Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!”
M.Ə.Sabir
Azərbaycanda ümumtəhsil məktəblərində qeyri-rəsmi pul yığımları uzun illərdir ki, gündəmdən düşmür. Rəsmi qurumlar bunun yolverilməz olduğunu desə də, real vəziyyət fərqlidir. Valideynlər, demək olar ki, hər tədbir və bayram üçün pul verməyə məcbur qalır. Təhsil, sanki pulsuz deyil – sadəcə, ödənişi nağd deyil, “qrup vasitəsilə” toplanır.
Uşaq məktəbə gedir, sən isə kredit götürməyə. Bayramlar da bir deyil, iki deyil. Əlifba bayramı, Müəllimlər günü, 8 Mart, Novruz, Yeni il, buraxılış, vinetka… O qədər “görməli gün” var ki, sanki uşaq oxumağa yox, təntənəli mərasimlərdə iştirak etməyə gedir. Təhsil Naziri də hər dəfə “məktəblərdə pul yığmaq olmaz” deyir, amma valideyn qrupunda mesajlar “təhsil siyasətindən” daha real görünür.
***
Orta məktəblərdə pul yığımı məsələsi kasıb valideynlərin ən yaralı yeridir. Nə qədər danışılsa da, yazılsa da, heç nə dəyişmir. Elə bil məktəbə uşaq yox, pul dağarcığı göndəririk. Hələ yeni dərs ili başlamamış, valideyn qrupuna artıq belə mesaj gəlir: “Əlifba bayramı üçün hazırlıqlar başlayır, kim nə qədər verir?” A bala, uşaq hələ “A”nı tanımır, artıq manatın “m” hərfini öyrənib.
Ən maraqlısı da odur ki, nə qədər o “xod gedən” 2-3 imkanlı valideyn var, onların dediyi qanundur. Onlar nə dedi, biz də dalınca məcburən getməyə məhkumuq. Verməyəndə isə, başlayırlar səni yuxarıdan aşağı, çəp-çəp süzməyə: “Filankəs verdi, sən niyə vermirsən?” – sanki adamlıq testi veririk. “Pulum yoxdur” – sözünü demək olmur, çünki özün də utanırsan, uşaq da. Deyirsən, uşaq məktəbə oxumağa, yoxsa dəbdəbə üçün özünü göstərməyə gəlib?
Hazırlıq isə, bir ayrı aləmdi. Uşaq 1-ci sinfə getməyib, artıq “hazırlığa gələcək?” – sualı səni tez tapır. Öz müəlliminin də yanına hazırlığa göndərmirsənsə, uşağa ən axırıncı “sort” adam kimi baxırlar. Uşaq yazıq da bundan başlayır öz sinif yoldaşları arasında sıxılmağa. Belə olanda sən də məcbur qalıb ümumi axına təslim olursan. Elə bil müəllim deyil, “müştəri çəkən marketoloq”du.
Bayramlar, ah, bayramlar…
Əlifba bayramı üçün rəqs pulu, kostyum pulu, restoran pulu, ana-bala menyusu, əlavə tort pulu, dekor pulu, musiqi pulu, DJ pulu, lent pulu, test pulu, daha nə bilim nə pulu?.. Uşaqdan da bu qədər pul istəyərlər? Deyirsən ki, ay bala, bu nədir, toy eləyirik, ya 1-ci sinif şagirdinə şeir söylədirik?
Belə pullar ayda neçə dəfə yığılır? Bu suala məktəb direktorları, ya da nazir cavab verməlidir. Ya təhsili birdəfəlik pullu eləsinlər, biz də illik təhsil haqqını ödəyək. Bununla da ayda bir neçə dəfə pul verməkdən canımız qurtarsın. Müəllimin maaşı onsuz da var. Buna baxmayaraq sən yenə də “n” qədər pulu müəllimə ödəyirsən. Deyirsən, təhsil naziri deyib ki, “pul yığılmasın”, gözəl sözdür. Amma realda nazirin sözünə əməl edən yoxdur.
Ən acınacaqlısı bilirsiniz nədir? Uşaq 1-dən 11-ə qədər oxuyur, amma bu “pul yığımı fənni” heç vaxt dərs planından çıxmır. Hələ məktəbəqədər dövrü demirəm – orada da qrup rəhbərləri pul yığımı kompaniyasında “aktiv işləyirlər”.
Yaxşı bəs nəticə? Nəticə odur ki, sən 3 uşaq böyüdürsənsə, “maşallah” demirlər. Deyirlər ki, “vay, vay, sən də çox qabağa getmisən…” Guya sən günahkarsan ki, çox uşağın var. Amma heç düşünmürlər ki, bu 3 uşağın hərəsinə 3 məktəb tədbiri, 3 vinetka, 3 paltar… Bunları hesablamağa kalkulyatorun da gücü çatmaz.
Sonda nə deyim? Təhsil almaq istəyirsənsə, əvvəlcə pul yığmağa hazır ol. Çünki məktəbdə indi “bilgi verməkdən” çox “büdcə doldurmaq” önəmlidir. Nə qədər ki, valideynlər susur, nə qədər ki, biri “verirsə”, digəri məcbur olub onun ardınca gedir, yəqin ki, bu vəziyyət, yəni bu qeyri-rəsmi yığımlar davam edəcək. Hər kəs “mən verməsəm, uşaq utanar” – deyib boyun əydikcə, sistem də dəyişməyəcək. Təhsil alan uşaqdır, amma yükü daşıyan valideyn. Bəlkə, nə vaxtsa bu vəziyyəti dəyişmək üçün bir yerdən başlamaq lazım gələcək. Bəlkə də, sadəcə “vermirəm” demək kifayətdir!?
Valideynlər artıq yalnız “təhsil haqqı” deyil, hər növ əlavə xərclərlə də qarşılaşırlar. Bu vəziyyətin heç də yeni olmadığını deyə bilərik – əslində, yüz il əvvəl şair Mirzə Ələkbər Sabir də, bu cür sosial sıxıntılardan bəhs edib. Və, bəlkə də, yüz il əvvəl bu hissləri ilk dəfə şair dilə gətirib:
“Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!”
(Mirzə Ələkbər Sabir)
İndi M.Ə.Sabir sayağı adam uşağını, doğrudan da, oxutmaq istəmir.
Elşad FƏRMANOĞLU
P.S. Soruşula bilər bu özbaşınalıqlar, pul yığmalar hansı məktəbdədir?
Suala sualla cavab verirəm: Bakının və rayonların əksər məktəblərində belə deyilmi?..