TIR-la narkotik daşıyan sürücü ifşa olunub.
Tezadlar.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev sosial media hesabında məlumat yayıb.
“DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 7 kiloqram 930 qram narkotik vasitə və 6000 ədəd psixotrop tərkibli həbin Bakı şəhərində satışının qarşısı alınıb.
Qaradağ rayonu ərazisində keçirilən tədbirlərlə ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 35 yaşlı Məhəmməd Quliyev saxlanılıb. Onun gizlətdiyi yerlərdən ümumilikdə 7 kiloqrama yaxın marixuana və 6000 ədəd metadon həbi aşkarlanıb. O, narkotikləri İran İslam Respublikasının Aslandüz şəhəri ərazisində “İkram” adlı şəxsdən alaraq Biləsuvar rayonu istiqamətindən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirib.
Hazırda onun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir”, – deyə o qeyd edib.
