Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral vəzifədən çıxarıldığını şəxsən təsdiqləyib. Jurnalist Talat Atillanın məlumatına görə, Saral qərarın Ərdoğanın göstərişi ilə verildiyini bildirib. Azərbaycanla bağlı açıqlamalarının buna səbəb olub-olmadığı soruşulduqda isə “Bəli, elə görünür” cavabını verib. Bu hadisə Ankara–Bakı münasibətlərində son həftələrin ən diqqətəlayiq siyasi yeniliklərindən biridir.
Xatırladaq ki, Saral oktyabrın 12-də Azərbaycanda məktəbli qızların hicab taxması ətrafında yaranmış mübahisəyə sərt münasibət bildirmişdi: “İnancı gereği başını örten bir öğrenciyi okul kapısında bırakmak, hangi vicdana, hangi adalete sığar?” O, Azərbaycanı bu siyasətdən imtina etməyə çağırmışdı. Yeni Azərbaycan Partiyası isə Saralın açıqlamalarını məsuliyyətsiz və ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirmişdi.
Oktyabrın 20-də Middle East Eye jurnalisti Ragıp Soylu Bakının Saralın vəzifədən uzaqlaşdırılmasını Ankaradan tələb etdiyini yazmışdı. Beş gün sonra Saralın vəzifədən çıxarılması həmin xəbərin siyasi əhəmiyyətini artırdı. Bununla belə, Ərdoğanın qərarının məhz Bakının tələbi əsasında verildiyinə dair rəsmi açıqlama yoxdur.
Bu qərar Türkiyənin yüksək vəzifəli şəxslərinə mühüm siyasi mesaj kimi qəbul edilə bilər. Prezidentin baş müşaviri adi siyasi şərhçi deyil. Onun açıqlamaları dövlət rəhbərliyinin mövqeyi kimi başa düşülə bilər. Ona görə bundan sonra Türkiyədə rəsmi şəxslərin Azərbaycan və xüsusilə İlham Əliyev haqqında danışarkən yüz ölçüb bir biçəcəklərini gözləmək olar.
Bəs Saraldan başqa, Bakının bağlanmasını tələb etdiyi bildirilən sosial media hesablarının aqibəti necə olacaq? Middle East Eye nəşrinin məlumatına görə, Azərbaycan rəhbərliyi İlham Əliyevi təhqir etdiyi iddia olunan bəzi hesabların bağlanmasını və onların sahiblərinə qarşı hüquqi tədbirlər görülməsini də istəyib. İddiaya əsasən, müvafiq siyahı Ankaraya təqdim edilib. Hələlik bu hesablarla bağlı konkret qərar məlum deyil. Saralın vəzifədən çıxarılması həmin tələblərin də yerinə yetiriləcəyi anlamına gəlirmi? Burada siyasi təhqirlə qanuni tənqid arasındakı sərhədin qorunması da mühüm məsələdir.
Digər tərəfdən, Ankaranın da Bakıdan oxşar addım tələb etməsi mümkündürmü? Bir müddət Prezidentin köməkçisi Hikmət Hacıyevin adı belə müzakirələrdə hallanırdı. Lakin Türkiyə rəhbərliyinin onun istefasını tələb etdiyinə dair etibarlı təsdiq yoxdur. Qarşılıqlı diplomatik məsuliyyət məsələsi hər iki paytaxt üçün əhəmiyyət daşıyır.
Saralın vəzifədən çıxarılması Ankara ilə Bakı arasında gərginliyin yumşaldılması istiqamətində siyasi siqnal kimi görünür. Ancaq münasibətlərin normallaşması üçün bir kadr qərarı kifayət etmir. Türkiyə–Azərbaycan tərəfdaşlığı qarşılıqlı hörmətə, dövlət suverenliyinə sayğıya və fikir ayrılıqlarını dialoq yolu ilə həll etmək bacarığına əsaslanmalıdır…
Elbəyi Həsənli,
İsveçrə






