Qazaxıstan Respublikasının Elmi-Tədqiqat Kardiologiya və Daxili Xəstəliklər İnstitutunda ürək-damar cərrahiyyəsi sahəsində aparıcı mütəxəssis, Karolinska İnstitutunun professoru (Stokholm, İsveç) Nauzad Salehin rəhbərliyi ilə master-klass keçirilib.
TEZADLAR.AZ Qazaxıstan mediasına istinadən xəbər verir ki, isveçli professorun iştirakı ilə 7 xəstədə aorta qapağının endovaskulyar dəyişdirilməsi üzrə kompleks əməliyyatlar uğurla həyata keçirilib.
“Bu cür minimal invaziv cərrahi müdaxilələr açıq cərrahi əməliyyatların əks göstəriş olduğu ağır damar ürək xəstəlikləri olan xəstələrdə aparılır.
Xəstələrdən biri, 87 yaşlı Mixail Fyodoroviç aorta qapağının kritik stenozu diaqnozu ilə daxil olub. Onu ürək nahiyəsində sıxıcı ağrılar, hətta sakit vəziyyətdə belə yaranan ürək döyüntüsü, təngnəfəslik və baş ağrıları narahat edib”, – məlumatda deyilir.
Qazaxıstanın Səhiyyə Nazirliyi qeyd edib ki, yüksək texnoloji tibb sayəsində mürəkkəb ürək patologiyası olan Mixail Fyodoroviç kimi yaşlı xəstələr yeni həyat şansı qazanır və əməliyyatdan sonra qısa müddətdə sağalırlar.