Özbəkistan və Azərbaycan iqtisadi-ticari, investisiya və nəqliyyat əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndirmək, həmçinin energetika və turizm sahələrində qarşılıqlı fəaliyyəti gücləndirmək niyyətindədir. Tezadlar.az xəbər verir ki, bu barədə “Euronews”un məqaləsində deyilir.
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan liderinin dövlət səfəri çərçivəsində Daşkənddə danışıqlar aparıblar. Liderlər ikitərəfli əlaqələrin gələcək inkişafını müzakirə ediblər və uzunmüddətli əməkdaşlığın əlaqələndirilməsi üçün 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şuranın üçüncü iclasını keçiriblər.
Dövlət başçıları Əbədi dostluq haqqında Müqavilə imzalayıblar. Sənəd İ.Əliyevin Özbəkistana ikigünlük dövlət səfərinin əsas nəticələrindən biri olub.
Danışıqlardan sonra jurnalistlər qarşısında çıxış edən Ş.Mirziyoyev Azərbaycanı etibarlı müttəfiq, strateji tərəfdaş və qardaş dövlət adlandırıb.
Əsas hədəflərdən biri 2030-cu ilə qədər ikitərəfli ticarətin həcminin 1 milyard dollara çatdırılması olub. Daşkəndə səfərindən əvvəl Özbəkistanın “UzA” dövlət informasiya agentliyinə verdiyi müsahibədə İ.Əliyev qeyd edib ki, 2025-ci ildə ölkələr arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında ticarətin həcmi 144 milyon dollar təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur.
Əməkdaşlıq çərçivəsində həmçinin hər iki ölkədə layihələri maliyyələşdirmək üçün 2023-cü ildə 500 milyon dollar kapitalla yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti fəaliyyətini davam etdirir.
Səfər çərçivəsində Azərbaycan şirkətlərinin iştirakı ilə bank, tikinti, təhsil, yanacağın pərakəndə satışı, turizm, mənzil tikintisi, dağ-mədən sənayesi və kənd təsərrüfatı sahələrində layihələrə start verilib və onların açılışı olub. Bu layihələr arasında gips istehsalı zavodu, iki STEAM məktəbi, SOCAR-ın planlaşdırılan beş yanacaqdoldurma məntəqəsi və gümüş tərkibli filizin emalı müəssisəsi var.
Bundan başqa, Azərbaycanın ABB dövlət bankı Özbəkistanın “Davr Bank”ının səhmlərinin 51 %-nin alınması ilə bağlı danışıqlar aparır. “S&P Global”ın məlumatına görə, sövdələşmənin dəyəri 100 milyon dolları ötür, lakin hələ lazımi tənzimləyici təsdiqlər alınmalıdır.
Daha bir iri layihə Daşkənd vilayətindəki Çarvak su anbarının sahilində yerləşən “Sea Breeze Uzbekistan” turizm kompleksidir. 577 hektar sahəsi olan layihəyə investisiyalar 5 milyard dollar həcmində qiymətləndirilir. Kompleks ilboyu turizm və yaşayış infrastrukturunun inkişafı üçün nəzərdə tutulub.
Tərəflər neft-qaz sahəsində birgə layihələri də müzakirə edirlər. İ.Əliyevin sözlərinə görə, neft və qaz kəşfiyyatı üzrə ikitərəfli layihələr başa çatmaq üzrədir və kəşfiyyatın nəticələri müsbət olacağı təqdirdə, istismar quyularının qazılmasına artıq gələn il başlanıla bilər.
Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirilib. İ.Əliyev Mərkəzi Asiya və Azərbaycanı vahid geosiyasi və geoiqtisadi region adlandırıb. Liderlər nəqliyyat əlaqələrini gücləndirmək, logistika infrastrukturunu inkişaf etdirmək və Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən Transxəzər marşrutu üzrə yük daşımalarının həcmini artırmaqla bağlı razılığa gəliblər.
Ş.Mirziyoyev Xəzər dənizində birgə donanmanın yaradılması üzrə işlərin intensivləşdirilməsi ilə bağlı planları da açıqlayıb.
İ.Əliyevin səsləndirdiyi rəqəmlərə əsasən, 2025-ci ildə Özbəkistan və Azərbaycan arasında tranzit yüklərin həcmi 1,4 milyon ton təşkil edib. 2026-cı ilin birinci yarısında bu göstərici illik ifadədə 12,2 % artaraq 675 min tona çatıb.
İnşası davam edən Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhliz və Cənubi Qafqazdan keçən marşrutlarla birləşdirilməsi da perspektivli istiqamət olaraq qalır.
Enerji sahəsində əməkdaşlıq da yeni səviyyəyə yüksəlir. Azərbaycan, Qazaxıstan və Özbəkistan üç ölkənin enerji sistemlərinin birləşdirilməsini və bərpa olunan elektrik enerjisinin Xəzər dənizi vasitəsilə Azərbaycana və daha sonra Avropa bazarlarına ötürülməsi imkanlarının öyrənilməsini nəzərdə tutan “yaşıl enerji” dəhlizi layihəsini inkişaf etdirirlər.
Səfər çərçivəsində Özbəkistan və Azərbaycan həmçinin pensiya təminatı, mədəniyyət, turizm sahəsində, xarici siyasət və ədliyyə idarələri, eləcə də iki ölkənin şəhərləri arasında əməkdaşlıq haqqında sazişlər imzalayıblar.
Bundan başqa, ölkələr 2027-ci ildə FIFA U20 dünya çempionatına birgə ev sahibliyi edəcək. Ş.Mirziyoyev “İki ölkə – bir çempionat” adlı birgə proqramın hazırlanacağını elan edib.
Daşkənddə liderlər həmçinin Nizami adına Milli Pedaqoji Universitetin 20 min tələbə üçün nəzərdə tutulmuş yeni kampusunun açılışında iştirak edib və Yeni Daşkənddə Azərbaycan parkının tikintisinə start veriblər. Bakıda isə Özbəkistan parkının yaradılması planlaşdırılır.
Səfərin yekunları üzrə prezidentlər arasında iki ölkənin ali dövlət mükafatlarının mübadiləsi baş tutub. İ.Əliyev Özbəkistanın “Dostluq” ordeni, Ş.Mirziyoyev isə Azərbaycanın “Heydər Əliyev” ordeni ilə təltif edilib.






