12-ci Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunan “Ən çox oxunan milli müəllif” səsverməsində Kəramət Böyükçölün ciddi fərqlə liderlik etməsi ədəbi mühitdə müzakirələrə səbəb olub. AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi-tənqidçi Əsəd Cahangir isə bu nəticəyə kəskin münasibət bildirərək Kəramət Böyükçölün yazıçı olmadığını, kitablarını özünün yazmadığını və əsərlərinin bədii-estetik dəyər daşımadığını iddia edib. O, həmçinin səsvermənin obyektivliyi və şəffaflığı ilə bağlı suallar səsləndirib.
Bu açıqlama bir sıra mühüm sualları gündəmə gətirir: Yazıçının kimliyini müəyyənləşdirən meyarlar hansılardır?Ədəbi əsərin dəyəri oxucunun marağı ilə ölçülə bilərmi? Bir müəllifin yaradıcılığını bu qədər sərt şəkildə qiymətləndirmək ədəbi tənqidin normal çərçivəsinə daxildirmi? Bəs kitab sərgilərində keçirilən müəllif reytinqləri ədəbiyyatın inkişafına nə dərəcədə xidmət edir?
Mövzu ilə bağlı Təzadlar.az yazıçılar arasında sorğu keçirib:

-Siyahının tərtibatı çox qüsurludur. Anti-ədəbi bir siyahıdır. Kəramət Böyükçöl istedadlı yazıçıdır, kifayət qədər məşhurdur və Azərbaycanda yeganə qələm adamıdır ki, öz ədəbi məhsulu ilə pul qazana bilir. Onun bu uğuruna həsəd aparanlar çoxdur. Əsəd Cahangirin nə deməsi ciddi məsələ deyil. Adi konyunktur yanaşmadır. Onun mühitində hamı elədir.
Sualınızın ikinci hissəsinə, yazıçılığın meyarlarına gəlincə, deyə bilərəm ki, oxucu marağı orada əsas məsələ deyil. 70-ci illərdə Əlibala Hacızadə hamıdan çox oxunurdu. Bu gün onu oxuyanların sayı çox məhduddur, yeri gəlmişkən, siyahıda da onun adı yoxdur. Oxucu kütlə olaraq, yazıçıdan (yaxşı yazıçıdan) ən azı 3-5 pillə aşağıdadır. Yazıçının vəzifəsi kütlənin zövqü ilə alver etmək yox, özünü, özünün hadisəyə, dünyaya baxışını yazmaqdır. Yazıçı bunları yaxşı yaza bilsə, onda oxucunu bir pillə öz səviyyəsinə yaxınlaşdıra bilir.
Bu məsələlər yaradıcılığın fundamental məsələləridir, dəfələrlə demişəm, yazmışam. İndi hövsələm çatmır bir daha xırdalamağa.

Sara İbrahim:
-Sayta daxil olub adları müsabiqəyə təqdim edilmiş müəlliflərin siyahısına baxdım və düzünü deyim, məni xeyli təəccübləndirən adlar gördüm. Müsabiqənin adı belədir: “Ən çox oxunan müəllif 2026”. Siyahıdakı 50 müəllifi nəşriyyatlar və kitab mağazaları təqdim edib. Kitab mağazalarının obyektivliyinə haradasa şübhə etməmək olar; sorğu göndərilir, mağaza da öz sistemində baxıb ən çox kitabı satılan müəlliflərin adını təqdim edir. Nəşriyyatlara gəldikdə isə vəziyyət dəyişir; illərdi nəşriyyatları “kitab kimi oxumuşam”, hər nəşriyyatın özünün
“sevimli” müəllifləri var və bir çox hallarda həmin sevimlilərin yazdığı əsərlərin heç bir ədəbi dəyəri olmur. Sadəcə, onlar hər şeydə hamıdan geridə qalmağımıza səbəb olan xəstəliyə yoluxublar. Ən kiçik müzakirə, müsabiqə nə olursa- olsun, nəşriyyat öz çevrəsindəki müəllifləri təqdim edir. Yenə vurğulayıram; onları əsər yox, müəllif maraqlandırır. Maraqlarsa müxtəlifdir; maddiyyat, qohumbazlıq, dostbazlıq və sair. Siyahıda elə adlar var ki, illərdi kitabları nəşr edilmir, çoxunun adı heç oxucuya tanış da deyil. Bəs o müəlliflər siyahıya necə düşüblər? Yuxarıda səbəblərin bəzilərini qeyd etdim. Anar, Afaq Məsud, Rövşən Abdullaoğlu (bu yazıçının kitablarının çox satıldığı hamıya məlumdur, şübhə doğurmaya bilərdi, lakin öz nəşriyyatı var səhv etmirəmsə, çox satılmasaydı da onun adını göndərəcəkdilər) kimi müəlliflərin çox oxunduğuna şübhə etməyə bilərəm, amma onların yanında heç kimin tanımadığı, adını ilk dəfə eşitdiyimiz müəllifləri də görəndə heç kim inciməsin, müsabiqənin şəffaf keçirilməsinə inanmım sarsılır.
Kəramət Böyükçölün liderlik etməsində təəccüblü heç nə görmürəm: onun böyük kütləsi var və tərəfdarları sayta girib ona səs veriblər. Əsəd Cahangir fikirlərini kəskin şəkildə bildirib: bu ciddi ittihamdır məncə, axı heç kim onun əsərlərini başqasının yazdığını sübut edə bilməz. Əsəd Cahangir bir tərəfdən Böyükçölün yazıçı olmadığını vurğulayır, yazdıqlarının estetik dəyər daşımadığını deyir, o biri tərəfdən də əsərlərini başqasının yazdığını iddia edir. Əgər Kəramətin əsərləri dəyərsiz, yüngül ədəbiyyatdırsa, o əsərləri elə özü də yaza bilər. Yəni, Kəramət o dərəcədə də istedadsız deyil.
Mən səsvermənin şəffaflığına şübhə etmirəm, ola bilsin, Kəramət həqiqətən də çox səs yığa bilib. Müəllif seçiminin obyektivliyinə isə inanmıram.
Yazıçının kimliyini müəyyənlişdirən əsas meyar yazdığı əsərləridir. Əsərlərin dəyərini oxucu marağı və ədəbi tənqid müəyyənləşdirir. Bunlardan ikincisi təəssüf ki, bizdə yoxdur.
Sərgilərinin keçirilməsi kitabın təbliğatında mühüm rol oynayır, amma həmin sərgilərdə keçirilən müəllif reytinqləri qurama, saxtadırsa, ədəbiyyatın inkişafına heç bir təsir göstərə bilməz.

-Kəramət 1-ci olmalıdır. Ölkədə bir yazıçı var, o da Kəramət Böyükçöldür. Onsuz da Kəramət bunu yaratmaq istəyir və nail də olur. Onun əleyhinə nə qədər fikir səsləndirilsə də, o, hər yarışda qalib gələcək. Onu heç bir yarışda udmaq mümkün deyil. Çünki Kəraməti ölkədə tanımayan yoxdur. Məsələ onun kitablarını oxuyub-oxumamaqda deyil, sima olaraq tanınır. Bu mənada ölkədə yeganə yazıçıdır.

-On ikinci Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunan səsvermənin nəticələrindən xəbərim var. Ancaq bu, məni təəccübləndirmir. Hətta düşünmürəm ki, bu nəticə ədəbi mühitdə səs-küyə səbəb olub. Çünki ağlı başında olan hər kəs bu nəticəyə təəccüblənməməlidir. Amma AYB-nin Türk serialları bölməsinin sədri Əsəd Cahangir təəccüblənə bilər. Onun təfəkkürü, qeyri-ciddi hissləri və ədəbiyyat haqqındakı təsəvvürü buna imkan verir. Əslində, Kəramətin yazıçı olmadığını, onun yazılarını başqalarının yazdığını başqa kimsə desəydi, fikir verməzdim. Amma bunu Azərbaycan Yazıçılar Birliyinin türk serialları bölməsinin sədri Əsəd Cahangir deyəndə adamı gülmək tutur. Çünki Əsəd Cahangirin nəinki yazılarını, fikirlərini də AYB təyin edir. Əsəd Cahangir əlahiddə fikir formalaşdıra bilmir, bilməz. Ağa deyir sür dərəyə, o da sürür dərəyə. Bu mənada deyə bilərik ki, kor kora kor deməsə, bağrı çatlayar.
Həm Kəramətin kitabları da elə özü səviyyəsindədir də, mənasızdır, infantildir, qeyri-peşəkardır. Kəramət nə vaxt yüksək səviyyəli roman-hekayə yazdı ki, biz deyək, yox bunu başqası yazıb verib Kəramətə, Kəramət bunu yaza bilməz?
Qaldı ki, səsverməmin nəticələrinə, məgər bu səsvermədən belə bir nəticə çıxmalı idi ki, ən yaxşı yazıçı kimdir və ya ən çox oxunan müəllif hansıdır? Məgər ən çox oxunan yazıçını bu səsvermə ilə müəyyənləşdirmək mümkündür? Bu səsvermə mənə 2015-2016-cı illəri xatırladır. Xatirimdədir, məktəbdə oxuyanda, belə bir tendensiya vardı. Sosial şəbəkələrdə hesabı olan uşaqların arasında “kimin təqibçisi daha çoxdur?” yarışı gedirdi. Hər kəsin müəyyən qədər təqibçisi vardı. Təsəvvür edin, məktəbdə üç yüz-beş yüz təqibçisi olan oğlanlar, qızlar öz şəkillərini yan-yana qoyub kollaj düzəldirdilər. Bir qızın və ya oğlanın şəklinin üstünə “1”, digərinin şəklinin üstünə “2” yazırdılar. Sonra da bir/iki/üç günlük səsverməyə çıxarırdılar. Şəkilləri Instagram-da, yaxud Facebook-da paylaşırdılar. İki-üç gün ərzində, əvvəlcədən müəyyənləşdirilən müddətdə, hansı iştirakçını dəstəkləyirdinsə, onun şəklinin üzərindəki rəqəmi şərhlərə yazırdın. Məsələn, filan qızı, “səhraguneshi”ni dəstəkləyirdinsə, şərhə “1”, digər qızı, “cennet_qoxulum”u dəstəkliyirdinsə şərhə “2” yazırdın.
Səsvermə bitəndən sonra adminlər rəqəmləri sayır, elan edirdilər ki, filan qız, məsələn, “cennet_qoxulum” qalib gəlib.
Qalibə də bir dənə hədiyyə verirdilər: qolbaq, boyunbağı, corab, ya da buna bənzər bir şey.
Bu iki-üç gün ərzində qalib gəlmək üçün iştirakçılar hay-küy salırdılar. Qonşuya xəbər verirdilər, dost-tanışa ağız açırdılar ki, beş-altı sosial şəbəkə hesabından girib onlara səs versinlər. Aşağı siniflərdə oxuyan uşaqlara qoğaldan-zaddan alırdılar ki, onlar da girib səs versinlər. Özləri başqa hesab açıb səs verirdilər, keçmiş sevgililərinə müraciət edirdilər. Bir sözlə, səslərini artırmaq, rəqiblərini qabaqlamaq və axırda qalib elan olunmaq üçün əl-ayağa düşür, hər cürə yüngüllüyü edirdilər. İndi o məktəbliləri hardasa başa düşmək olar, amma yekə-yekə kişilər, ələlxüsus, ədəbiyyata iddia edənlər belə yüngüllüklər edəndə adam bilmir xəcalətindən gedib başını hansı quma soxsun, quyruğunu hansı kolluqda gizlətsin.
Baxırıq ki, Zahid Xəlil universitetlərdə, məktəblərdə müəllimlərə tapşırır, müəllimlər də siniflərdəki uşaqlara deyirlər ki, ona səs versinlər. Sonra bu xəbər Kərəmət Böyükçölün qulağına çatır. Kərəmət də öz profilində paylaşır ki, Zahid Xəlil cığallıq edir, eybi yox mənim də yüz qırx beş min təqibçim var. Ardınca təqbiçlərinə müraciət edir ki, girin mənə səs verin, Zahid Xəlili keçək.
Mahiyyət etibarilə bunlar tiktoker davranışlarıdır; “Tıklayın, tıklayın, tıklayın!”
Bu səsvermənin, bu yarışmanın nəticəsi “Ən yaxşı müəllif kimdir?” və ya “Ən çox oxunan müəllif kimdir?” suallarına cavab olmamalıdır. Əgər cavab olacaqsa, onda sual belə olmalı idi: “Bu siyahıdakı müəlliflərdən ən çox hansını tanıyırsınız?” Başqa sözlə, “Ən çox tanınan müəllif kimdir?” Bəli, qalib həqiqətən də ən çox tanınan müəllifdir. Ancaq burada da artıq ədəbiyyatdan söhbət gedə bilməz. Qaldı ki, “oxucunun marağı bədii əsərin keyfiyyətini müəyyənləşdirirmi?” sualına, xeyr. Ədəbi əsərin dəyəri oxucunun marağı ilə ölçülə bilməz. Dünya ədəbiyyatında öz dövründə xeyli oxunmuş, sonradan unudulub kitab rəflərində qalan əsərlər var. Eləcə də öz dövründə yetərincə oxunmamış, sonralar maraqla qarşılanmış və ədəbiyyat tarixində iz qoymuş əsərlər mövcuddur. Oxucu marağı müəllifin və nəşriyyatın nə qədər qazandığını göstərə bilər.
Əsəd Cahangir deyir ki, Kərəmət Böyükçöl yazıçı deyil. Əsəd Cahangir tənqidçidir deyə onun bu cümləsini avtomatik olaraq ədəbi tənqidə aid etmək lazım deyil. Hər kəs kiminsə haqqında belə bir fikir səsləndirə bilər: filankəs yazıçı deyil. Bu, heç nəyi müəyyənləşdirmir. Filankəsin yazıçı olub-olmaması haqqında əsaslandırılmamış hökmün ədəbi tənqidlə əlaqəsi yoxdur. Bu, şəxsi fikirdir, vəssalam.
Tənqid kifayət qədər sərt ola bilər, amma əsaslı olmalıdır. Tənqidçi konkret əsaslar gətirməlidir: kitabda hansı problemləri görüb və s.

-Bu gün ədəbiyyatımızda ön planda olan, məşhurluq qazanan müəlliflərin heç də hamısının ciddi ədəbiyyata aid olduğunu düşünmürəm. Təəssüf ki, Azərbaycan ədəbiyyatı hazırda özünün qürub çağını yaşayır. Ədəbi canlanma, yaradıcı mübahisələr, fikir toqquşmaları və həqiqi ədəbi proseslər əvvəlki gücündə deyil. Sanki ədəbiyyat öz təbii inkişaf ritmini itirib. Süni intellektin, texnologiyanın həyatımızın bütün sahələrinə nüfuz etdiyi bir dövrdə bədii sözün, yazıçının və ədəbiyyatın cəmiyyətdəki mövqeyi də ciddi sınaq qarşısındadır.
Yazıçının kimliyini, yaradıcılığının həqiqi miqyasını və ədəbiyyat tarixində tutacağı yeri yalnız zaman müəyyənləşdirir. Vaxtilə Fyodor Dostoyevski və Cek London kimi yazıçılar da öz dövrlərində bu gün sahib olduqları ədəbi qiyməti dərhal qazana bilməyiblər. Lakin zaman onların əsərlərinin gücünü, insan ruhunun dərinliklərinə enmək bacarığını və bəşəri əhəmiyyətini ortaya qoyub. Bu gün həmin müəlliflər dünya ədəbiyyatının ən mühüm simaları sırasında yer alırlar. Deməli, yaşadığı dövrdə məşhur olmaqla ədəbiyyat tarixində qalmaq heç də eyni anlayışlar deyil. Təəssüf doğuran məqam budur ki, Azərbaycan ədəbiyyatı hələ də dünya ədəbi məkanında layiq olduğu mövqeyi tam şəkildə qazana bilməyib. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundzadə və Cəlil Məmmədquluzadə kimi nəhəng sənətkarlarımızın yaradıcılığı belə dünya miqyasında arzuladığımız səviyyədə tanıdılmayıb. Halbuki onların əsərləri yalnız milli ədəbiyyatımızın deyil, ümumbəşəri düşüncənin də mühüm tərkib hissəsidir. Bu müəlliflərin dünyada daha geniş tanınmaması onların bədii dəyərinin azlığından deyil, ədəbi irsimizin beynəlxalq səviyyədə təbliği və tərcüməsi istiqamətində görülən işlərin yetərli olmamasından da qaynaqlanır.
Mənə görə, konkret bir dövrdə hansısa yazıçının məşhurlaşması və ya hansısa əsərin geniş müzakirə olunması onun əsl ədəbi dəyərini müəyyənləşdirmək üçün kifayət deyil. Bəzən dövrün tələbləri, reklam, şəxsi əlaqələr və müxtəlif maraqlar müəyyən müəllifləri ön plana çıxara bilir. Ancaq bədii-estetik dəyəri olan əsər zamanın sınağından keçərək gec-tez öz həqiqi qiymətini alır. Əgər bir əsərdə insanı düşündürən, duyğulandıran, həyatın mahiyyətinə nüfuz edən və müxtəlif dövrlərin oxucusu ilə danışa bilən güc varsa, həmin əsərin yaşamaq şansı həmişə mövcuddur. Zaman ötür, ədəbi dəblər dəyişir, məşhurlar unudulur, amma həqiqi sənət öz oxucusunu tapmaqda davam edir.
Kitab sərgilərinin keçirilməsini isə müsbət və sevindirici hal hesab edirəm. Bu cür tədbirlər kitabın, mütaliənin və müəllif əməyinin cəmiyyətin diqqətində qalması baxımından əhəmiyyətlidir. Sərgilər oxucularla yazıçıları bir araya gətirir, yeni müəlliflərin tanınmasına və nəşriyyatların fəaliyyətinin genişlənməsinə şərait yaradır. Ancaq düşünürəm ki, ədəbiyyatın inkişafı yalnız kitab sərgiləri keçirməklə məhdudlaşmamalıdır. Ədəbi tənqid güclənməli, keyfiyyətli əsərlərin müzakirəsi üçün müstəqil platformalar yaradılmalı, gənc müəlliflərə imkan verilməli, Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi və beynəlxalq nəşri sistemli şəkildə təşkil olunmalıdır. Əsas məsələ kitabların sərgilənməsi ilə yanaşı, onların oxunmasını, müzakirə edilməsini və dünya ədəbiyyatına inteqrasiyasını təmin etməkdir. Çünki ədəbiyyatın həqiqi inkişafı tədbirlərin sayı ilə deyil, ortaya qoyulan əsərlərin bədii gücü, oxucuya təsiri və zaman qarşısında davamlılığı ilə ölçülür.

Günel Natiq:
-Yazıçının kimliyini müəyyənləşdirən meyarları müəyyən etmək bu gün çətin məsələdir, çünki obyektivlik, demək olar ki, yoxdur. Hər kəs öz çevrəsindən olan yazarlara üstünlük verir. Fəal tənqidçilər dost-tanışları haqqında yazır, fəal olmayanlar isə kənara çəkilib susurlar. Oxucudan da çox şey gözləmək olmur, çünki bədii zövqün səviyyəsi, ümumilikdə, elə də yüksək deyil. Elə siyahının özü də obyektivlikdən uzaqdır. Çox oxunan yazıçılar da var, heç kimin tanımadığı, amma yazar adlandırılan şəxslər də. Görünür, bu siyahı da yenə eyni prinsiplərlə tərtib olunub. Təkcə siyahıya daxil edilən deyil, daxil edilməyənlər də bu obyektivliyi gözləməlidir; demək olar ki, hər kəs özünü bu siyahıda görür.
Səsvermənin obyektivliyinə gəlincə, Kəramətin birinci yerdə olacağına şübhəm yox idi. Çünki hazırda ən populyar yazıçıdır. Əlbəttə, bu populyarlıq əsərlərinə görə deyil, fikirlərinə və formalaşdırdığı imicə görədir.
Əsəd Cahangirin Kəramət haqqında açıqlamasına gəlincə, xeyr, bu yanaşma ədəbi tənqid çərçivəsinə daxil deyil. Bu, tənqiddən çox, dedi-qoduya bənzəyir. Kəramətin yazdıqlarını oxumamışam, amma ən azı, Facebook paylaşımlarından görünür ki, bu adamın yazı potensialı və orijinal düşüncə tərzi var. Əvvəllər mən də bir-iki nəfərdən eşitmişdim ki, onun əvəzinə atası yazır. Kəramət isə cavabında demişdi ki, atam yazandırsa, özü üçün də yazar da. Həqiqətən, Qəşəm müəllimin nəsr nümunəsi yazdığını görmüsünüz? Sanki hamı şedevr yazır, bircə Kəramət pis yazır. Halbuki bu gün ədəbi cameədə bir çoxları bir-birinə yaxın səviyyədə yazır. Bəlkə də, Kəramət çox yaxşı yazır. Bunu deyə bilmərəm, çünki əsərlərini oxumamışam. Amma mənə elə gəlir ki, səsləndirilən fikir obyektivlikdən uzaqdır. Şəxsən mən bu yanaşmanı müsbət qarşılamadım. Əgər bir tənqidçi kimi fikir bildirirsə, fikrini təhlillə əsaslandırsın, konkret nümunələr gətirsin.
Son sualınıza gəlincə, yaxşı təşəbbüsdür. Ən azı, ədəbiyyatın gündəmə gətirilməsi müsbət haldır. Ümid edək ki, yazıçılara dəstək baxımından rol oynayar.
Hazırladı: Dəniz Pənahova







