Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az-a vətəndaş Heydərov Məcid İmran oğlunun təmsilçisi (mülki etibarnamə ilə) Haqverdiyev Qoşqar Umud oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciətin surəti daxil olub.
Məsələnin aktuallığını nəzərə alaraq müraciəti təqdim edirik. Müraciətdə deyilir:
“Möhtərəm cənab Prezident!
Sizin dəfələrlə öz çıxışlarınızda xüsusi olaraq vurğuladığınız kimi, bu gün korrupsiya dövlətimiz üçün ən ciddi təhdiddir və dövlətçiliyimizin əsasları üçün həyati təhlükə daşıyıcısı olan bu qorxunc mərəzlə mübarizədə dövlətimizin yanında olmaq, qətiyyət və fəallıq nümayiş etdirmək hər bir vətəndaşın mənəvi borcudur. Təəssüflər olsun ki, bu gün ölkədə böyük vüsətlə həyata keçirilən tədbirlərə rəğmən, hələ də gündəlik həyatımızda törətdikləri əməllərin nə dərəcədə ciddi fəsadlar törədə biləcəyini nəzərə almadan, öz şəxsi mənfəət və ambisiyalarını dövlətin və xalqın milli mənafelərindən üstün tutaraq korrupsiya əməllərinə rəvac verən bəzi məmurların haqsızlıqları ilə üz-üzə gəlirik. Bu kimi hallarda ən təhlükəli məqamlardan biri budur ki, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən həmin şəxslər birbaşa dövlət siyasətinin əleyhinə çıxaraq ölkəmizdə mövcud olan xalq-dövlət birliyinin əsaslarını sarsıtmağa yönəlmiş əməllər törətməyə çalışırlar. Bu müraciətimdə bu yaxınlarda üzləşdiyim daha bir korrupsiya halı barədə Sizə məlumat vermək istəyirəm. Diqqətinizə çatdırıram ki, rastlaşdığım bu qanuna zidd əməllər heç də istisna hal deyil. Belə ki, Abşeron rayonu üzrə qəsəbə və kənd bələdiyyələrinin destruktiv fəaliyyəti bu gün yüzlərlə ailənin Konstitusiya hüquqlarının pozulması ilə müşahidə olunur.
Vətəndaşlar üçün eyni problemlər yaradan hallardan birinin təfərrüatları bundan ibarətdir ki, təmsil etdiyim Heydərov Məcid İmran oğluna Abşeron rayonu Qobu bələdiyyəsi tərəfindən 01 aprel 2008-ci il tarixli 08 saylı qərar qəbul olunaraq 0,08 ha torpaq sahəsi ayrılmışdır. Təhvil verilmə Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışla və cizgi aktı ilə rəsmiləşdirilmişdir. Akta Abşeron rayonu Qobu bələdiyyəsinin o vaxtkı sədri Mübariz Bayramov, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq-Tikinti Şöbəsinin o vaxtkı müdiri Akif Əliyev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin o vaxtkı müdiri Mübariz Vəliyev imza atmışlar. Eyni zamanda, Məcid Heydərov tərəfindən bələdiyyə büdcəsinə 29 dekabr 2007-ci il tarixində 500,0 manat torpaq rüsumu və 13 may 2008-ci il tarixində 10,0 manat torpaq vergisi ödənilmişdir. Lakin bir müddət sonra vətəndaş Heydərov Məcid İmran oğlu həmin torpaq sahəsinə “çıxarış” sənədi almaq üçün müraciət edəndə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən imtina cavabı almışdır. Bundan sonra vətəndaş Sumqayıt inzibati məhkəməsinə müraciət edərək, ona “çıxarış” sənədi verilməsi öhdəliyinin aidiyyəti qurumun üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, Qobu bələdiyyəasinin sədri Araz Nəcəfov AR İPM-nin 60-cı maddəsinin tələblərini məqsədli şəkildə pozmuşdur. Maraqlıdır ki, Araz Nəcəfov artıq özü Qobu bələdiyyəsinin sədri olduğu müddət ərzində sözügedən torpaq sahəsində vətəndaş M.Heydərovun hasar bünövrəsi salması, oraya 3 yük maşını daş tökməsi və ərazidə şəxsən mənim tərəfimdən 7 ağac əkildiyi barədə də məlumatlı olub. Ən əsası da Araz Nəcəfov Məcid Heydərova verilən Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarış sənədinə sabiq bələdiyyə üzvü Ə.Əmiraslanovun əvəzinə saxtakarlıq edərək şəxsən özü imza da atıb. Nəhayət, Araz Nəcəfov çıxarış verilməsi üçün tələb olunan sənədləri vətəndaş Məcid Heydərovun səlahiyyətli təmsilçisi kimi, mənə təqdim edərkən həmin sənədlərin qanuni və tam qaydasında olduğunu bildirb və üstəlik məndən 50,0 manat məbləğində torpaq vergisi də alıb. Yalnız DƏDR Xidməti imtina məktubu verdikdən və məsələ məhkəmə araşdırması predmetinə çevrildikdən sonra Bələdiyyə sədri mənə 5 ay davam edən süründürməçiliyin nəhayətində həmin 8 sot torpaq sahəsini almaq üçün aşağı qiyməti 7000 manatdan başlayan hərracda iştirak etməyi təklif edib. Bununla da digər qanunverici aktlarla yanaşı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 fevral 2026-cı il tarixli 43 №-li Qərarının 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarına dəyişikliklər edilməsi barədə tələbləri kobud şəkildə pozulmuşdur.
Möhtərəm cənab Prezident!
Artıq 18 ildir ki, sözügedən torpaq sahəsi faktiki olaraq bizim istifadəmizdədir və bu hüququn təmin olunması üçün bütün dövlət ödənişləri tərəfimizdən həyata keçirilmişdir. Lakin Abşeron rayonu Qobu bələdiyyəsinin rəhbərliyi öz şəxsi maraqlarından çıxış edərək, Sizin rəhbərliyinizlə həyata keçirilən Azərbaycanın dövlət siyasətini sabotaj etməyə yönəlmiş qərarlar verir. Nəticədə, nə biz, nə də yüzlərlə digər sakinlər faktiki sahibi olduqları torpaq sahələrinə çıxarış ala bilmirlər. Bu kimi qərarların kütləviliyi onların mahiyyət etibarı ilə xalqı dövlətdən narazı salmaq məqsədini güddüyünü düşünməyə əsas verir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü kimi, belə halları dövlət əleyhinə yönəlmiş fəaliyyət kimi qiymətləndirirəm. Bu gün Abşeron bələdiyyələri faktiki olaraq vətəndaşların hüquqlarını öz təsirləri altında saxlayırlar və bu kimi hallara son qoymaq üçün düşünürəm ki, Abşeron rayon bələdiyyələrinin “Dəmir yumruq” əməliyyatına ehtiyac var.
Möhtərəm cənab Prezident!
Sizdən artıq dərəcədə xahiş edirəm ki, bütün bu deyilənləri nəzərə alaraq, qeyd etdiyim faktların araşdırılması və günahkar şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə aidiyyəti olan dövlət qurumları tərəfindən müvafiq tədbirlərin görülməsində köməklik göstərəsiniz”.
Müraciətlə əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
TEZADLAR.AZ