görə də Oğuz rayon Prokurorluğunda onun barəsində cinayət işi başlanmış və istintaq aparılmışdır. Bu müddətdə V.Məmmədov vəzifəsindən kənarlaşdırılmışdır. V.Məmmədov ağac kəsməklə Xaçmaz bələdiyyəsinə 44 min manat ziyan vurmuşdur.

2024-cü ilin oktyabrın əvvəlində 15 saylı RMTM-nin direktor müavini Elmdar Mahmudov, Elşad Qafarov və meşə gözətçisi Sərdar Seydəliyev direktorun əmrilə Xaşmaz meşəbəylinin 2 saylı meşə dolayında təhvil –təslim yoxlaması zamanı ərazidə yoxlama dövründən 4-5 ay əvvələ təsadüf edilən kütləvi qaydada kəsilmiş ağacları aşkar etmişlər. Və kötüklərin üzərində V.Məmmədova təhkim edilmiş N-102 damğası ilə damğalandığı aşkar edilmişdir.  Yoxlama zamanı o da məlum olmuşdur ki, həmin kəsilmiş ağaclaı damğalanması qeydiyyatdan gizlədilmişdir. Buna görə də akt tərtib edilmişdir. Və bu saxta işinə görə V.Məmmədova akt tərtib edilərək 7000 manat cərimə hesablanıb qeydə alınmışdır. Lakin bu cərimə də Valehin havadarları olan R.Əşrəfov və Akif Məmmədovun müdaxiləsindən sonra yenə də gizlədilmişdir. Beləliklə, Valeh Məmmədov işlədiyi son 4 il ərzində dövlət meşə fonduna vurduğu ziyanın məbləği 200 min manata çatır. Bunlar təkcə akt və protokollarda rəsmiləşdirilmiş ziyanlardır. Heç bir faktiki savada malik olmayan ETSN vəzifəli işçiləri olmuş Akif və Valeh qardaşları yaşadıqları Xaçmaz-qışlaq kəndində vaxtilə meşə ilə örtülü ərazini özlərinə məxsus texnikalarla 10 ha ərazini kürütdürməklə özləri üçün balıq gölü (təsərüfatı) və mal-qara ferması tikiblər. Hansı ki, həmin ərazilər dövlət meşə fonduna aiddir. Bu qardaşlar eyni zamanda Xaçmaz meşəbəyliyinin 11 saylı meşə dolayı ərazisində meşə ilə örtülü ərazini Oğuz rayonun Mollalı kənd sakini Məmmədov Rauf Qalib oğluna pul müqabilində satıblar. Rauf da həmin meşəliyi traktorla kürüdərək özü üçün təsəsrrüfat yaradıb.

Cənab nazir, Sizdən xahiş edirəm ki, Valeh Məmmədovun diplomunun mahiyyəti araşdırılsın, eləcə də onun bu əməllərinə, yəni COP29 kimi beynəlxalq tədbirə ev sahibliyi etmiş ölkəmizin ekologiyasına-meşə fonduna vurduğu ziyanlıqları gizlədənlər haqqında araşdırmalar aparılsın, günahkarlar cəzalandırılsınlar.

Mən bütün bunları Azərbaycan ekologiyasının taleyinə ürək yanğısı ilə yanaşdığımdan Sizə məlumat verirəm.

Əvvəlcədən öz minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Hamil Əbdülxalıqov».

«Təzadlar»dan: şikayətçi Hamil Əbdülxalıqov redaksiyamıza müvafiq sənədlər, eləcə də özünün şəxsiyyətini təsdiqləyən sənədləri də göndərib.

Şikayətdə adı çəkilənlərin hər birini dinləməyə və mövqeylərini öyrənməyə çalışırıq.

«Təzadlar»ın Araşdırma Qrupu 

Xəbəri paylaş

18 Mart