Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Əhalinin məlum səbəbdən sıx məskunlaşdığı paytaxt şəhərlərindəki rəsmi qurumların binalarının kənara köçürülməsi həmişə aktual olub. İndi də bu məsələ gündəmdədir.
Elə oxşar problem səbəbindən Gürcüstan hökuməti, parlamentin Rustaveli prospektindəki tarixi binasından Arsenal dağında yerləşən yeni əraziyə köçürülməsi ilə bağlı layihə hazırlayır. Bələdiyyə İnkişafı Fondu, hökumətin tapşırığı ilə, bu istiqamətdə bazar araşdırması keçirir. 24News.ge xəbər verir ki, layihə çərçivəsində yalnız parlamentin deyil, həmçinin hökumət administrasiyası, Tbilisi Şəhər Meriyası və doqquz nazirliyin yeni binalara köçürülməsi nəzərdə tutulur. Tbilisi yaxınlığında Arsenal dağında yerləşən 77 hektar torpaq sahəsi, hökumətə məxsusdur və bu ərazi Tbilisidə dövlətə aid ən böyük zonalardan biridir. Hökumət əvvəlcə dövlət şəhərinin inşasını Ortacala bölgəsində planlaşdırsa da, layihə ünvanını dəyişdirərək Arsenal dağında həyata keçirməyi qərara alıb. Yeni ofis və inzibati binaların ümumi sahəsi 282,750 kvadratmetr olacaq. Bu binalardan ən böyüyü Tbilisi Şəhər Meriyasına məxsus olacaq və sahəsi 59,900 kvadratmetr olacaq.
Parlamentin yeni binası isə 31,350 kvadratmetr sahəni əhatə edəcək. Layihə çərçivəsində müxtəlif dövlət orqanları üçün ofis binalarının inşası planlaşdırılır. Yeni layihənin məqsədi dövlət xidmətlərinin əlçatanlığını artırmaq və müasir, davamlı bir dövlət şəhəri yaratmaqdır. Binalar şəhərsalma tələblərinə uyğun olaraq inşa ediləcək və dövlət xidmətlərinin daha effektiv şəkildə göstərilməsinə imkan yaradacaq. 2007-ci ildə, “Kala Capital”ın törəmə şirkəti olan “Arsenal Development”, Arsenal dağında 77 hektar torpaq sahəsini 38 milyon dollara alıb. Lakin, 2008-ci ilin müharibəsi və iqtisadi çətinliklər səbəbindən layihə həyata keçirilməyib.
Gürcüstan hökuməti, 2024-cü ilin avqust ayında layihəni yenidən gündəmə gətirib və bu istiqamətdə təhlil və işlərin görülməsi üçün Bələdiyyə İnkişafı Fonduna tapşırıq verib. Layihənin tam həyata keçirilməsi üçün şəhərsalma tənzimləmə planları hazırlanacaq və müvafiq icazə alındıqdan sonra işlərə başlanacaq. Hazırda layihənin 2026-cı il büdcəsində yer almadığı bildirilir.
Layihənin həyata keçirilməsi ilə bağlı konkret torpaq sahələrinin özəlləşdirilməsi məsələsi də gündəmə gəlib. Hökumət, yeni ofis binalarının inşası və köhnə dövlət binalarının satılması ilə iqtisadi aktivliyi artırmağı planlaşdırır.
Oxşar qərar tıxaclardan cana doymuş paytaxt Bakı üçün də nəzərdə tutulduğu deyilir. Belə olarsa, Bakının əsas nəqliyyat yükü xeyli azalar… Məsələn, “Təzadlar”ın araşdırmalarına görə, hazırda Bakı şəhərində məskunlaşmış 17 nazirlik, 7 dövlət komitəsi və 7 dövlət şirkəti və xidməti fəlaiyyət göstərir. Mərkəzi İcra hakimiyyəti orqanlarının siyahısını təqdim edirik:
Nazirliklər
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
3. Azərbaycan Respublikasının Energetika Nazirliyi
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
6. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
7. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
8. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
10. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
11. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
12. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
13. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
14. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
15. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
16. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
17. Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Dövlət komitələri
1. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
2. Diasporla İş üzrə Dövlət Komitəsi
3. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
4. Dövlət Gömrük Komitəsi
5. Dövlət Statistika Komitəsi
6. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
7. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Dövlət şirkətləri və dövlət xidmətləri
1. Dövlət Miqrasiya Xidməti
2. Dövlət Sərhəd Xidməti
3. Dövlət Təhlükəsizliyi Xidməti
4. Xarici Kəşfiyyat Xidməti
5. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
6. Qida Təhlükəsizliyi Agentliyi
7. Dövlət Turizm Agentliyi
***
İndi təsəvvür edin, bu qədər nazirlik və komitələrdə… nə qədər məmur-dövlət qulluqçusu çalışır, hər birinin də xidməti və ya şəxsi avtomobili var… Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycanda 30 minə yaxın dövlət qulluqçusu vardır. Bu, təxminən 30 mindən çox avtomobil deməkdir. Dövlət qulluqçusu statusu olmayan vəzifəliləri, onların köməkçilərini, deputatları, hakimləri, onların köməkçilərini və s. bura əlavə etsək, orta hesabla Bakıda 50 minə yaxın avtomobilin paytaxt küçələrində hərəkətdə olduğunu bilmək çətin deyil. Üstəlik, nə qədər şəxsin paytaxtın mərkəzindəki bu nazirlik, şirkət və komitələrə gedib-gəlməsini də nəzərə alsaq, vəziyyət bir az da aydın olacaq… Əgər mərkəzdən kənara köçürmə olarsa, Bakının ruhu dincələr, ekologiyası da beşqat yaxşılaşar…
Mövzunu davam etdirəcəyik.
A.Məmmədli