Əsas məzmuna keç

On yeddi dəqiqə…

(“Qırmızı yuxu” kitabımdan)

Ömrümün hamısını yox, on yeddi dəqiqəsini geri istəyirdim. İdarənin qapısındakı elan müraciətimin qəbul edilməyəcəyini əvvəlcədən xəbər versə də, içəri girdim. Elanın üzərində bu sözlər yazılmışdı:

YAŞANMIŞ ZAMAN GERİ QAYTARILMIR. YAŞANMAMIŞ ZAMAN İSƏ HEÇ KİMİN MÜLKİYYƏTİ HESAB EDİLMİR. Elanın altında kimin yazdığı bilinməyən başqa bir cümlə vardı: BUNUNLA BELƏ, BƏZİ İTKİLƏR QEYDƏ ALINIR.

İçəridə uzun bir masa, masanın arxasında boş kreslo, divarda üç saat vardı. Birinci saat irəliyə, ikinci saat geriyə işləyirdi. Üçüncüsünün əqrəbləri hərəkətsiz qalmışdı. Mən üçüncü saata baxanda qəribə bir hissə qapıldım: elə bil bu saat işləmədiyindən deyil, mənim gəlməyimi gözlədiyindən dayanmışdı. Masanın arxasındakı kişi ərizəmi oxudu.

— On yeddi dəqiqə?

— Bəli.

— Başqa itirdiyiniz vaxt yoxdur?

— Var. Amma hamısını istəmirəm.

— Niyə?

— Çünki hamısını qaytarsanız, indiki yaşımda kim olacağımı bilməyəcəyəm.

Kişi qələmini saxladı. İlk dəfə idi ki, cavabım onu maraqlandırmışdı.

— Bəs bu on yeddi dəqiqə qayıtsa, kim olacağınızı bilirsiniz?

— Xeyr.

— Onda nəyə ümid edirsiniz?

— Bəlkə də, bu dəfə qapını açaram.

Yumuşaq kreslosuna yayılan kişi ərizədən gözlərini qaldırdı.

— Deməli, məsələ qapıdadır.

Mən heç nə demədim. O, ərizəmi möhürlədi.

— Sizin işinizə əvvəllər də baxılıb.

— Nə vaxt?

— Siz bu ərizəni yazmamışdan əvvəl.

— Bu, mümkün deyil.

— Bizim idarədə mümkün olmayan hadisələr üçün ayrıca şöbə yoxdur. Onlar ya baş vermir, ya da insanların həyatına qarışaraq özlərini mümkün edirlər.

Kişi zəngi basdı. Qapının arxasından səs gəldi:

— Buyurun.

— Üçüncü mərtəbəyə göndərin.

Kişi mənə kiçik bir kağız verdi. Üzərində yalnız iki rəqəm yazılmışdı: 17.

— Bunu itirməyin — deyə əlavə etdi.

— Bəs itirsəm?

— Yenidən axtarmağa başlayacaqsınız.

Üçüncü mərtəbədəki gözləmə zalında bir neçə nəfər oturmuşdu. Pəncərənin yanında yaşlı bir kişi ovucunda yanmış kibrit çöpü saxlayır, qarşısında oturan qadın hər dəqiqə çantasından çıxardığı köhnə məktubu oxuyurdu. Məktubun kağızı o qədər qatlanmışdı ki, cümlələrin yarısı qırışların arasında itib getmişdi. Ən sonda oturmuş qadının dizlərində isə balaca bir oğlan ayaqqabısı vardı. Ayaqqabının bağları yox idi. Qadın başını hər dəfə qapıdan səs gələndə qaldırır, sonra heç nə olmamış kimi yenidən ayaqqabının üstünü sığallayırdı. Yanındakı boş stulda oturdum.

— Kimi gözləyirsiniz? — soruşdum.

— Oğlumu.

— Gələcək?

Qadın ayaqqabını ovcunda çevirdi. Bir müddət gözlərini burnu müqabilində tutmuş ayaqqabılara marıtdı sonra qırıq-qırıq cavab verdi.

— Mən də bunu bilmək üçün gəlmişəm.

— Nə vaxtdan gözləyirsiniz?

— Qapımı döyməyi dayandırandan bəri.

Qadının cavabı məndə qəribə bir narahatlıq yaratdı.

— Bəlkədə, sizi tapa bilmir ona görə.

Qadın mənə baxdı.

— Bəzən insanın ünvanını bilmək, ona çatmaq üçün kifayət etmir.

Söhbəti davam etdirmək istəmədim. Ayağa qalxanda qadının əlindəki ayaqqabının dabanında kiçik, əyri bir xətt gördüm. O xətti haradasa görmüşdüm. Uşaqlıqda ayaqqabılarımın dabanına karandaşla adımın ilk hərfini yazardım. Sonra həmin hərfin üstünə bir xətt çəkərdim ki, heç kim onu oxuya bilməsin. Öz-özümə güldüm. İnsan qəribə bir yerdə, yad adamların arasında da öz keçmişini axtarmaqdan əl çəkmir. Elə bu vaxt qapı açıldı.

— On yeddi dəqiqəlik işi olan şəxs!

Cəld ayağa qalxdım. Ayaqqabıları sinəsinə sıxıb onlara sanki yatması üçün nəğmə zümzümə edərək, geri-irəli enib-qalxan qadın da qalxdı. Mən qadının mənlə eyni vaxtda ayağa qalxdığına təəccübləndim.

— Siz də? — soruşdum.

— Mən də.

— Eyni işdir?

Qadın əlindəki ayaqqabını cəld çantasına qoydu.

— Bunu indi öyrənəcəyik.

İclas otağına daxil olanda masanın arxasında üç nəfər gördüm. Ortada oturan qadının qarşısında iki qovluq vardı. Sağdakı qoca kişi müraciətlərin tarixlərinə baxır, soldakı üzsüz adam isə boş kağızları qaralamasız vərəqləyirdi. Ortadakı hakim qadın danışdı:

— İki ayrı müraciət daxil olub. Hər ikisi eyni tarixə, eyni gecəyə, eyni on yeddi dəqiqəyə aiddir.

O, birinci qovluğu mənə tərəf çevirdi.

— Müraciət edən şəxs bildirir ki, uşaqlıqda baş verən hadisə onun sonrakı həyatına təsir göstərmiş, nəticədə uzun illər boyunca özünü həmin hadisənin məsuliyyət daşıyan tərəfi hesab etmişdir.

Sonra ikinci qovluğu çevirdi.

— Digər müraciət edən şəxs isə həmin hadisədə qarşı tərəf olduğunu, sonrakı illərdə eyni gecənin məsuliyyətini öz üzərinə götürdüyünü bildirir.

Yanımdakı qadın gözlərini mənə zilləmiş qaydada hərəkətsiz qalmışdı.

— Bu qadını tanıyırsınız? — ortadakı hakim qadın məndən soruşdu.

— Xeyr – cavab verdim.

Qadının dodaqları titrədi. Elə bil nəsə demək istəyirdi, amma sözlərini uzun müddət əvvəl itirmişdi.

— Siz həmin gecə harada idiniz? — hakimsayağı baxışlarla gözlərini bərəldən ortadakı hakim qadın yanımdakından soruşdu.

— Qapının qarşısında.

— Bəs siz? — hakim qadın bu dəfə sualı mənə ünvanladı.

— Qapının arxasında – rahatlıqla cavab verdim.

Qarşımızdakı masa arxasında oturanlardan üzsüz olanı ilk dəfə danışmağa başladı.

— Deməli, qapının hər iki tərəfində olmuşsunuz. Bəs niyə bir-birinizdən bu qədər uzaq düşmüsünüz?

Bu sualın cavabını nə mən, nə də yanımdakı qadın verə bilmədik… Hakim qadın üzərinə qalın, qara rəngdə olan bir rəqəmi yazılmış düyməni basdı. Otağın arxa divarında qapı göründü. Köhnə taxta qapı, paslı dəstək, döşəməyə düşən zəif işıq. Mən bu qapını dərhal tanıdım. Onu uşaqlığımda hər gün görmüşdüm. Evin giriş qapısı idi. Bu zaman divardakı saatın əqrəbləri hərəkətə gəldi. Saatın gödək əqrəbi on birin üstündə, uzun əqrəbi isə beşlə onun aralığında idi. O gecə doqquz yaşım vardı. Atamla anamın arasında nə baş verdiyini tam anlamırdım. Böyüklərin söhbətlərində uşaqlara aid olmayan sözlər deyiləndə, onlar uşağın otaqdan çıxmasını istəyirlər. Halbuki uşaq otaqdan çıxanda söhbətin özü bitmir; sadəcə, qorxu divarların arxasına keçir. Atam həmin axşam evdə idi. Mətbəxdə oturmuşdu. Üzündə elə bir ifadə vardı ki, mən ondan nə baş verdiyini soruşmağa cəsarət etmirdim. Sonra qapı döyüldü.

Bir dəfə…iki dəfə…üç dəfə. Atam başını qaldırdı.

— Açma — dedi.

Mən qapını açmasam da dedim.

— Kimdir?

— Heç kim – qapı arxasından səs gəldi.

Amma mən bilirdim ki, heç kim qapını bu cür döymür. Atam mətbəxdən çıxıb otağına keçdi. Qapının döyüntüləri davam edirdi. Mən dəhlizdə dayanmışdım. Əlim qapının dəstəyinə yaxınlaşır, hər dəfə geri çəkilirdi. Sonra anamın səsini eşitdim. Məni çağırdı. Elə çağırdı ki, mənim içimdəki uşaq bir addım irəli atdı, böyüklərdən öyrəndiyim qorxu isə onu yerində saxladı. Qapını açmadım. Anam yenə döydü. Mən divardakı saata baxdım. Əqrəblər yavaş-yavaş hərəkət edirdi. Onun hərəkəti məni sakitləşdirirdi; çünki mənim yerimə başqa bir şey qərar verirdi. Mən yalnız dəqiqələri saya bilərdim. Səkkiz…doqquz…on… Anamın səsi kəsildi. Sonra yenidən eşidildi.

— Oğlum…

Mən nəfəsimi saxladım. Atamın otağının qapısı açılmadı. Mətbəxdəki işıq söndü. Evdə hər şey susdu, təkcə qapının o biri üzündəki adam susa bilmirdi.

On yeddi dəqiqə keçdi. Ayaq səsləri uzaqlaşdı. Mən qapının arxasında bir az da dayandım. Sonra dəstəyi çevirmək istədim. Artıq gec idi… Həmin gecədən sonra anamı bir daha görmədim. Atam səhər mənə onun getdiyini dedi.

— Özü belə istəyib — söylədi.

Mən heç nə soruşmadım. Sonrakı illərdə həmin gecəni xatırlayanda yalnız bir şeyi düşünürdüm: əgər qapını açsaydım, anam gedərdimi? Bu sual mənimlə böyüdü. Məktəbə getdi, universitetə daxil oldu, işə başladı, insanları sevdi, onlardan uzaqlaşdı. Bütün bu illər ərzində sual bir dəfə də olsun qocalmadı. Mən isə qocaldım. O isə hər gecə saat on ikiyə yeddi dəqiqə işləmiş qapını döyməyə davam etdi.

— Bu görüntüdə nə görürsünüz? — hakimsifət qadının səsi məni xatirədən ayırdı.

— Anamı.

Yanımdakı qadın başını aşağı saldı.

— Onun niyə getdiyini bilirsiniz? — hakim qadın soruşdu.

— Bilmirəm.

— Sizcə, qapını açsaydınız, o qalardı?

— Bilmirəm.

— Bəs onda nəyi geri istəyirsiniz?

Mən cavab verməyə hazırlaşdım, amma yanımdakı qadın məndən əvvəl danışdı:

— Mən həmin gecəni geri istəyirəm.

Hamı ona baxdı.

— Niyə? — üzsüz soruşdu.

Qadın çantasından balaca ayaqqabını çıxarıb masaya qoydu.

— Çünki mən onun qapını açmadığını düşündüm. Elə bildim ki, məni görmək istəmir. O gecə gedəndə qərara gəldim ki, daha onu narahat etməyəcəyəm.

Mən ayağa qalxdım.

— Mən doqquz yaşında idim!

— Bilirəm — dedi.

— Mən qorxmuşdum.

— Onu da bilirəm.

— Atam qapını açmağa qoymadı.

Qadın gözlərini yumdu. Əvvəlcə başını yelləyərək təsdiqlədi sonra qırıq-qırıq səslərlə:

— Bunu isə bilmirdim…

Bu sözlər mənə sillə kimi dəydi.

— Bilmirdiniz?

— Mən qapının arxasında dayananda sən otağında olduğunu düşünürdüm. Səsini eşitməyə çalışırdım. Bir dəfə ayaq səsləri eşitdim, elə bildim gəlirsən. Sonra dayandın. Mən sənin məni görmək istəmədiyini düşündüm.

— Mən sizdən qorxmurdum…

Sözüm yarımçıq qaldı. Mən əslində ondan qorxmadığımı sübut etmək üçün bu qədər il gözləmişdim. İndi isə bunu özünə demək üçün çox gecikmiş bir uşağın dilindən bundan başqa heç nə eşidilmirdi. Qadın çantasından qatlanmış bir məktub çıxardı.

— Mən də bir neçə il sonra sənə məktub yazdım. Ünvanı dəqiq bilmirdim. Sonra zəng etməyə çalışdım. Hər dəfə başqa səbəb tapdım. Bir dəfə nömrəni yığdım, son rəqəmi yığmadım. Bir dəfə də qapınıza qədər gəldim, amma pilləkəndən geri döndüm.

— Axı niyə?!

O, məktubu açmadı.

— Çünki mən də öz qorxumu sənin qərarın kimi qəbul etmişdim.

Mən oturdum. İllər boyu anamın getməsini özümün açmadığım bir qapı ilə izah etmişdim. İndi qarşımdakı qadın mənə göstərirdi ki, o qapı yalnız bir dəfə bağlanmamışdı. Sonrakı illərdə hər ikimiz özümüzə yeni qapılar qurmuş, hər dəfə onların arxasında gizlənmişdik. Mən uşaq ikən qapını açmamışdım. O isə mən böyüyəndən sonra da qapımı döyməyə cəsarət etməmişdi. Bu iki hadisənin arasında bir ömür vardı. Heç birimizin onun neçə il olduğunu hesablamağa gücü çatmırdı.

— Bəs siz indi nə istəyirsiniz? — hakimsifət qadından soruşdu.

— Həmin on yeddi dəqiqəni…geri istəyirəm…

— O zaman nə edərdiniz?

Qadın ilk dəfə idi ki, üzümə baxmadan danışırdı:

— Bilmirəm. Bəlkə qapını daha çox döyərdim. Bəlkə onun adını daha bir dəfə də çağırardım. Bəlkə getməzdim. Bəlkə də yenə gedərdim, amma heç olmasa onun məni eşitdiyini bilərdim.

Qadın hakim mənə çevrildi.

— Bəs siz?

Mən cavab vermədim. Çünki doqquz yaşlı uşağın nə edəcəyini bilirdim. O, yenə qorxacaqdı. Atasının sözünü dinləyəcək, qapının dəstəyinə toxunub geri çəkiləcəkdi. Mənim bilmədiyim başqa bir şey vardı: qırx yaşlı adam indi nə edəcəkdi?

— İddianızı təmin edə bilmərik — hakim qadın dedi.

Qadın başını tərpətdi. Sanki bu cavabı çoxdan gözləyirdi. Hakim qadınsa həvəslə, bir qədər də zəhimli dodaqlarını əyərək danışmağa davam edirdi.

— Yaşanmış dəqiqələr geri qaytarıla bilməz. Hər iki müraciət eyni hadisəyə aiddir, lakin hər biriniz həmin hadisənin yalnız öz tərəfini xatırlayırsınız. Siz bir-birinizin nə düşündüyünü bilməmisiniz. Sonra bilmədiyiniz şeyləri həqiqət hesab edərək yaşamısınız.

— Deməli, günahkar yoxdur? — soruşdum.

— Biz günahkar axtarmırıq! Siz vaxtın qaytarılmasını tələb etmisiniz!

Bu ara da üzsüz kişi hakim qadınla olan dialoqumuzun arasına girdi:

— Bir şey soruşacağıq… Əgər həmin on yeddi dəqiqə bu gün sizə qaytarılsaydı, nə edərdiniz?

Mən qadına baxdım. O, da mənə baxdı. İlk dəfə idi ki, aramızda qapı yox idi.

— Mən açardım — dedim.

Qadın dodaqlarını dişlərinin arasında sıxdı.

— Mən isə bir az da gözləyərdim.

Qarşımızdakı uzun masa arxasında oturanlar bir-birinə baxdılar.

— Bəs indi? — deyə üzsüz soruşdu.

Mən nəhayət başa düşdüm ki, idarə bizim keçmişimizi dəyişmək üçün yaradılmayıb. Buraya gələn hər kəs öz həyatında baş vermiş bir hadisənin başqa cür ola biləcəyinə inanırdı. Bəlkə də bu inam insanı ayaqda saxlayırdı. Amma insan illərlə başqa cür ola biləcək bir həyatı gözləyərkən əlində olan həyatın nə vaxt dəyişdiyini hiss etmir. Mən qadına tərəf çevrildim.

— İndi mənimlə gəlmək istəyərsiniz?

O, cavab vermədi. Sonra çantasını götürdü.

— Hara?

— Evimə. Çay içərik.

Qadın üzümə uzun müddət baxdı. Sanki məni tanımaq üçün cizgilərimi yox, illərdir eşitmədiyi səsimi axtarırdı.

— Sən çayı həmişə soyudurdun — dedi.

Mən gülümsədim.

— Bu dəfə soyutmarıq…

Heç kim bizə mane olmadı. İclas otağından çıxanda masanın üstündəki iki qovluq açıq qalmışdı. Hər ikisinin son səhifəsində eyni söz yazılmışdı:

İŞ BAĞLANMAYIB.

Biz çölə çıxanda yağış yağırdı. Qadın çantasından çətir çıxardı. Çətiri açdı, amma mənə tərəf uzatmadı. Mən də onun çətirinin altına sığınmağa tələsmədim. Bir neçə addım yanaşı getdik. Sonra o, yavaşladı.

— Mən səninlə bir şeyi danışmaq istəyirəm — dedi.

— Buyurun.

— O gecə sənə nə demək üçün gəlmişdim, xatırlamıram.

Mən dayandım. Bütün bu illər ərzində özümə min dəfə vermədiyim sual birdən dilimə gəldi:

— Bəs niyə gəlmişdiniz?

Qadın çətirdən başını çıxarıb göyə baxdı. Sonra ağzını açaraq mil-mil yerə sancılan damlaları havadaca udmağa başladı. Baxmayaraq ki, ağzı yağış suyu ilə dolurdu olduqca sərbəst danışmağa davam etdi.

— Səni görmək istəyirdim.

Mən cavab vermədim.

— Hər şeyi xatırlamaq olmur — dedi — Bəzən insanın yaddaşında sözlər ölür, fəqət onları deməyə hər an ehtiyac yaranır.

O, yağış suyunu udmaqdan yorulmuşdu. Başını aşağıya salıb çətirin altına girdi. Bu dəfə çətir ikimizi də yağışdan mühafizə edirdi. Çox keçmədi ki, qadın qoluma girdi. Biz yolumuza davam etdik. Evimə çatanda açarı cibimdən çıxardım. Qadın qapının qarşısında dayandı. Mən də dayandım. Bir anlıq uşaqlıq evimizin girişini xatırladım. Taxta qapını, paslı dəstəyi, divardakı saatı. Qadın mənə baxdı.

— Açmayacaqsan?

Mən açarı kilidə saldım.

— Bu dəfə açacağam.

Qapı açıldı. O içəri girdi. Mən arxasınca keçib qapını örtdüm, amma kilidləmədim. Mətbəxə keçdik. Çay qoydum. Qadın pəncərənin yanında oturdu. Mən stəkanları masaya düzdüm. Bir müddət heç nə danışmadıq. Sonra o, çayından bir qurtum alıb üzümə baxdı.

— Sən məni bağışlamısan?

Bəlkə də cavabını bilirdim. Yenə də soruşdum.

— Nəyə görə?

Qadın gözlərini aşağı saldı.

— Getdiyimə görə.

Mən uzun müddət düşündüm.

— Bilmirəm — dedim — Bəlkə əvvəlcə bir-birimizi tanımalıyıq.

O, başını tərpətdi. Bu cavab onu incitmədi. Əksinə, üzündə illərdir görmədiyim bir rahatlıq yarandı. Bəlkə də bağışlanmağın dərhal baş verməli olmadığı bir yerdə, ikimiz də ilk dəfə nəfəs ala bilmişdik. Çayımızı içdik. Saatın əqrəbləri irəli gedirdi… Gecə qadına yataq hazırladım. Otaqdan çıxanda qapının qarşısında dayandı.

— Sabah gedəcəyəm — dedi.

Bu söz məni qorxutmadı. Çünki o, getməyini gizlətmirdi, mən də qalmasını tələb etmirdim.

— İstəsəniz, sabah da qalarsınız.

— Bəs o biri gün?

— O biri günü də danışarıq.

Qadın mənə yaxınlaşdı. Əlini üzümə toxundurdu, sonra əllərini aşağı saldı. Bu hərəkəti xatırladım. Uşaqlıqda yatmazdan əvvəl saçımı belə sığallayardı.

İçimdəki doqquz yaşlı uşaq başını qaldırdı, ancaq bu dəfə heç nə tələb etmədi. Qadın otağa girdi. Mən qapını örtmədim. Səhər mən yuxudan duranda o, artıq oyanmışdı. Mətbəxdə oturub köhnə bir fotoşəkilə baxırdı. Şəkildə mən uşaq idim. Qapının qarşısında dayanmışdım. Arxamda anam görünürdü.

— Bu şəkil sizdə də var? — soruşdum.

— Yox — dedi. — Bunu ilk dəfə görürəm.

Şəkli çevirdim. Arxasında mənim xəttimə bənzəyən bir yazı vardı:

BİR GÜN BÖYÜYƏNDƏ QAPINI AÇACAĞAM. Mən bu cümləni nə vaxt yazdığımı xatırlamadım. Bəlkə uşaqlıqda, bəlkə də dünən gecə. Yazının mürəkkəbi solmuşdu, kağız isə kənarlarından saralmışdı. Qadın şəkli əlimdən aldı.

— Bu, sənin xəttindir — dedi.

Mən başımı tərpətdim.

— Bəlkə də…

Bir müddət şəkilə baxdıq. Sonra qadın onu masanın üstünə qoydu.

— Sənə bir şey deyim?

— Buyurun.

— Mən o gecə qapının arxasında dayananda elə bilirdim ki, içəridəki uşaq məni eşitmir.

— Mən sizi eşidirdim.

— Bilirəm — dedi — İndi bilirəm.

Onun əlindən tutdum. Çöldə yeni gün başlayırdı. İnsanlar işə tələsir, maşınlar küçələrdən keçir, bir uşaq anasının əlindən tutub yolu keçirdi. Heç kim bilmirdi ki, bir evin içində iyirmi ildən artıq davam etmiş sükut indicə ilk dəfə sözə çevrilib. Mən divardakı saata baxdım. Saatın gödək əqrəbi doqquzun üstündə, uzun əqrəbi on ikinin üstündə idi. O gecənin saat on ikinin yeddi dəqiqəsinə hələ çox vardı. Amma ilk dəfə idi ki, mən axşamı gözləmirdim. Çünki qarşımdakı qadının indi burada olduğunu bilirdim.

 

Bir neçə gün sonra idarədən məktub aldım. Zərfin üstündə göndərənin adı yox idi. İçərisində bir vərəq vardı:

“Hörmətli müraciətçi!

On yeddi dəqiqənin geri qaytarılması barədə ərizənizə baxılmışdır. Tələb olunan zamanın bərpası mümkün deyil. Bununla belə, tərəflərin hazırkı görüşü qeydə alınmışdır. İş bağlanmayıb”

Məktubu qatlayıb kitabın arasına qoydum. Sonra anamın otağına getdim. Qapını döydüm.

— Buyurun — dedi.

Qapını açıb içəri girdim. O, pəncərənin yanında oturmuşdu. Əlində həmin balaca ayaqqabı vardı.

— Bunu niyə saxlamısınız? — soruşdum.

— Bir gün sənə göstərmək üçün.

— Nəyi?

Qadın ayaqqabının dabanındakı əyri xətti göstərərək.

— Sən adını yazanda hər dəfə üstündən xətt çəkirdin. Elə edirdin ki, səni heç kim tanımasın. Mən isə həmişə səni o xətdən tanıyırdım.

Mən ayaqqabını götürdüm. Dabanında adımın ilk hərfi vardı. Üstündən çəkilmiş xəttin altında adımın ilk hərfi hələ də oxunurdu. Həmin gün mən idarəyə ikinci ərizə yazmadım. İtirilmiş vaxtımı geri istəmədim. Anamdan da keçmişin hesabını soruşmadım. Sadəcə, onunla oturub çay içdim. Sonra uşaqlığımı danışdım, o öz gəncliyindən danışdı. Bəzi şeylərdə xatirələrimiz bir-birinə uyğun gəlmədi. Bəzi hadisələri o başqa cür xatırlayırdı, mən başqa cür. Bir neçə dəfə mübahisə etdik, sonra susduq… Ertəsi gün yenə birlikdə çay içdik.

Bir gün o, məndən soruşdu:

— Səncə, mən o gecə bir az da gözləsəydim, hər şey başqa cür olardımı?

Mən pəncərədən küçəyə baxırdım.

— Bilmirəm — dedim.

— Bəs sən qapını açsaydın?

Bu dəfə də cavabım dəyişmədi.

— Bilmirəm.

Qadın əlimi tutdu.

— Deməli, heç vaxt bilməyəcəyik.

— Bəli…

Bir müddət susduq. Sonra sükutu özüm pozdum.

— Amma indi bilirik ki, buradayıq.

Anam başını çiynimə söykədi. Divardakı saat işləyirdi. Mən onun səsini dinlədim. Hər saniyə bir sonrakına keçir, heç nə geri qayıtmırdı. Və mən ilk dəfə idi düşünmədim zaman məndən nə aparır. Bütün varlığımın hərarətilə, hisslərimin gücüylə yalnız anamın əllərini bərk, bir az da bərk sıxdım. Çünki ötən dəqiqələr geri qayıtmır, qayıtmayacaq da…

Racu Şıxlı

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…