14 Avqust 2025 / 13:39

Putin-Tramp görüşünün əsas mövzusu məlum olub

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşündə əsas mövzu Ukrayna böhranının nizamlanması olacaq.

Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib.

Rusiya və ABŞ prezidentləri arasında danışıqlar avqustun 15-də Alyaskada keçiriləcək. KİV-in məlumatına görə, siyasətçilər Ankoricdəki Elmendorf-Riçardson Birgə Hərbi Bazasında görüşəcəklər. Tramp artıq bəyan edib ki, o, Vladimir Zelenskini bu görüşə dəvət etmək niyyətində deyil.

“Sammitin gündəliyinə gəlincə, yəqin ki, hamıya aydındır ki, əsas mövzu Ukrayna böhranının həlli olacaq”, – Yuri Uşakov bu gün izah edib.

Onun sözlərinə görə, müzakirə zamanı avqustun 6-da Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun iştirakı ilə keçirilən danışıqlar nəzərə alınacaq. “İzvestiya” xəbər verir ki, görüşdən sonra Rusiya və ABŞ liderləri onun nəticələrinə yekun vuracaqlar.

Bundan əvvəl Brüssel və Kiyevin Ukrayna münaqişəsinin nizamlanması planını Amerikanın nüfuzlu rəsmilərinə təqdim etdiyi bildirilirdi. Layihə müəlliflərinin fikrincə, bu, Putin və Tramp arasında keçiriləcək danışıqlar üçün əsas rolunu oynamalıdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!