İran prezidenti Məsud Pezeşkian İranın ABŞ ilə müharibə axtarmadığını və danışıqlar yolu ilə razılığa gəlməyə hazır olduğunu bildirib.
Tezadlar.az xəbər verir ki, Pezeşkian 81-ci BMT Baş Assambleyasının açılış həftəsində iştirak etdiyi Nyu-Yorkda Fox News-un suallarını cavablandırıb.
İranın müharibəni, yoxsa razılaşmanı üstün tutduğu soruşulduqda, Pezeşkian “Biz müharibəni seçmirik; bizə müharibə tətbiq edildi. Biz müharibə axtarmırıq” deyib.
Hörmüz boğazındakı mübahisələr səbəbindən pozulan, lakin 60 gün ərzində yekun sülh razılaşmasını nəzərdə tutan iyun razılaşmasına toxunan Pezeşkian Tehranın Vaşinqtonla razılaşmaya doğru irəliləməyə hazır olduğunu vurğulayıb.
İki ölkə arasında davam edən gərginlik fonunda mülayim açıqlamalar verən İran prezidenti əlavə edib: “Biz sizin prezidentinizlə (Donald Tramp) razılığa gəlmişik. Buna əsaslanaraq, irəliləməyə hazırıq və hələ də bunu arzulayırıq”.
Pezeşkian müharibənin bitib-bitməməsi ilə bağlı seçim etməli olan tərəfin ABŞ olduğunu bildirib.
İranın beynəlxalq hüquq və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsindəki öhdəliklərinə əməl edəcəyini bildirən Pezeşkian Yəməndəki husilərlə bağlı deyib: “Husilər öz hərəkətlərinə görə məsuliyyət daşıyırlar. Onlar bizdən əmr almırlar”.
Pezeşkian həmçinin qeyd edib ki, təxminən bir ay əvvəl rifahı ilə bağlı şayiələr yayılan İran lideri Müctəba Xamenei ilə “şəxsən” görüşüb, onunla təxminən yeddi saat vaxt keçirib və səhhətinin “çox yaxşı” olduğunu da qeyd edib.
ELBAR







