Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yaxud, şəhidlərin abidəsinin yanında zibillik və 221 nömrəli məktəbə gedən yolda uşaqlar üçün təhlükə…

Milli Qəhrəman Polad Həşimovun adını daşıyan küçə bu gün təəssüf ki, qəhrəmanın adına layiq vəziyyətdə deyil. Burada yaşayan sakinlər həm zibil üfunəti, həm də yol təhlükəsi ilə hər gün üz-üzədirlər. Bəli, canını Vətən uğrunda fəda etmiş bir şəhidin adına olan küçə, bu gün diqqətsizlik, biganəlik və məsuliyyətsizliyin simvoluna çevrilib.
Şəhidlərin abidəsinin yanında zibillik? Təhqir və biabırçılıq!
Küçənin mərkəzi hissəsində, 221 nömrəli məktəbin yaxınlığında və Şəhidlərin abidəsinin düz yanında iri zibil qutuları qoyulub. Qutular hər gün ağzına qədər dolur, kənarları zibillə örtülür, zibil maşını içini boşaldır, amma ətraf olduğu kimi qalır. Nəticədə, küçəni bürüyən üfunət qoxusu və çirkli mənzərə artıq sakinlərin dözümünü tükədib. Camaat haqlı olaraq soruşur: “Nə qədər boş yerlər var, bəs niyə məhz Şəhidlərin abidəsinin yanını zibilliyə çeviriblər? Bu, şəhidlərə hörmətsizlik deyilmi?”Abidədən çox zibilxana nəzərə çarpır və abidə zibilin arxasında görünməz olur. Elə bil bu yerdə xatirə yox, tullantı yığını ucaldılıb. Bura gələnlərin çoxu bəlkə də burada Şəhidlərin abidəsinin olduğunu bilmir. Çünki onu görmək üçün əvvəlcə zibil dağını aşmaq lazımdır. Şəhidlərin xatirəsi bu qədər ucuz olmamalıdır. Əgər bu mənzərə illərlə belə qalırsa, deməli, təkcə zibil qutuları deyil, buna cavabdeh insanların vicdanı da zibillənib.

221 nömrəli məktəbin yanında yerləşən zibilxana artıq iyrənc bir mənzərəyə çevrilib. Görəsən, buraya baxan bir MİS, bir icra nümayəndəsi yoxdurmu? Axı bu ərazi elə bir yerdədir ki, uşaqlar hər gün məktəbə gedərkən onun yanından keçirlər. Burada nəzarət olmalıdır, çünki sakinlər burada yaşayır, uşaqlar bu yoldan istifadə edirlər. Hər səhər bu iyrənc mənzərənin içindən keçərək məktəbə gedirlər. Aidiyyəti qurumlar bu vəziyyətə dərhal diqqət yetirməli, tədbir görməlidirlər. Belə davam edərsə, bu zibillik bir çox xəstəliklərin yayılmasına da səbəb olacaq. Bu, artıq sadəcə məişət problemi deyil, insanların sağlamlığına ciddi təhlükədir. Özü də Milli Qəhrəmanın adını daşıyan bir küçədə – Şəhidlərin abidəsinin düz qarşısında!
***
Valideynlər deyirlər ki, uşaqlar hər gün bu mənzərənin içindən keçirlər. Bəziləri alternativ yol kimi zibilliyin arxasındakı dar cığırdan istifadə edir, amma bu da “xilas” yolu deyil. Orada da xəstəlik təhlükəsi var. Buradakı dəhşətli qoxu təkcə burnu yox, vicdanı da çatladır. Sakinlər, hətta alternativ yer də göstəriblər: “Üzbəüzdə yerləşən aptekin sag tərəfində boş sahə var, zibillik ora və yaxud da başqa bir boş yerə mütləq köçürülməlidir və köçürmək də mümkündür.” Amma aidiyyəti qurumlar üçün bu qədər sadə məsələni həll etmək, sanki böyük bir “fədakarlıq” tələb edir. Bir sözlə, Polad Həşimov adına olan küçənin mərkəzi hissəsi bu gün zibilliyə təhvil verilib.

Ərazidə yerləşən 221 nömrəli məktəbə gələn şagirdlər təkcə üfunət yox, yol qəzaları ilə də üz-üzədirlər. Küçədən keçən avtomobillər, marşrutlar, tırlar bəzən sürət yarışına çıxmış kimi hərəkət edirlər. Yol dar, sürücülər marşrut avtobuslarını düz zibilliyin yanında növbəylə saxlayırlar. Belə olan halda məktəbə gedən uşaqlar bəs haradan keçsin? Axı burada piyadalar üçün keçid də yoxdur. Bu səbəbdən də uşaqlar ya zibilliyin arxasından, ya da avtomobillərin arasından keçərək məktəbə çatmağa çalışırlar. Zibilxanada isə əbədi sakinlər – itlər farağat dayanıb! Bir sözlə, uşaqlar hər gün təhlükə ilə üz-üzə qalırlar.
Bu yol hər gün yüzlərlə məktəbli uşağın gediş-gəliş yoludur. Lakin bəla ondadır ki, lazımsız məkanlara 20–40 km/s sürət həddi üçün radarlar quraşdırıldığı halda, burada nəzarət tamamilə yoxdur. Dərslər başlayandan bəri bir neçə şagird avtoqəza nəticəsində xəsarət alıb. Elə bu yaxınlarda bir məktəbli avtomobil tərəfindən vurulub. Xoşbəxtlikdən sağ qalıb, amma belə hallar nə vaxta qədər davam etməlidir? Aidiyyəti qurumlar, ancaq faciədən sonramı hərəkətə keçməlidirlər? Mən dəfələrlə burada təhlükəli vəziyyətlərin şahidi olmuşam: sürətlə hərəkət edən avtomobillər, uşaqlarını götürmək üçün yol kənarında dayanan valideynlər və nəticədə yaranan xaos. Bu problemin qarşısı indi alınmalıdır. Təcili olaraq piyadalar üçün keçid yaradılmalı, sürətə nəzarət və əlavə təhlükəsizlik tədbirləri görülməlidir.
“Biz gözləmək istəmirik ki, kiminsə uşağı ölsün”
Sakinlər artıq aidiyyəti qurumlara müraciət ediblər, amma hələ ki, nəticə yoxdur.
Onlar tələb edirlər:
Bu, artıq sadəcə, bir “məişət problemi” deyil. Bu, uşaqların sağlamlığı və həyatı, mənəviyyatı ilə bağlı məsələdir. Sakinlərin dediyi kimi, bu vəziyyəti sadəcə, gözlə görmək lazımdır, sözlə izah etmək çətindir. “Bir daha cavabdeh şəxslərdən xahiş edirik ki, bu vəziyyətə nəhayət, bir çarə etsinlər. Bu mənzərəni təsvir etməyə ehtiyac yoxdur, sadəcə yerində görmək kifayətdir.”

Qəhrəmanın adını daşıyan küçə adına layiq olmalıdır…
Bu küçənin adı Polad Həşimovdur. Bu ad təkcə bir küçənin yox, bir millətin qürurunu, mərdliyini, şəhidliyini təmsil edir. O küçənin zibilliklə, üfunətlə, məsuliyyətsizliklə saxlanılması, şəhid ruhuna da, cəmiyyətə də hörmətsizlikdir.
Əgər bu yazını oxuyan aidiyyəti qurum nümayəndələri həmin küçədən bir dəfə keçsələr, oradakı mənzərəni öz gözləri ilə görsələr, bəlkə o zaman anlayarlar.
Ümid edirik ki, bu yazıdan sonra cavabdeh şəxslər nəhayət, öz vəzifə borclarını yerinə yetirəcək, qəhrəmanın və şəhidlərin adına layiq şəkildə bu problemləri aradan qaldıracaqlar.
Elşad FƏRMANOĞLU