Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əliağa Vahidin qəzəllərini oxuyub Xalq artisti adını daşıyanlar bu mənzərəni görmür, yoxsa görüb də susurlar?

…Masazır qəsəbəsində yerləşən, görkəmli qəzəlxan Əliağa Vahidin büstü ətrafında vəziyyət bir daha biabırçı hal alıb. Tezadlar.az bir müddət əvvəl sakinlərin şikayəti əsasında məsələni işıqlandırmış, görüntüləri Abşeron Rayon İcra Hakimiyyətinə göndərmişdik. Həmin vaxt qısa müddətli “təmizlik aksiyası” keçirildi, ətraf bir qədər səliqəyə salındı. Amma və lakin… Yenə də “köhnə hamam, köhnə tas” oldu. Çox keçmədi ki, hər şey yenidən əvvəlki vəziyyətinə qayıtdı( fotolar təqdim edilir). Bu gün isə, büstün ətrafı yenidən zibil içindədir. Azərbaycanın dahi şəxsiyyətinə münasibət budurmu???
***
Masazırda yaşayan sakinlərin redaksiyamıza göndərdiyi yeni foto və video görüntülərdən sonra belə bir yazı araya, ərsəyə gəldi. Ərazidəki mənzərə insanı məyus etməyə bilməz: tullantılar büstün ətrafını tamamilə zəbt edib, səliqəsizlik və baxımsızlıq, sanki adi məhəllə zibilxanası təsiri bağışlayır. Bu isə təkcə bir sənətkara yox, milli mədəniyyətimizə göstərilən açıq hörmətsizlikdir.
QEYD: Əliağa Vahid Azərbaycanda qəzəl janrının XX əsrdəki ən qüdrətli nümayəndələrindən biridir. Nahaq yerə onu “XX əsrin Füzulisi” adlandırmırlar. Onun adına ucaldılmış büstün qarşısında bu cür mənzərənin hökm sürməsi isə, nə bələdiyyəyə, nə də bizim cəmiyyətə baş ucalığı gətirir. Daha acınacaqlısı isə odur ki, zibili elə bu ərazinin öz sakinlərindən bəziləri atır. Görəsən, onlar tullantını ora atarkən bir anlıq başlarını qaldırıb düşünmürlərmi ki, qarşısında zibil yığdıqları bu büstdə kim dayanır? Onun gözlərinə baxıb heç utanmırlarmı?

Şikayətl, bağlı bu gün biz də ərazidə olduq… Gördüklərimiz utanverici idi. Utandıq- təbii ki, ilk növbədə Masazır Bələdiyyəsi sədrinin yerinə… Xəcalət çəkdik- Mədəniyyət Nazirliyi rəhbərliyinin yerinə… Axı, niyə? Ayıb deyilmi?!
Biz ötən yazımızda da bu sualı vermişdik. Amma indi artıq tam əminliklə və açıq şəkildə demək olar ki, bəli – 300 metr aralıda olan bələdiyyənin sədri bunu görür və bilərəkdən göz yumur. Nə müdaxilə edir, nə də davamlı şəkildə tədbir görüb bu biabırçı mənzərəni aradan qaldırır. Bəs niyə? Nədir səbəb? Yenə də cəzasızlıqmı!? Elə bil aidiyyəti qurumlar sözün əsl mənasında özbaşınalıqla işləməyə öyrəşiblər. Axı damarında azərbaycanlı qanı axan, vicdanı olan bir insan heç olmasa utanar, xəcalət çəkər və bu hal bir daha təkrarlanmasın deyə, çoxdan ciddi tədbir görərdi.
***

Bir sakin isə belə yazır: “Axı bu nə oyun-oyundur? O vaxt siz məsələni gündəmə gətirəndən sonra gəlib guya bir az təmizlədilər. Həmin gün hamımız ümidləndik ki, bəlkə də nəhayət, bu dəfə məsələ ciddi şəkildə nəzarətə götürüləcək. Amma görünən odur ki, o təmizlik sadəcə, kameralar üçün, görüntü xatirinə idi. Çünki çox keçmədi ki, ərazi yenidən əvvəlki halına qayıtdı. Bu gün isə büstün önü tamam zibil içindədir. Vallah-yalan olmasın, insan bu mənzərəni görəndə xəcalətdən yerə girir. Bu nədir belə? Əliağa Vahidin büstünün qarşısı həqiqətən də zibilxana olmalıdır? Biz hər dəfə deyib-danışandan sonra gəlib bir günlük təmizlik etməlidirlər? Bəs aidiyyəti qurumlar hara baxır? Məgər onların işi-gücü, ancaq şikayət gələndə qısa müddətlik reaksiya verməkdir? Onsuz da elə görünür ki, burda başqa nəsə var… Sanki kimsə qəsdən bu ərazini murdarlayır və belə çıxır ki, xüsusi adamlar var ki, Əliağa Vahidə nifrətini bu yolla göstərir. Yoxsa, başqa necə izah edək bu davamlı təkrar olunan biabırçılığı?”

Bəli, bu narazılıq tək bir sakinə məxsus deyil – ərazidən göndərilən çoxsaylı görüntülər göstərir ki, yüzlərlə insan bu laqeydlikdən narazıdır. Demək ki, aparılan “bir günlük təmizlik şousu” sadəcə görüntü idi və davamlı nəzarət yoxdur.
Bu isə, artıq adi səhlənkarlıq yox, mədəni irsimizə qarşı sistemli sayğısızlıqdır. Maraqlıdır: bəs Əliağa Vahidin qəzəllərini sevə- sevə oxuyub Xalq artisti olanlar bir dəstədir… Bəlkə onlardan kimsə bu mənzərədən xəbərsizdir? İnanmırıq! Amma həm də inanmaq istəyirik ki, heç olmasa, bu yazını oxuyub- görüb qəzəlxana sevgilərini sübut etsinlər!
***
Əliağa Vahid öz qəzəllərində insan biganəliyini, laqeydliyi dəfələrlə tənqid edib. Bu gün Masazırda gördüyümüz mənzərə isə, o misraların canlı təsdiqidir:
«Gör ki, nə gündədir bu cahan, biganədir insan…»
Bu gün baş verənlər yalnız bələdiyyənin yox, həm də cəmiyyət olaraq bizim ayıbımızdır.
Əgər bir sənətkarın büstünün 3-5 metr ətrafını belə təmiz saxlaya bilmiriksə, deməli, dəyərlərimizi də yavaş-yavaş itirməkdəyik. Özü də şairin doğulub boya başa çatdığı dogma yurdu Masazırda belə bir biabırçılıq xüsusiylə dözülməzdir. Görəsən, Masazır camaatı niyə öz eloğlularının büstünə sahib çıxmır?

Ümid edək ki, bu dəfə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev ən azından Masazır Bələdiyyəsinin torpaq satmaqda adı daha çox hallanan sədri Azər Quliyevi kabinetinə çağırıb deyəcək: “Ayıb deyil… O boyda qəzəlxana hörməti olmayan bu rayonda bələdiyyə sədri ola bilməz və…”.
Sitatın sonu…
Elşad FƏRMANOĞLU
(Masazırdan canlı yayım ilə)