İran prezidenti Pezeşkian Hörmüz boğazından tranzit marşrutu ilə bağlı Omanla razılığa gəldiklərini və ABŞ-nin 17 iyunda Pakistanın vasitəçi kimi imzaladığı anlaşma memorandumundakı öhdəliklərini yerinə yetirəcəyi təqdirdə boğazın açılacağını bildirib.
Tezadlar.az xəbər verir ki, dövlət televiziyasında çıxış edən İran Prezidenti Məsud Pezeşkian ölkəsinin daxili və xarici işlərini qiymətləndirib.
O, Hörmüz boğazı ilə bağlı Omanla apardıqları müzakirələrdə Hörmüz boğazının “razılaşdırılmış yol xəritəsi əsasında” yenidən açıla biləcəyi barədə razılığa gəlindiyini bildirib.
İran Prezidenti deyib: “Hazırkı danışıqlar prosesində Hörmüz boğazı üçün yol xəritəsi hazırlanıb. Bu yol xəritəsi Ali Liderə (İran lideri Ayətullah Müctəba Xamenei – RED.) təqdim edilib və İnqilab Keşikçiləri, hərbi qüvvələr və danışıqlar qrupundakı qardaşlarımız tərəfindən qəbul edilib.”
“Əgər bu marşrut həmin çərçivələrə uyğun olaraq açılarsa, ABŞ da öz öhdəliklərini yerinə yetirməlidir”, – deyən Pezeşkian əlavə edib ki, Vaşinqton dəniz blokadasını və sanksiyalarını ləğv etməli, dondurulmuş İran aktivlərini azad etməli və İsrailə Livandakı hərəkətlərini dayandırmaq üçün təzyiq göstərməlidir.
Pezeşkian bildirib ki, “Hörmüz boğazının açılması İslamabad Anlaşma Memorandumunda göstərilən və hər iki tərəf tərəfindən qəbul edilən çərçivəyə uyğundur və bu, həyata keçirilməlidir”.
“Qonşu ölkələrlə yaxşı münasibətlər qurmalıyıq”
Çıxışının digər bir hissəsində Pezeşkian qonşularla münasibətlərin əhəmiyyətinə toxunaraq deyib: “Sevimli və şəhid liderimizin (ABŞ-İsrail hücumunda həyatını itirən İranın keçmiş lideri Ayətullah Əli Xamenei – RED.) fikirlərinə əsaslanaraq, diplomatiyanı gücləndirməli və qonşu ölkələrlə yaxşı münasibətlər qurmalıyıq, lakin bu münasibətlərdə yavaş irəliləyiş əldə edirik”.
“İranın qonşularının əksəriyyəti İslam ölkələridir və biz onlarla ortaq məxrəc tapmalı və regionun təhlükəsizliyini birgə təmin etməliyik. Bu məqsədə çatmaq üçün dialoq və qarşılıqlı əlaqə tələb olunur. Biz Pakistan, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Misir, Azərbaycan və Türkmənistanla ortaq bir anlaşma inkişaf etdirmək istəyirik. Bunun üçün zəmin hazırdır; sadəcə baxışlarımızı düzəltməliyik”, – deyə Pezeşkian bildirib.
ELBAR







