Prezident iki müxalifət partiyasının liderini əfv etdi

Gürcüstan prezidenti Mixail Kavelaşvili “Güclü Gürcüstan” müxalifət partiyasının liderləri – “Lelo” Mamuka Xazaradze və Badri Caparidzeni əfv edib.

Tezadlar.az xəbər verir ki, o, bu barədə Facebook-da yazıb.

“Heç kimin yerli hakimiyyət seçkilərinin məhdud rəqabət şəraitində keçirildiyinə inanmağa əsas olmaması üçün mən iki məhbusu – Mamuka Xazaradze və Badri Caparidzeni əfv etmək qərarına gəldim”, – Kavelaşvili bəyanatında bildirib.

Prezident qeyd edib ki, oktyabrın 4-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı seçki subyektlərinin qeydiyyatı bir gün əvvəl başa çatıb. Qeydiyyatdan keçən partiyalar arasında liderləri cəza çəkən bir partiya var – “Güclü Gürcüstan” – Lelo. Eyni zamanda, Kavelaşvili yazır ki, seçkilər “cinayət törədən heç bir siyasətçi üçün indulgensiyaya çevrilməməlidir”. Kavelaşvili vurğulayır ki, o, “Güclü Gürcüstan – Lelo” liderlərinin seçkilərdə iştirak etmək qərarına gələn bütün həbsdə olan müxalifətçilərə prezidentin əvvəllər təklif etdiyi əfvdən imtina etmələrinə baxmayaraq, onları həbsdən azad etmək qərarına gəlib.

Bundan əvvəl məhkəmə müxalifət partiyalarının liderləri Nika Qvaramiya, Nika Melia, Mamuka Xazaradze, Badri Caparidze, Zurab Caparidze, Giorgi Vaşadze, müxalifətçi Givi Tarqamadze və keçmiş müdafiə naziri İrakli Okruaşviliyə 7 və 8 ay həbs cəzası verib. Onlar keçmiş prezident Mixail Saakaşvilinin dövründə cinayətləri araşdıran parlament komissiyasının iclasına gəlmədiklərinə görə saxlanılıb və sonra mühakimə olunublar.

Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər oktyabrın 4-də keçiriləcək. Bəzi əsas müxalifət partiyaları, o cümlədən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası 2024-cü ilin oktyabrında keçirilən parlament seçkilərinin saxtalaşdırıldığını hesab etdikləri üçün seçkilərdə iştirakdan imtina ediblər. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə iştirak etmək üçün 14 partiya qeydiyyatdan keçib.

Müxalifətin qalan hissəsinin tənqidlərinə baxmayaraq, “Güclü Gürcüstan – Lelo” və keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası seçkilərdə iştirak etmək qərarına gəlib. Onlar Tbilisi merliyinə vahid namizəd – İrakli Kupradzeni irəli sürüblər.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti