…Qafqazın ən qədim və tanınmış yaşayış məskənlərindən biri olan İlisunun şanlı tarixi, iqlimi, ən müasir turizm abidələri ilə yanaşı, bu kənddən pərvazlanaraq bütün dünyaya səpələnmiş görkəmli ziyalıları, zəhmət adamları, qəhrəman oğul və qızları vardır.
İlisu Azərbaycan Respublikasının Qax rayonunda Qafqaz sıra dağlarının ətəklərində, dörd tərəfdən uca, bəzisi il boyu qarla örtülü olan dağlarla əhatə olunmuşdur, dəniz səviyyəsindən 1200-1400 metr hündürlükdə yerləşir. İlisunun əsrarəngiz gözəliyi insanı valeh edir.
Kəndin tarixi şöhrəti bir sıra amillərlə bağlıdır:
– kənd əhalisinin özünəməxsus dil dialekti, adət-ənənəsi, məxsusi dövlət idarəçiliyi, ən qədim dünyəvi və dini elm-təhsil ocaqları var;
– təsərrüfat quruculuğu, nümunəvi böyük təsərrüfatları ilə tanınması;
– yerli sənatkarlığın şöhrət qazanması;
– kəndin bütün dünyaya səpələnmiş alimləri;
– ictimai-siyası, mədəniyyət və din xadimlərinin hər yerdə tanınması və s.
İlisunun təmiz havası, gözyaşı kimi şəffaf, buz kim sərin suları var.
İlisudan pöhrələnmiş görkəmli adamların sayı çoxdur. 2012-ci ilin məlumatna görə, İlisudan ölkəmiz üçün 18 görkəmli dövlət xadimi, 120-dən çox elm adamı, akademik, elmlər doktorları və namizədləri, neçə-neçə tanınmış din xadimləri, 50-dən artıq respublika və rayon miqyaslı məmur və rəhbər kadr, 40-dan çox tanınmış mütəxəssis, ziyalı və yaradıcı şəxslər, nə qədər görkəmli zabitlər, BVM və Qarabağ veteranları, 6 idmançı dünya çempionu, onlarla iş adamı, habelə, xeyriyyəçilər vardır. İlisu məktəbini bitirən ali təhsili mütəxəsisslərin sayı 1200-dən çoxdur. 1999-cu ildə Azərbaycan Respublikasının Prezdeniti Ümummilli lider Heydər Əliyev İlisu məktəbinə 110 illik yubileyi və qazandığı nailiyyətlərə görə təbrik məktubu imzalamışdı. Azərbaycan Respublikasının Prezdeniti İlham Əliyev füsunkar turizm diyarı İlisuda Qax-İlisu Turizm Kompleksində dəfələrlə olmuşdur.
Yuxarıda qeyd olunanları sadalamaqda məqsədim odur ki, İlisuya şöhrət qazandıran, onun başını uca edən tanınmışlar içərisində ayrıca böyük yerləri olan adamlardan biri filologiya üzrə elmlər doktoru, “Qızıl qələm” mükafatı laureatı Sadıq Nəbi oğlu Murtuzayev, digəri polkovnik Elşad Yusif oğlu Şabanovdur. Onları qoşa qanad adlandırsaq yanılmarıq.
Sadıq Nəbi oğlu Murtuzayev kimdir?
– O, 1927-ci ildə anadan olub;
– 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib;
– 1952-ci ildən rəhbər partiya işinə irəli çəkilib;
– 1953-cü ildə Pedaqoji İnstitutun aspiranturasını davam etdirib;
– 1956-cı ildən RPK-də əvvəl 2-ci, sonra 1-ci katib işləmişdir;
– 1959-cu ildən Zaqatala, Qax, Balakən rayonları üzrə MK-nın partiya təşkilatçısı işləmişdir;
– 1961-ci ildə Zaqatala, Qax, Balakən rayonlarından SSRİ Ali Sovetinə deputat seçilmişdir. İlisu kəndinin tarixində SSRİ deputatı seçilmiş yeganə adamdır
– 5 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir;
– Ali Sovetin elm və mədəniyyət daimi Komissiyasının sədri olmuşdur;
– 30 ilə yaxın MK-nın üzvü olmuşdur;
– Sov. İKP-nin XXII, XXIII qurultaylarının və XIX Ümumittifaq partiya Konfransının nümayəndəsi olmuşdur;
– 1979-cu ildə Liviya Cümhuriyyətində, 1989-cu ildə Danimarkada Azərbaycan günləri keçirilərkən Azərbaycan nümayəndə heyətinə başçılıq etmişdir;
– Respublikada yenilikçi katib kimi tanınmışdır;
–1963-cü ildən 1990-cı ilin sonuna kimi Abşeron, Şəki, Ağdam, Abşeron rayon Partiya Komitələrinin 1-ci katibi işləmişdir;
– Azərbaycan KPMK-nin büro üzvü seçilən yeganə raykom katibi olmuşdur;
– Respublikada heyvandarlığın, bağçılığın sənaye əsaslarına keçirilməsinin təşəbbüskarı və yaradıcısı olmuşdur;
– Xeyriyyəçilik yolu ilə İlisuya Ram-Rama şəlaləsindən su kəməri çəkdirmişdir;
– Beynəlxalq dostluq əlaqələrinin möhkəmlənməsi sahəsindəki xidmətlərinə görə Bolqarıstan Xalq Respublikasının Razqrad şəhərinin Fəxri Vətəndaşı seçilmiş, Bolqarıstanın və Hezbi Tubə Partiyasının yubiley medalları ilə təltif edilmişdir;
– Görkəmli yazıçı Seyran Səxavətin 2003-cü ildə çap olunmuş “Palıd toxumu” adlı bədii romanı Sadıq Murtuzayevin keçdiyi həyat yolundan bəhs edir;
– Akademik İmam Mustafayevlə birlikdə yazdığı “İmam Şamil” kitabı oxucular arasında böyük rəğbət qazanmışdır. Bu kitab Beynəlxalq İmam Şamil Mükafatları Komitəsinin qızıl medalına layiq görülmüşdür;
– Sadıq müəllim SSRİ Kənd Təsərrüfatı Nazirliyinin İxtisasartırma İnstitutunda ekstern yolu ilə elmi iş müdafiə edərək kənd təsərrüfatı mütəxəssisi adı almışdır;
– Ağdamda işləyərkən nümunəvi sağlamlıq kompleksləri tikdirmiş, xeyriyyəçiliklə məşğul olmuşdur.
Bu gün yerində olmasa da, Sadıq müəllimin Ağdam yadigarlarını xatırlatmaq istəyirəm:
– SSRİ-də 1-ci, dünyada 2-ci “Çörək muzeyi”, “Çay Evi”, Ağdam Muğam məktəbi, “Axtarış – Bank İnformasiya Mərkəzi”, ərazidə baxımsız qalan kəhrizlərin bərpası, Dəlidağda “Çobanlar evi”, Abdal-Gülablıda, Şellidə, Şahbulaqda Sağlamlıq mərkəzləri, “Qızıl xallı balıqçılıq təsərrüfatı”, “Daş heykəllər”, Ergi yaşayış kompleksi, “Ticarət Mərkəzi”, “Heyvandarlıq kompleksləri”, “Muğam teatrı”, “Opera studiyası”, “Əmək sarayı”, “Şahmat məktəbi”, “Mədəniyyət evi”, bütün kəndlərdə şərab zavodları, göz oxşayan inzibati binalar, yaşayış evləri, geniş yollar, körpülər (Qarqar çayı üzərində), yol kənarlarında bulaqlar, İmarətdə Mehdiqulu xanın, Xurşudbanu Natəvanın və başqalarının türbələrinin təmiri və s. – bunlar hamısı Sadıq müəllimin izi itməyən yadigarlarıdır.
Sadıq müəllimin vaxtında Ağdamda taxılçılıq, üzümçülük, pambıqçılıq, heyvandarlıq, digər əkinçilik növləri, baramaçılıq o qədər inkişaf etmişdi ki, hətta təsərrüfat göstəricilərinə görə Az. KPMK-si onu Sosialist Əməyi Qəhrəmanı adı alması üçün Kremlə təqdimat vermişdi. Sadıq müəllim 1991-ci ildə təqaüdə çıxandan sonra Azərbaycan Müharibə və Əmək Veteranları Şurası sədrinin müavini, Veteranlar müəssisələri Respublika Birliyinin sədri olmuş, Azərbaycan Kəndli (fermer) Təsərrüfatları İttifaqı İdarə Heyətinin ilk sədri, Respublika Ağsaqqallar Şurası sədrinin 1-ci müavini seçilmişdir.
Sadıq müəllim yaradıcı insandır. Onun son zamanlar işıq üzü görmüş 14 kitabı, 100-dən çox elmi məqaləsi var. Onun son zamanlar yazdığı “İnsan amili, həyat və zaman” “XX əsr – M.C.Bağırov fenomeni” kitabları oxucuların sevimli kitablarıdır. Sadıq müəllim haqqında çox kitablar, məqalələr, oçerklər yazılıb. O cümlədən, yaxın dostu Gəray Fəzlinin “Zirvədən Zirvəyə” povesti və Xanış Məmmədovun “Əfsanə” romanı diqqəti daha çox cəlb edir.
Dövlətimiz Sadıq müəllimin əməyini yüksək qiymətləndirmişdir. 2 Lenin ordeni, “Oktyabr inqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf” nişanı ordenləri, digər fəxri fərmanları, döş nişanları, təltifləri vardır.
92 yaşlı Sadıq müəllim hazırda Goradildəki bağında istirahət edir. Çoxlu nəvəsi, nəticəsi var. Böyük arzularla yaşayır.
***
Qoşa qanadın 2-cisi – bütün həyatı, fəaliyyəti ilə fəxr etdiyimiz polkovnik Elşad Yusif oğlu Şabanovdur.
Elşad Şabanov kimdir?
– 1952-ci ildə Qaxda anadan olmuşdur;
– 1969-cu ildə orta məktəbi Qızıl medalla bitirmişdir;
– M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib;
– Dövlət Təhlükəsizliyi Komitəsinin xüsusi ali məktəbində təhsil alıb;
– 1985-87-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin müşaviri kimi Əfqanıstanda xidmət etmişdir;
– 1987-1991-ci illərdə Respublika DTX-nin Xaçmaz və Bakı şəhəri Əzizbəyov rayon şöbələrinin rəisi,
– 1991-1993-cü illərdə DTK-nin Mərkəzi aparatında rəhbər vəzifələrdə çalışmışdır;
– MTN xüsusi təyinatlı dəstəsinin yaradıcısıdır;
– Qarabağ müharibəsi dövründə xüsusi əməliyyatların keçirilməsinə rəhbərlik etmişdir;
– Bir şərəfli zabit kimi həm ölümü dəfələrlə ayaqlayıb keçib, həm də azadlığın şərbətini içib;
– İnsanın öz işinə sevgisi, məsuliyyəti onun qarşısında yeni-yeni uğurlar açır. Bu cığırlarla vicdanla, namusla addımladıqca bir-birinin ardınca uğur özü gəlib onu tapır. Elşad Şabanov da belə insanlardan biridir;
– Elşad Şabanov 1980-ci illərdə SSRİ Əfqanıstan müharibəsində iştirak edən “SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Fəxri vətəndaşı” adına layiq görülən yeganə Azərbaycan vətəndaşıdır;
– Elşad Şabanovun xidmətləri dövlətimiz tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir: “SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Fəxri əməkdaşı” döş nişanı, SSRİ-nin “Qırmızı Ulduz” ordeni, SSRİ-nin 2 dəfə “İgidliyə görə”, döyüş xidmətlərinə görə medalları, SSRİ DTK-nin “Qüsursuz xidmətlərinə görə” medalı, SSRİ Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və “İgidliyə və Hərbi Rəşadətə” görə medalı, Rusiya Federasiyasının “Əfqanıstan müharibəsinin veteranı”, “Xidmətlərinə görə” medalı, “Əfqanıstan Demokratik Respublikasında beynəlmiləl borcunu ləyaqətlə yerinə yetirdiyinə görə” medalı, “Məhəllə münaqişələrin iştirakçısına görə” medalı, “Pənşir əməliyyatına görə” medalı, “Xüsusi təyinatlarına görə” medalı, “İgidliyə və cəsurluğa görə” medalı, “Xidmətlərinə görə” fəxri döş nişanı, Əfqanıstan prezidentinin fərmanı ilə “Hərbi Şöhrət” ordeni, 2 dəfə “İgidliyə görə” medalı, “Qədirbilən Əfqan xalqından beynəlmiləl döyüşçüyə” medalı, “Həzi Aslanov” yubiley medalı, SSRİ və MDB-nin yubiley və xatirə medalları, “Döyüş əməliyyatları veteranı” fəxri medalı, “Aprel inqilabının 10 illiyi” medalı, Rusiya Federasiyasının “Hərbi Şöhrət” ordeni, Rusiya Federasiyasının “Vətənə sədaqət” ordeni, Rusiya Federasiyasının “Xidmətlərinə görə” fəxri döş nişanı, Rusiya Federasiyasının “İgidliyə və şücaətə görə” medalı, “Dostluğun möhkəmlənməsinə görə” medalı, SSRİ-nin idman ustası (Sanbo güləşi üzrə), medalı, “Paraşütçü – əlaçı” döş nişanı, Ukrayna-Kazak təşkilatının “Xidmətlərinə görə” ordeni, “Həzi Aslanov”, “Əliağa Şıxlinski”, “Cəmşid Naxçıvanski”, “Veteran həmrəyliyi”, “Azərbaycan Veteranlar Təşkilatının 30 illiyi” fəxri fərmanları.
Qeyd: – Elşad Şabanov mükəmməl bir insandır. O, hər bir kəsi dinləməyi bacarır. Elə bu insani keyfiyyətləri hər zaman ona başucalığı gətirmiş, onu insanlara, döyüş yoldaşlarına sevdirmişdir. Elşad Şabanov çox orden-medal almışdır. Belə hesab edirəm ki, o, generallığa, habelə, Azərbaycanın Milli Qəhrəmanı adına layiqdir. Bu gün Elşad Şabanov kimi müharibə veteranları gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində örnək olmağa layiqdir. Elşad Şabanovun həyat yolunu vərəqlədikcə anladım ki, o, necə keşməkeşli döyüşlərdən keçib. Elşad Şabanov vətənimizin igid oğludur.
Sadıq Murtuzayev (İlisunun mərd oğlu) həyat hadisələrinin – qoşa qanadın qələm tərəfidirsə, Elşad Şabanov da qoşa qanadın qılıncıdır. Azərbaycanın bir hissəsi olan İlisu – adlı-sanlı müəllimlər, həkimlər, alimlər, akademiklər, qəhrəmanlar yurdudur, igidlər məskənidir. Neçə-neçə adlı-sanlı ərənlər yetişdirib bu torpaq. Fəxr edirəm ki, Sadıq Murtuzayev də, Elşad Şabanov da ölkəmizin “fəxri vətəndaşı”dırlar. Habelə, bu fəaliyyətləri qısa da olsa təsvir edilən Sadıq Murtuzayev və Elşad Şabanovun həyat materialında mühüm yer tutan iki amil – xalqın mənəvi və fiziki qüvvəsinin rəmzidir – təsviridir.
Qoşa qanadın hər ikisinə həyatın şirin neməti olan cansağlığı arzulayıram.
Uca Yaradan öz mərhəmətini üstünüzdən əsirgəməsin.
Səlim Əzimov,
Respublikanın Əməkdar Müəllimi