2 Sentyabr 2025 / 11:25

Prezidentin etimadına sədaqət andı…

Nazir Vilayət Eyvazovun neçə gün əvvəl Xaçmaz Rayon Polis Şöbəsində 500-ə yaxın vətəndaşı  qəbul edib dinləməsini görəndən sonra düşündüm ki, Prezidentin “Hər bir məmur xalqa xidmət etməlidir” tövsiyəsi burda bir daha özünü göstərdi…

Ali Baş Komandan, Prezident İham Əliyev məmurlara və xalqa müraciətli çıxışlarının birində belə demişdi: “Hər bir məmur xalqa xidmət etməlidir… Xalqın birinci xidmətçisi isə mən özüməm!”.

Tam səmimiyyətlə deyirəm ki, Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazovla avqustun 29-da canlı təmasım zamanı yuxarıda söylədiklərimin canlı şahidi idim. Bu məqamda nazirin öz əməli işi ilə Prezidentin tövsiyə və tapşırıqlarına necə əməl etdiyinin əlavə şərhinə bəlkə də ehtiyac yox idi. Amma…

***

Bir media nümayəndəsi kimi, apardığım müşahidə və müqayisələr onu deməyə əsasdır ki, V.Eyvazov  nazir təyin olunandan bəri polislərin nüfuzu və məsuliyyəti də diqqəti çəkir, ən vacibi, bu məsuliyyət xalqın, ictimaiyyətin etimadının qazanılmasına hesablanıb. Mətbuatda ölkədə cinayətkarlığa qarşı mübarizəni ifadə edən statistika müntəzəm verildiyindən əlavə şərh vermək istəmirəm. «Təzadlar» qəzeti və eyni adlı tezadlar.az saytı olaraq bu sahədə uğurların statistikasını, ən ağır cinayətlərin belə üstünün isti izlərlə açılmasını ifadə edən rəqəmləri diqqətə çatdırdıqda, polisin fəaliyyət fəlsəfəsini aydın görmüşük. Bu statistika həm də onu göstərir ki, nazirin birbaşa rəhbərliyi ilə ölkənin daxili işlər orqanlarında, bütövlükdə polis sistemində aparılan köklü islahatlar özünün müsbət nəticələrini verməkdədir. Vətəndaşlar bunu polislə münasibətlərində, öz gündəlik həyatlarında hiss etməkdədirlər. Redaksiyamıza daxil olan çoxsaylı rəylər və söhbətlər də bunların təsdiqidir.

Yeri gəlib deyim ki, V.Eyvazovun nazir olduğu dövrdə polis əməkdaşlarından olan vətəndaş şıkayətlərinin mediada yayımlanması statistikasında da böyük azalma var, bunu gündəlik mətbuat səhifələrindən də görmək olar. Təbii ki, istisnalar da olur, amma bu şikayətlərə operativ reaksiya verilməsi, həmçinin DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevin, eləcə də xidmətin rəis müavini Hafiz Təmirovun, Toğrul Nəsirlinin, Nurlan Əliyevin və digər əməkdaşların sayəsində dərhal cavablandırılması, həllinə nail olunması da faktdır, bunu öz peşə fəaliyyətimizdə görməkdəyik.

***

Mətləbdən uzaqlaşmadan deyim ki, bütün bu yuxarıda qısa olaraq söylədiklərim indiyə qədər bir mətbuat nümayəndəsi olaraq, mənim kənardan görüb-bildiklərim və eşitdiklərimdir. Amma nazir cənab V.Eyvazovla hər hansı tədbirdə belə üz-üzə gəlməmişəm və söz demək, sual vermək imkanım olmayıb. Avqustun 29-da isə belə bir imkan yarandı və mən sözün birbaşa mənasında nazir haqqında deyilən müsbət fikirlərin əyani şahidi oldum.

Qeyd edim ki, 44-günlük Vətən Müharibəsinin iştirakçısı və müharibə veteranı olan Ali təhsilli oğlumun şəxsi işi ilə bağlı nazirlə görüşmək qərarına gəlmişdim. Amma özüm də inanmırdım ki, ölkənin ən ağır yükünü çiynində daşıyan bir nazirliyin rəhbəri ilə görüşüm alınsın. Bu məqsədlə avqustun ortalarında Daxili İşlər Nazirliyinin qəbul şöbəsinə yaxınlaşdım. Oradan bildirdilər ki, avqustun 29-da cənab nazir Xaçmazda vətəndaşları qəbul edəcək, görüşmək üçün nazirliyin saytında onlayn qeydiyyatdan keçməliyəm. Əlavə olaraq, telefon nömrələri də verdilər ki, əlaqə saxlayıb görüş vaxtının dəyişib-dəyişmədiyini də öyrənə bilim.

Deyildiyi kimi, onlayn qeydiyyatdan keçdim və görüşümün səbəbini, həmçinin koordinatlarımı qeyd etdim. Yenə də nazirlik əməkdaşlarının operativliyinə heyran qaldım. Səhəri günü nazirlikdən zəng edib nə üçün görüşmək istədiyim haqqında maraqlandılar. Daha sonra Qaradağ rayonu ərazisində yaşadığımdan, rayonun Polis İdarəsinin kadrlar şöbəsindən mənə zəng edildi, həm görüşümün səbəbləri ilə maraqlandılar, həm də rəisin qəbuluna dəvət etdilər. Qaradağ Rayon Polis İdarəsinin rəisi Füzuli Əhmədov, eləcə də idarənin kadrlar şöbəsinin əməkdaşları- Sevinc xanım, Rəhman müəllim məni yüksək səviyyədə, ehtiramla qəbul etdilər. Müxtəlif suallar verib cavab aldılar. Rəis mənim də 1-ci Qarabağ Müharibəsinin veteranı olmağımı biləndə diqqət və həssaslıqla dedi: “Nazirlə görüşmək sizin hüququnuzdur. Amma bizim rayonun ərazisində yaşadığınız üçün sizi qəbul edib tanış olmaq da bizim borcumuzdur”.

 Beləliklə, qəbula bir gün qalmış yenə nazirlikdən zəng edərək, mənimlə maraqlandılar. Bütün bu prosedurlar məndə həm Daxili İşlər Nazirliyi, həm də nazir V.Eyvazov haqqında çox müsbət təəsüratlar yaradırdı.

Mən bütün bunları ona görə təfsilatı ilə, amma yığcam olaraq diqqətə çatdırıram ki, bəzən sosial şəbəkələrdə yüksək vəzifəli məmurların vətəndaşlara qarşı soyuq münasibəti və s. barədə rəylərə rast gəlirəm. Amma bu sətirləri oxuyanlar bilsinlər ki, konkret olaraq mən daxili işlər nazirinin qəbulunda hansı münasibətlərlə qarşılaşmışam. Bəlkə də kimsə deyə bilər ki, yəqin jurnalist olduğumu biliblər, ona görə belə münasibət sərgilənib. Lakin açıq deyirəm ki, media təmsilçisi olduğumu ən sonda biliblər, amma təbii ki, müharibə veteranı olduğumu gizlədə də bilməzdim.

Beləliklə, avqustun 29-da səhər saat 09:30-da Xaşmaz rayon Polis Şöbəsinə gəldim. Gördüklərimdən heyrətə gəldim. İlahi, nazirlə görüşə bu qədər adam gələrmi? 500-ə yaxın şəxs qəbula gəlmişdi. Onu da deyim ki, bunlar şikayətçi yox, işə qəbulla bağlı müraciət edənlər idi, az sayda isə şikayətçi vardı. Amma bütün halda, nazir bu qədər vətəndaşı qəbul etməyə necə vaxt çatdıracaqdı?

Xaçmaz rayon Polis Şöbəsinin həyətində qəbula gələnlər üçün iki çadır qurulmuşdu ki, vətəndaşlar günəşdən qoruna bilsinlər. Bu da nazirliyin vətəndaşlara olan diqqət və sayğısı kimi qəbul edilə bilər. Görüşə gələnlər arasında yaşlı və xəstə insanları nəzərə alıb, hətta Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oturacaqlar qoyulmuşdu ki, nazir qəbula başlayana qədər onlar ayaq üstə qalmasınlar. İnanın ki, bütün bu mənzərədən böyük zövq alırdım. Ona görə ki, qəbula gələnlərə bu diqqət və qayğı nazirin və nazirlik əməkdaşlarının vətəndaşlara nümunəvi xidmətinin bariz nümunəsi idi.

Nəhayət, qəbul başladı. Əvvəlcə elə bilirdim ki, nazir V.Eyvazov və digər rəsmilər vətəndaşları hansısa bir sərin kabinetdə təkbətək qəbul edəcəklər. Amma vətəndaşların çadırlara dəvət olunub, sıraya düzülməsi ondan xəbər verirdi ki, nazir şəxsən özü vətəndaşlara yaxınlaşıb onları dinləyəcək.

Belə də oldu. Nazir Vilayət Eyvazov sıraya düzülmüş vətəndaşlara yaxınlaşaraq onların qarşısında sadə bir insan kimi dayanaraq, hər birini şəxsən dinləyirdi. Dinlədiyi şikayətlərin və edilən müraciətlərin məzmununa uyğun olaraq, naziri müşaiyət edən şəxslər fərdi qaydada qeydiyyat apararaq əllərindəki jurnala yazırdılar. Bu, çox maraqlı bir qəbul qaydası idi və şəxsən birinci dəfə idi ki, belə qəbul ilə rastlaşırdım.

Açığı, nazir Vilayət Eyvazovun ayrı-ayrı rayonlarda vətəndaşları qəbul etməyini qəzetlərdə, saytlarda mütəmadi izləyirdim və elə bilirdim ki, az sayda vətəndaşlar onun qəbuluna düşə bilir. Amma avqustun 29-da Xaçmaz Rayon Polis Şöbəsinin həyətində təxminən 500-ə yaxın vətəndaşın qəbulunu görəndən sonra düşündüm ki, Prezidentin “Hər bir məmur xalqa xidmət etməlidir” tövsiyyəsinə əməl edilməsi, əslində, elə budur!

Nəhayət, növbə mənə çatdı. Özümü təqdim etdim və müraciətimi qısa olaraq cənab nazirin diqqətinə çatdırdım. Nazir ardınca onu müşaiyyət edən şəxslərə “Müraciətə baxılsın” – deyərək göstəriş verdi.

Özümü təqdim etdiyim zaman həm də nazirin müraciətimə münasibətini diqqətlə izləyirdim. Bunu isə hamı görürdü, izləyirdi. Mən insan psixologiyasını müəyyən qədər dəyərləndirə bilirəm. Məsələn, məni dinləyən şəxsin mənə nə qədər diqqətli olub-olmadığını dərhal hiss edirəm. Amma Vilayət müəllimdə hər bir şəxsi dinləmək və dərhal müraciətə uyğun aidiyyəti tapşırıq vermə ustalığını görəndə fikrimdə yanılmadığımı dəqiqləşdirdim. Təkrar edirəm, müraciətimin taleyinin necə olacağı başqa bir məsələdir, amma nazirin vətəndaş qəbuluna bu qədər ustalıqla, peşəkarlıqla yanaşması heyranedici idi! Nazirin  mənimlə üzbəüz bir-iki dəqiqə dayanıb müraciətimi dinlədiyi zaman isə nə qədər diqqətli olduğunu görməmək mümkün deyildi.

Sonda: Cənab nazirə şikayət və müraciət edənlərin heç biri bu görüşdən narazı qalmadı. Təkcə Xaçmaz sakinlərini yox, Bakıdan və Azərbaycanın müxtəlif rayonlarından gəlmiş təxminən 500-ə qədər vətəndaşın hər biri nazirə sözünü deyə bildi və müəyyən cavab da aldı. Bəzi şikayətlərin də araşdırılmasına ehtiyac olduğundan nazir bu barədə də göstəriş verirdi. Bu qədər vətəndaşı, özü də avqustun bu istisində, çadır altında və ayaq üstə dinləmək, tam səmimiyyətimlə deyirəm, hər məmurun hünəri deyil.

***

…Nazirlə görüşdən çox böyük təəssüratla qayıtdım. Bu gündən sonra nazir Vilayət Eyvazovun hansısa rayonda vətəndaşları qəbul etdiyini eşitsəm, Xaşmazdaki bu görüşün xoş təəssüratları gözümün önünə gələcək. Bunun isə bir adı var idi: Prezident cənab İlham Əliyevin göstəriş və tövsiyyəsinə uyğun olaraq, vətəndaşlara nümunəvi xidmət! Əslində isə, nazirin bu qəbulu özlüyündə bir nümunə idi…

Elçin MƏMMƏDLİ

(Bakı-Xaçmaz-Bakı)  

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!