Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dekabrın 18-də Azərbaycan Rəssamlar İttifaqında Beynəlxalq Qalereyanın rəhbəri Elnurə İsgəndərovanın moderatorluğu ilə layihə rəhbəri Aygün Əzizovanın olduğu “Qardaşlığımız Əbədidir” adlı rəsm sərgisinin açılş mərasimi baş tutub.
Tezadlar.az xəbər verir ki, sərgi Kuzey Kıbrıs Türk Cumhuriyyətinin (KKTC) Bakı Nümayəndəliyi, Azərbaycan Rəssamlar İttifaqı, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə təşkil olunub.
Sərgidə YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Şimali Kipr Türk Cumhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, YAP Yasamal rayon təşkilatının, Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Qalereyanın əməkdaşları, media və ictimaiyyət nümayəndələri, rəssamlar iştirak ediblər.
Sərgiyə “Təzadlar” qəzetinin əməkdaşı Yasəmən Məmmədli də dəvət edilib.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərginin hazırlanmasına iki ay vaxt sərf olunduğunu bildirib. O, rəsmi qonaqları, media nümayəndələrini və iştirakçı rəssamları salamlayaraq sərginin məqsədinin gənc nəslin azərbaycançılıq ideologiyası və vətənpərvərlik ruhunda tərbiyə olunması, onların asudə vaxtlarının səmərəli təşkili və sosiallaşmasına dəstək vermək olduğunu vurğulayıb.
Açılış nitqindən sonra Azərbaycan Rəssamlar İttifaqı sədri Fərhad Xəlilov, Şimali Kipr Türk Cumhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev və YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva da çıxış edərək sərgi barədə fikirlərini bölüşüblər.
Qeyd edilib ki, bu sərgi bir-birindən dəyərli incəsənət nümunələrinin nümayişi olmaqla yanaşı, Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında illərdir formalaşmış tarixi, mənəvi və qardaşlıq bağlarının yüksək mədəni müstəvidə parlaq təzahürü kimi dəyərləndirilir. Rəssamların əsərlərində hər iki ölkənin zəngin təbiəti, milli ruhu, estetik dünyagörüşü və ortaq dəyərləri böyük peşəkarlıq və incə zövqlə əks olunmuşdur. Bu sənət nümunələri xalqların bir-birinə olan dərin mənəvi yaxınlığını, eyni kökdən qaynaqlanan mədəni yaddaşını və ortaq gələcəyə olan sarsılmaz inamını aydın şəkildə nümayiş etdirir. Belə sərgilər mədəniyyətin və incəsənətin xalqları birləşdirən gücünü bir daha təsdiqləməklə yanaşı, ölkələrarası münasibətlərin möhkəmlənməsinə, xüsusilə də gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına mühüm töhfə verir. Eyni zamanda incəsənət və mədəni əlaqələr vasitəsilə dostluq, həmrəylik və qarşılıqlı hörmət ideyaları daha geniş auditoriyaya çatdırılır, xalqlar arasında mənəvi körpülər qurulur.
Çıxışlarda vurğulanıb ki, “Qardaşlığımız əbədidir” adlı sərgi həm iştirakçıların, həm də ziyarətçilərin yaddaşında xoş və unudulmaz təəssüratlar yaradacaq, Azərbaycan–Şimali Kipr Türk Cümhuriyyəti münasibətlərinin mədəni müstəvidə daha da dərinləşməsinə xidmət edəcəkdir. Bu dəyərli təşəbbüsün reallaşmasında əməyi olan təşkilatçılara və öz sənət nümunələri ilə sərgiyə xüsusi rəng qatan rəssamlara təşəkkür edilib, onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulanıb.
Daha sonra sərginin rəmzi hissəsi olan qırmızı lentin kəsilməsi ilə rəsmi açılış baş tutub və qonaqlar Azərbaycanın müxtəlif bölgələrindən olan və fərqli yaş qruplarını təmsil edən 200 nəfərdən çox rəssamın bir-birindən zəngin əsərləri ilə tanış olublar.
KKTC səfirliyi tərəfindən rəssamlara sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkilib.
Xüsusi olaraq nəzərinizə çatdıraq ki, sərginin ən böyük özəlliyi gənc rəssamlar arasında autizm və daun sindromlu uşaqların yer alması olub. Bu uşaqlar arasında istedadların ortaya çıxarılaraq cəmiyyətə qazandırılması sərginin əhəmiyyətini artıran ən böyük dəyərdir və buna görə təşkilatçıların əməyi yüksək qiymətləndirilməlidir.
***
Qeyd edək ki, sərgidə, həmçinin ADRA-nın “Bədii keramika, şüşə və metal” kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Rus Dram Teatrının rəssamı, doktorant, beynəlxalq sərgilərin dəfələrlə laureatı olmuş Zinaida Mirzəzadənin, Mərdəkan Mədəniyyət Sarayının rəsm dərnəyinin müəlliməsi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycanı İsveçrədə keçirilən sərgidə müvəffəqiyyətlə təmsil etmiş Elnarə İskəndərovanın, keçəçi rəssam Maya Babayevanın da möhtəşəm əsərləri yer alıb.



JASMİN