12 Noyabr 2025 / 16:15

“Qəzaya texniki nasazlıq səbəb olmayıb…”-Coşkun Başbuğ

“Qəzaya texniki nasazlıq səbəb olmayıb – hava toqquşması, diversiya və ya hücum ehtimalları nəzərdən keçirilməlidir.”
Türkiyəli ekspert, ehtiyatda olan hərbçi Coşkun Başbuğ.
“Dünən qəzaya uğrayan Türkiyə hərbi-nəqliyyat təyyarəsinin uzun tarixçəsi var”. Tezadlar.az xatırladır ki, türkiyənin “Sözcü” qəzeti belə yazır. Sitat: “…Zvvəlki gün qəzaya düşən C130 “Herkules” tipli hərbi-nəqliyyat təyyarəsi yarım əsrdən çox istismarda olub. Təyyarə 1968-ci ildə istehsal edilib və əvvəlcə Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə xidmət edib. 2010-cu ildə Türkiyə Silahlı Qüvvələri onu satın alaraq Kayseridə yerləşən 12-ci Hərbi Hava Bazasının tərkibinə daxil edib və orada 222-ci “Kərgədan” eskadrilyasına məxsus olub. Müdafiə Nazirliyinin məlumatına görə, C130 təyyarəsi Gəncədən havaya qalxıb və Azərbaycan Qələbə Günü tədbirlərində iştirak edən hərbçiləri Mərzifona aparırmış. Uçuşdan yarım saat sonra təyyarə hündürlüyünü itirib və Gürcüstan sərhədi yaxınlığında dağlıq ərazi üzərində havada parçalanıb. Bu tip təyyarələr – Lockheed C130 Hercules – 1960-cı illərdən bəri Türkiyə ordusunun silahlanmasındadır və öz sinfində ən etibarlı modellərdən sayılır. Lakin bəzi təyyarələrin yaşı artıq 50–60 ilə çatır. Oktyabr ayında Türkiyə Müdafiə Nazirliyi onları yeni nəsil C130J Super Hercules modelləri ilə əvəz etməyi planlaşdırdığını və yaxın illərdə təhvilin başlanacağını açıqlamışdı. Təyyarənin bütün qalıqları artıq texniki ekspertiza üçün toplanıb. Qəzanın səbəbləri hələlik rəsmi olaraq açıqlanmayıb”.
Türkiyəli ekspert, ehtiyatda olan hərbçi Coşkun Başbuğ CNN Türk telekanalında bildirib ki, qəzaya texniki nasazlıq səbəb olmayıb:
 “Fərqli versiyalar araşdırılmalıdır, lakin əsas götürülməli olan budur ki, C-130 zamanla sınaqdan çıxmış etibarlı hərbi-nəqliyyat təyyarəsidir. Bu modelin son məlum insidenti 1982-ci ildə baş verib. Texniki nasazlıq ehtimalını istisna etmək lazımdır. Hava şəraiti də səbəb deyil, çünki pis hava olsaydı, aidiyyəti qurumlar bu barədə məlumat verərdilər. Hava toqquşması, diversiya və ya hücum ehtimalları nəzərdən keçirilməlidir.”
Eyni mövqeni təhlükəsizlik məsələləri üzrə digər ekspert İbrahim Keleş də bölüşüb. Onun sözlərini Milliyet qəzeti belə sitat gətirir:
 “Qəzanın müxtəlif səbəbləri nəzərdən keçirilməlidir – texniki nasazlıq, pilotun səhvi, mövsümi və hava şəraiti amilləri, zəif görünüş. Lakin xarici təsir ehtimalı da mövcuddur.”
Hərbi ekspert Kazım Dalkıran isə ehtimal edib ki, C-130 hava hücumundan müdafiə vasitələri ilə vurula bilərdi:
“Sərhəd bölgələrində bəzi HHM sistemləri daimi döyüş hazırlığında olur və tanınmayan təyyarələri avtomatik şəkildə vura bilər. Lakin bu məsələdə Müdafiə Nazirliyinin açıqlamasını gözləmək lazımdır.”
 Türkiyə Silahlı Qüvvələrinin keçmiş logistika komandanı, istefada olan ordu generalı Erdogan Karakuş isə Türkiyə televiziyasına müsahibəsində bildirib ki, C-130 təyyarələri köhnə olsa da, ölkədə tam modernləşdirilib və hər uçuşdan əvvəl texniki vəziyyəti ciddi şəkildə yoxlanılır. Onun sözlərinə görə, Türkiyə Hərbi Hava Qüvvələri C-130 təyyarələrindən 2040-cı ilə qədər istifadə etməyi planlaşdırır.
Bəli, təyyarənin 4 mühərrikinin dördünün də eyni vaxtda alışması şübhəlidir və təxribat versiyası gündəmdədir…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!