Son günlər tanınmış rejissor Mehriban Ələkbərzadə barəsində sosial və elektron mediada qara piar kampaniyası aparılır. Professor Qulu Məhərrəmli özünün sosial platformasında bu cür yersiz anti-təbliğatı qınayan açıqlama yayıb. Sitat: “Belə görünür ki, “Azdrama”nın bədii rəhbəri, istedadlı rejissor Mehriban Ələkbərzadəyə qarşı kimlərsə böhtan kampaniyası aparır və təəssüf ki, bu çirkin işdə “şəhid mövzusu”ndan da istifadə edilir. Mehriban xanımı uzun illərdir tanıyıram, müəyyən müddət AzTV-də də birgə çalışmışıq. Mən bu dəyərli sənət adamının ictimai düşüncəsinə, Vətən sevgisinə, vətəndaş mövqeyinə, tarixə, milli problemlərə, xalqımızın azadlıq uğrunda mübarizəsinə, bu yolda şəhid olanlara münasibətinə, eləcə də hər hansı məsələdə onun dürüstlüyünə, prinsipiallığına, peşə ləyaqətini necə fədakarlıqla qorumasına yaxşı bələdəm. Təkcə mən yox, ölkə ictimaiyyəti də bunları gözəl bilir. Əslində M.Ələkbərzadənin həyat və yaradıcılıq bioqrafiyası, ictimai çıxışları, yaratdığı çoxsaylı ekran və səhnə əsərləri ona qarşı qərəzli davrananlara ən yaxşı cavabdır. Mən özüm də dəfələrlə sifarişli böhtan kampaniyaları ilə üzləşmiş bir adam kimi bu qənaətdəyəm ki, quru palçıq heç vaxt divara yapışmaz. Bu səbəbdən də Mehriban xanıma qarşı aparılan hər hansı böhtan kampaniyası, o cümlədən şəhid teması ilə manipulyasiya keçərli deyil. Sizə uğurlar, dəyərli Mehriban xanım!”.
Bəli, tanınmış rejissor Mehriban Ələkbərzadəyə qarşı haqsız ittihamlardır…
A.Məmmədli