Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Hörmüz boğazı böhranının mümkün qədər tez həll edilməli olduğunu və boğazın açılması üçün vasitəçilik səylərini davam etdirdiklərini bildirib.
Tezadlar.az xəbər verir ki, Dohada keçirilən mətbuat konfransında Ənsari bölgədəki son hadisələr, ABŞ-İran danışıqları və Qəzzada atəşkəs razılaşmasına baxmayaraq, İsrailin aqressiv mövqeyi barədə şərh verib.
Hörmüz boğazı böhranının həll olunmamasının gərginliyi artıracağını bildirən Ənsari deyib: “Hörmüz boğazı böhranı mümkün qədər tez həll edilməlidir. Bölgədəki bu böhran beynəlxalq böhrandır və danışıqlara qayıtmağı təmin etmək üçün digər vasitəçilərlə birlikdə çalışırıq”.
Ənsari əlavə edib ki, Qətər bölgədəki gərginliyi azaltmaq üçün tədbirlər barədə Oman və Pakistanla müzakirələri davam etdirir və Hörmüz boğazındakı böhranın davam etməsindən hər kəsin əziyyət çəkəcəyini təkrarlayıb.
Ənsari bildirib ki, Qətərin Tehrana səfəri zamanı Baş nazir və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Sani region ölkələrinə və İrana Hörmüz boğazının açılmasının və gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.
Ənsari Qətər, Misir və Türkiyənin Qəzzada atəşkəs razılaşmasının həyata keçirilməsi üçün koordinasiyalı səylərini davam etdirdiyini, lakin İsrailin xəbərdarlıqlara baxmayaraq, Qəzzada hücumlarını davam etdirdiyini xatırladıb.
Ənsari bildirib ki, İsrailin Qəzzada atəşkəs planının həyata keçirilməsinə mənfi münasibətinə və beynəlxalq ictimai rəyə və qanuna məhəl qoymamasına baxmayaraq, vasitəçilər prosesi irəli aparmaqda qərarlıdırlar və beynəlxalq ictimaiyyətin tərəflər arasında razılaşdırılmış atəşkəs planını tam şəkildə həyata keçirməsi üçün İsrailə təzyiq göstərməli olduğunu vurğulayıb.
Ənsari İsrailin təhlükəli hərəkətlərinin bölgə üçün yüksək risk yaratdığını və bunun qəbuledilməz olduğunu bildirib və işğal olunmuş Qərb Şəriyəsindəki hadisələri yaxından izlədiklərini əlavə edib.
Ənsari bildirib ki, İsrail bölgədəki gərginlikdən sui-istifadə edərək yeni bir reallıq yaratmağa çalışır və beynəlxalq ictimaiyyət buna qarşı çıxmalıdır.
İsrailin təkcə Fələstin və Livanda deyil, həm də Suriyada yeni bir reallıq yaratmağa çalışdığı barədə xəbərdarlıq edən Ənsari bildirib ki, “İsrail artıq bütün region üçün təhlükəli bir aktyora çevrilib. İsrail regionda yeni bir reallıq yaratmaq istəyir, biz bundan xəbərdarıq və beynəlxalq ictimaiyyət bunun qarşısını almaq üçün dərhal hərəkətə keçməlidir”.
Ənsari həmçinin İsrailin qanun pozuntularına görə məsuliyyət daşıması çağırışlarını təkrarlayıb.
Qətərin regiondakı böhranların həlli üçün diplomatik səylərə üstünlük verdiyini bildirən Ənsari Körfəz bölgəsinin daha güclü iqtisadi struktur və daha intensiv koordinasiya sayəsində əvvəlki böhranları dəf etdiyini bildirib.
Körfəz ölkələri arasında regional təhlükəsizlik və Hörmüz boğazı ilə bağlı davamlı koordinasiyanın olduğunu qeyd edən Ənsari gələcəkdə yarana biləcək hər hansı bir problemi birgə həll etmək üçün Körfəz ölkələri liderləri arasında koordinasiyanın fasiləsiz davam etdiyini bildirib.
ELBAR







