Əsas məzmuna keç

“Ölkə ərazimizin 20 faizi hələ də Rusiya tərəfindən işğal altındadır”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının ümumi debatlarında çıxışı zamanı ölkə ərazisinin 20 faizinin hələ də Rusiya Federasiyası tərəfindən işğal altında olduğunu bildirib. Tezadlar.az xəbər verir ki, Baş nazirin sözlərinə görə, yüz minlərlə Gürcüstan vətəndaşı məcburi köçkün olaraq qalır və öz evlərinə qayıda bilmir. “Ölkəmizin ərazisinin 20 faizi hələ də Rusiya Federasiyası tərəfindən işğal olunub, yüz minlərlə vətəndaşımız isə hələ də məcburi köçkün vəziyyətindədir və öz evlərinə qayıda bilmir. Bu ilki sessiyanın əsas mövzularından biri etimadın bərpasıdır və məhz bu fonda abxaz və osetin bacı-qardaşlarımıza müraciət etmək istəyirəm”, – deyə Kobaxidze bildirib. Baş nazir qeyd edib ki, sülh yolu ilə əldə olunan faydalar və Gürcüstanın iqtisadi inkişafı süni şəkildə yaradılmış bölücü xətlər səbəbindən məhdudlaşdırılmamalıdır.
Onun sözlərinə görə, işğal olunmuş tarixi regionlarda yaşayan insanlar da Gürcüstanın iqtisadi inkişafının yaratdığı imkanlardan yararlana bilməlidirlər: “Əsrlər boyu bizim bir vətənimiz olub və bizi ortaq tarix birləşdirib. Bu gün çəkilmiş bölücü xətlər nə bu tarixi silə, nə də övladlarımızın gələcəyini müəyyən edə bilər. İnanırıq ki, sülh yolu ilə əldə olunan faydalar və Gürcüstanın iqtisadi inkişafı süni şəkildə yaradılmış bölücü xətlərlə məhdudlaşdırılmamalıdır. Bu faydalardan işğal olunmuş tarixi regionlarımızda yaşayan insanlar da yararlanmalıdır. Onlar bizim ortaq gələcəyimizin ayrılmaz hissəsi olublar və hər zaman belə də qalacaqlar”, – deyə Baş nazir vurğulayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…