Prezident Eldar İbrahimovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Oxunma sayı: 27

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Eldar Rza oğlu İbrahimovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

Tezadlar.az xəbər verir ki, Eldar Rza oğlu İbrahimov 1945-ci ildə Naxçıvan MR-nın Babək rayonunun Cəhri kəndində anadan olmuşdur.  Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Bakı Sosial İdarəetmə və Politologiya İnstitunu bitirmişdir.

1961-ci ildə Naxçıvanda tikinti idarəsində, toxuculuq kombinatında, avtotəmir zavodunda fəhlə, çilingər, mexanik işləmişdir. 1966-cı ildən Azərbaycan Kənd Texnika Birliyi sistemində mühəndis, baş mühəndis, 1980-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı olmuşdur. 1982–1988-ci illərdə Naxçıvan Dövlət Texnika Birliyinin sədri — Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini, 1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini — Dövlət Aqrar Sənaye Komitəsinin sədri və Vilayət Partiya Komitəsinin büro üzvü, 1993-cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini — Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışmışdır.

Beş çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, hal-hazırda VI çağırış Milli Məclisin İntizam komissiyasının sədridir. Ağsaqqallar Şurasının sədr müavinidir. Azərbaycan-Özbəkistan Dostluq qrupunun sədridir.  Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

Ailəlidir 3 övladı var. Böyük oğlu Rza İbrahimov 2001-ci ildə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində diplomatik xidməti vəzifəsini yerinə yetirərkən faciəvi şəkildə 29 yaşında avtoqəzada həyatını itirmişdir.

2024-cü il oktyabrın 8-də Azərbaycan — Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib. 3 fevral 2025-ci ildə Milli Məclisin İntizam komissiyasının sədri seçilib.

Təltifləri:

“Şöhrət” ordeni – 2005-ci il;

“Şərəf” ordeni – 2015-ci il;

1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni – 11.03.2025-ci il.

 

JASMİN

Xəbəri paylaş