Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Mən Mədəniyyət Nazirliyinə məscidin mühafizəsi və bərpası üçün müraciət edəndə, hələ 2005-ci ildə mənə yazılı şəkildə cavab verildi ki, guya Ləhiş bağları ərazisində yerləşən Sultan Əli məscidi memarlıq abidəsi dövlət tərəfindən qorunur…”
Bunu “Təzadlar” qəzetinə verdiyi müsahibədə Bakı milyonçusu Hacı Sultan Əli Haşiminin nəticəsi Rəna Əliyeva (Haşimi) bildirib.
Onun sözlərinə görə ötən il məsciddəki kitabənin bir hissəsi oğurlanıb:
“Buna görə Türkiyədəki müalicəmi yarımçıq qoyub Azərbaycana qayıtdım. Daha əvvəl kitabədən biri qopub yerə düşmüşdü və mən onu götürüb özümdə saxladım. O biri hissəsini isə bilərəkdən oğurladılar. Çünki çox adam bilmir ki, oralar qədim qəbiristanlıqdı, məsciddi, çünki artıq dağılıb, yox olmaq üzrədir. Ərazini satmaq üçün müştəri gətirəndə məscidi, üzərindəki kitabəni görüb almayacaqdılar. Yəni, həmin əraziyə kimlərsə naşı adamları müştəri qismində gətirdiyi deyilir, hansı ki, satılması qeyri-mümkündür”.
O, vaxtilə mədəniyyət naziri vəzifəsində çalışmış Polad Bülbüloğlunun təsdiqlədiyi sənədi də aldığını deyib:
“Hətta mənə o zaman mədəniyyət naziri Polad Bülbüloğlunun imzası ilə təsdiqlənmiş sənəd də verildi. Həmin sənəddə Hacı Sultan Əli məscidinin mühafizə zonasının planının surəti öz əksini tapmışdı. Məni nazirlik tam arxayın saldı.

Mən Mədəniyyət Nazirliyinə məscidin mühafizəsi və bərpası üçün müraciət edəndə, hələ 2005-ci ildə mənə yazılı şəkildə cavab verildi ki, Ləhiş bağları ərazisində yerləşən Sultan Əli məscidi AR NK-nin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (inv. № 3181, t/t-XIX əsr) dövlət tərəfindən qorunur. Halbuki məscid qətiyyən qorunmurdu. Və mən ölkə xaricində yaşadığım üçün vəziyyətə daima nəzarət edə bilmirdim. Yalnız telefon vasitəsilə Turqut bəyin ailə üzvləri vasitəsilə xəbər tuturdum. Lakin buna baxmayaraq, özüm gəlib məscidin layihəsini hazırlatdırmışam – həm məscidin bərpası, həm də babamın məzarüstü türbəsinin layihəsini”, – deyə qeyd edib.

Daha sonra bildirib ki, illər öncəsi məscidin qorunmadığını və dağıldığını gördükdə nazirliyə öz hesabına bərpa edə biləcəyini açıqlayıb. Lakin nazirliyin layihəni təsdiqləməsi məscid dağıldıqdan sonra baş tutub:
“Mən məscidin dağıldığını və kimsənin maraqlanmadığını görüb 2004-cü ildə – maddi imkanım yol verən zaman Mədəniyyət Nazirliyinə müraciət edərək məscidi öz şəxsi vəsaitim hesabına bərpa etmək istədiyimi bildirmişdim. Lakin o zaman onlardan müsbət cavab almadım. Sonradan, mədəniyyət naziri Əbülfəs Qarayevin dövründə də – 2013-cü ildə bir daha nazirliyə məscidin bərpası üçün müraciət edəndə, yenə də yazılı cavab verildi ki, layihə hazırdır və bərpa işlərinin 2014-ci ildə nazirliyə ayrılacaq vəsait hesabına həyata keçirilməsi nəzərdə tutulub. Amma bu, yenə də vəd olaraq qaldı… 10 il keçdi və mən yalnız 2024-cü ildə nazirlikdən məscidin bərpa layihəsini təsdiqlənmiş şəkildə aldım. Yəni, əvvəldən layihə var idi və onu müxtəlif qurumlar – AMEA, FHN… təsdiqləyərək mənə geri verdilər ki, etiraz etmirik, get, bərpa elə… İndi isə mənim buna maddi imkanım yoxdur, həmçinin məscid tamamilə dağılıb. Hansı ki, illərlə Mədəniyyət Nazirliyi vədlər verərək məni arxayın salırdılar. Əsas odur ki, məscidin ətrafındakı qədim məzarlıqda Bakını erməni daşnaklarından azad etmiş türk əsgərlərinin də qəbri var… Onu da qeyd edim ki, qəbiristanlığın ərazisinin tamamilə satılmasının qarşısını mən almışam. 2004-cü ildə Bakı şəhər RİH-in Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinə müraciət etdim ki, o qəbiristanlıq bizim nəslə-şəcərəyə məxsusdur. Onlar da sağ olsunlar, Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə 12 sotluq qəbiristanlıq ərazisini sənədlə mənə verilməsi barədə göstəriş verdilər. Mən olmasaydım, kiməsə sənəd veriləcəkdi, o da gedib bağ evi tikdirəcəkdi, bağ salacaqdı… Hazırda köhnə qəbiristanlıqda başdaşları yoxdur, yalnız qəbirlər qalıb. Dediyim kimi, orada həm də 1918-ci ildə şəhid olanlar da dəfn ediliblər. Mənim babamın xidmətləri çox olub. Heç olmasa tikdirdiyi məscid qorunardı, bərpa olunardı, qəbirüstü türbə tikilərdi. Halbuki hazırda mənim bütün bunları həyata keçirməyim üçün maddi vəsaitim yoxdur. Mən onun nəticəsiyəm və bütün bunları tələb etməyə haqqım var. Axı o, təkcə ulu babamdan qalan yadigar deyil, bir tarixdir, xalqa məxsus mədəni irsdir, mirasdır”, – deyib.
Qeyd edək ki, Rəna xanım Azərbaycan vətəndaşıdır və hazırda Türkiyədə yaşayır.
Daha ətraflı linkdə: Milyonçu Haşiminin nəticəsindən şok ittiham: “Babamın məktəbində küftəxana açıblar”
JASMİN
