Bu gün üçün Bakı – Qazax qatarına Birinci klass biletin qiyməti 147 manat nəzərdə tutulub – 147 manat!
Vağzala qədər taksi ödənişlərini nəzərə alsaq bu rəqəm 170 manata qalxacaq.
Ağlasığmazdır. Görəsən, bu xidmətin daxilində nələr nəzərdə tutulub?
TEZADLAR.AZ xəbər verir ki, bu sözləri Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
O qeyd edib ki, dövlət sektorunda ezamiyyə xərcləri ilə bağlı qaydalarda dövlət qulluqçuları üçün belə yol xərcləri nəzərdə tutulmayıb.
“Yəni nazirlər, yüksək vəzifəlilər güman ki bundan istifadə etməyəcəklər. Biznes sektoru da, Qazax rayonunun sahibkarları da ağlım kəsmir ki, gediş-gəliş üçün 300+ manat ödəsin.
Belə olan halda maraqlıdır ki, ADY belə ifrat yüksək qiyməti hansı təbəqə üçün, hansı metodlarla müəyyən edib?
Biz gözləyirdik ki, ADY, hətta Bakı – Balakən qatarının qiymətlərini xeyli endirəcək. Monitorinqlər də göstərirdi ki, doluluq, bayramları çıxsaq heç vaxt yetərli olmur.
Bir daha qeyd etmək istərdim ki, 6 il dayanmış dəmiryolu ilə ölkədaxili sərnişin daşınmasının yenidən bərpa edilməsi təqdirəlayiq bir addım olsa da, qiymətlərin reallıqdan çox uzaq olması bir o qədər məyusedicidir.
Ümid edirəm ADY və hökumət nəzərə alacaq”, – deyə Osman Gündüz vurğulayıb.

Y.Məmmədli