Ramiz Mehdiyevi öyənlər və söyənlər: İsa Həbibbəyli: “Ramiz Mehdiyev mükəmməl bir ideoloqdur!”

(Əvvəli bu linkdə:https://tezadlar.az/ramiz-mehdiyevi-oyenler-ve-soyenler-isa-hebibbeylinin-terifi/)

…Görkəmli elm xadiminin elmi-nəzəri əsərləri Heydər Əliyev-İlham Əliyev epoxasının siyasi-fəlsəfi epopeyasını təcəssüm etdirir. Akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uğurla, möhkəm siyasi iradə ilə həyata keçirdiyi geniş miqyaslı islahatlar proqramının və ölkəmizin modernləşdirilməsi hərəkatının əsas istiqamətlərinin dərin elmi təhlilinin mükəmməl örnəklərini meydana qoymuşdur. O, ölkə başçısı İlham Əliyevin böyük siyasətdə və müstəqil dövlətin idarə olunmasındakı rolunu və mövqeyini elmi cəhətdən əsaslandırılmış («Heydər Əliyev mənim həyatımda» (Məsləhətçi və ön sözün müəllifi akademik Ramiz Mehdiyev). Bakı, “Azərbaycan”, 2013, səh.23. Yenə orada, səh.7) şəkildə qiymətləndirmişdir. Akademik Ramiz Mehdiye[1]vin elmi-fəlsəfi baxışlarında “Prezident İlham Əliyevin milli dövlətçilik quruculuğu, Azərbaycanın demokratik inkişafı məsələləri barədə mövqeyi tarixi məntiqə, dünya təcrübəsinə, səmərəli siyasətə, ən başlıcası isə Azərbaycanın milli maraqlarına söykənən milli ideyanın gerçəkləşməsinin nəzərə alınmasına əsaslanır. Cəmiyyətin bu dərk edilmiş obyektiv tələbatı onun milli dəyərlərindən irəli gəlir və dövlətin qorunub saxlanmasına, onun mövcudluğu və mütərəqqi inkişafı üçün əlverişli şərait yaradılmasına yönəlmişdir. Milli maraqlara və inkişaf strategiyasının mahiyyətinə xalqın əksəriyyətinin həmrəy münasibətinə əsaslanan demokratiya daha səmərəlidir və hər bir yeni müstəqil dövlət üçün nümunə ola bilər”.

Sənətşünas filosof alimin elmi irsi qloballaşmanın gətirdiyi problemlərlə bərabər, milli dövlət quruculuğu məsələləri, azərbaycançılıq fəlsəfəsinin reallıqları, ölkəmizin demokratik inkişaf modelləri, milli mənşə və identiklik problemlərinə həsr olunmuş fundamental tədqiqatlar sistemini özündə birləşdirir. Akademik Ramiz Mehdiyev bir-biri ilə qarşılıqlı surətdə əlaqədar olan bu problemlərə kompleks şəkildə yanaşaraq, məsələləri siyasi-fəlsəfi və tarixi-dialektik cəhətdən şərh edərək konkret və ümumiləşdirilmiş nəticələr çıxarmışdır. Fikrimizcə, bu tədqiqatların hamısını birləşdirən ən ümumi aparıcı xüsusiyyət Heydər Əliyevçilik – azərbaycançılıqdır. Görkəmli filosof, akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişaf dialektikası” (2000), “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi” (2001), “Demokratiya yolunda: irs haqqında düşünərkən” (2008) monoqrafiyalarında Heydər Əliyevçilik – Azərbaycançılığın dialektik inkişaf prosesləri dərindən və əsaslandırılmış şəkildə şərh olunmuşdur. Bu əsərlər ölkəmizdə Heydər Əliyevşünaslığın – Azərbaycanşünaslığın həm fəlsəfi-elmi əsasları, həm də mükəmməl ideologiyasıdır. (Ramiz Mehdiyev. Müasir Azərbaycan. Dövrün baxışında. Bakı, “Azərbaycan” qəzeti, 2011, səh.62).

Bu mənada akademik Ramiz Mehdiyev həm də mükəmməl bir ideoloqdur. Onun ideoloji əsərlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümummilli lider Heydər Əliyev təliminin yaradıcılıqla və ardıcıllıqla davam etdirilməsi istiqamətindəki rolu və xidmətləri ilə yanaşı, yeni erada özünün də formalaşdırdığı müasir modernləşmə xəttinin mahiyyəti və əhəmiyyəti obyektiv mövqedən qiymətləndirilmişdir. Bütövlükdə Ramiz Mehdiyevin “Azərbaycan: qloballaşma dövrünün tələbləri” (2005), “Vətəndaş cəmiyyətinə yol açan ideyalar” (2006), “2005-ci il par[1]lament seçkiləri: ilkin təhlil” (2006), “Modernləşmə xətti yenə də gündəlikdədir” (2008), “Azərbaycan – 2003-2008: zaman haqqında düşünərkən” (2009) və sair əsərləri ölkəmizin müstəqillik dövrü tarixində yeni mərhələ olan İlham Əliyev dövrünün reallıqlarını və perspektivlərini aydın surətdə təqdim edən qiymətli traktatlardır. O, müasir Azərbaycan cəmiyyətinin inkişafında mühüm əhəmiyyət kəsb edən bu tarixi mərhələyə daim hərəkətdə, davamlı prosesdə olan mühüm bir ictimai-siyasi hərəkat kimi baxır və gedişatın təzahürlərinə aydınlıq gətirdiyi kimi, proseslərin sabahına da konkret elmi baxışları meydana qoyur.

 Akademik Ramiz Mehdiyev qəti şəkildə inanır və inandırır ki, Prezident İlham Əliyevin uğrunda mübarizə apardığı müstəqil dövlətçilik idealları konkret tarixi mərhələ ilə bitməyən, ümumiyyətlə Azərbaycan xalqının və müstəqil dövlətimizin dialektik inkişaf qanunauyğunluğunun, təkamül proseslərinin məntiqi ardıcıllığının və dayanıqlı inkişafının daim irəliyə aparan ana xətləridir. Bu mənada Ramiz müəllimin əsərləri həm də Azərbaycan Respublikasının perspektiv inkişafının da fəlsəfəsini özündə cəmləşdirir. Cəmiyyətdə baş verən proseslərə tarixilik və müasirlik mövqeyindən dərin və əsaslı baxış akademik Ramiz Mehdiyevin elmi fəaliyyətinin əsas xarakterik xüsusiyyətlərindən biridir. Buna görədir ki, ixtisasca tarixçi olan akademik Ramiz Mehdiyevin elmi-nəzəri əsərlərində tarixi aspekt həmişə olmuşdur. O, bir filosof kimi cəmiyyətin inkişaf dialektikasını daim tarixi təkamül proseslərinin axarında axtarıb müasirlik mövqeyindən qiymətləndirir. Bununla belə, akademik Ramiz Mehdiyevin son illərdə Azərbaycan tarixi problemlərinin tədqiq edilməsi məsələlərinə ciddi dönüşü xalqımızın və dövlətimizin çoxəsrlik tarixinin bir çox əhəmiyyətli məqamlarının və görkəmli simalarının xidmətlərinin yenidən dərk və şərh edilməsinə böyük töhfə verir.

Aydın görünür ki, Ramiz Mehdiyevin tarixi mövzuya müraciət etməsinin məqsədi də əslində Azərbaycan dövlətçiliyinin çoxəsrlik real və bütöv mənzərəsini yaratmaqdan ibarətdir. Son illərdə yazılmasına baxmayaraq, akademik Ramiz Mehdiyevin Azərbaycan tarixinin aktual problemlərinə, xüsusi mərhələlərinə və görkəmli şəxsiyyətlərinə həsr olunmuş elmi əsərləri sanki onun indiyədək yazılmış və ölkəmizin XX-XXI əsrlər tarixinə həsr edilmiş fəlsəfi əsərlərinin mükəmməl bir elmi müqəddiməsidir. Bu əsərlər möhkəm elmi bünövrə mənasında da, ümumiləşmiş yekun kimi olsa da, Ramiz Mehdiyevin irsində bütövlük və tamlığa uğurla xidmət edir. Görkəmli elm xadiminin Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutmuş Səfəvi imperatorluğunun qüdrətli simaları olan Şah İsmayıl Xətai və Nadir şah Əfşardan bəhs edən sanballı monoqrafik tədqiqatları milli dövlətçilik tariximizin yenidən, mötəbər mənbələr və məxəzlər əsasında və milli mövqedən tədqiq edilməsinin mükəmməl nümunələridir. Bu əsərlər Azərbaycan tarixşünaslıq elmində dönüş yaradan ciddi elmi tədqiqatlardır. Akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi: sərkərdənin və döyüşçünün taleyi” (2014) və “Nadir Şah Əfşar. Diplomatik yazışmalar” (2015) monoqrafik tədqiqatları Azərbaycan tarix elminin ən mühüm nailiyyətlərindən biri sayılmağa tamamilə layiqdir. Ciddi elmi-nəzəri dəyəri və mühüm tarixi-fəlsəfi əhəmiyyəti ilə səciyyələnən bu kitablar da həmçinin ilk dəfə olaraq Şah İsmayıl Xətai və Nadir şah Əfşar dövrünə aid çox sayda tarixi yazışmaları, zəngin epistolyar irsi elmi dövriyyəyə təqdim etməsi ilə bu kitablar ictimai və humanitar elmləri təmsil edən elm adamları üçün əhəmiyyətli mənbə, mötəbər məxəz 66 Biblioqrafiya rolunu oynayır. Akademik Ramiz Mehdiyevin elmi redaktorluğu, geniş və sanballı müqəddiməsi ilə nəşr olunmuş “Şah İsmayıl Səfəvi. Tarixi-diplomatk sənədlər toplusu”nda (2014) verilmiş Sultan Səlimlə tarixi yazışmalar: 49 məktub, 3 hökmdar fərmanı, 1 fətva Azərbaycan elmi üçün tam yeni olan qiymətli materiallar[1]dır. Eyni zamanda, “Nadir Şah Əfşar. Diplomatik yazışmalar” (2015) kitabındakı “Şərqin Napoleonu” kimi böyük şöhrət qazan[1]mış bu qüdrətli dövlət xadiminin Rum padşahı Sultan Mahmud xanla, Hindistan hökmdarı Məhəmməd şahla, Məşhəd vilayətinin mütəvvəllisi Mirzə Məhəmməd Rza ilə, Rusiya dövlət başçısı və başqaları ilə yazışmalarını əks etdirən 28 məktubu həmin dövrün siyasi-tarixi proseslərinə yenidən baxmağı meydana qoyan nadir sənədlərdir. Ona görə də bu əsərlər həm də müasir mərhələdə Azərbaycan tarixşünaslıq elmini, ölkə tarixini milli meyarlar və müstəqil dövlətçilik baxımından yenidən yazılmağa istiqamətləndirən, səfərbər edən bələdçi kitablardır.

Əslində akademik Ramiz Mehdiyev tarixi mövzuda yazdığı əsərləri ilə həm də Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin Şah İsmayıl Xətaidən Heydər Əliyevə qədərki dövrlərinin bütöv və ümumiləşdirilmiş elmi salnaməsini canlandırmışdır. “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan-İran münasibətləri[1]nə həsr edilmiş kitabları da yeni yanaşmaları, nadir sənədləri və materialları, müasir ideyaları elmi dövriyyəyə gətirməsi ilə bəra[1]bər, həm də milli dövlətçilik tarixinin ayrı-ayrı mərhələlərinin problemlərini tam halda və sistemli şəkildə tədqiq edib öyrənməyə xidmət edir. Bu kitablarda ilk dəfə elmi dövriyyəyə daxil edilmiş zəngin arxiv sənədləri və yazışmalar haqqında söz açılan dövrlərin reallıqlarına işıq salan və obyektiv elmi nəticələr çıxarmağa əsas verən mötəbər mənbələrdir. Azərbaycan cəmiyyə[1]tinə, elmi ictimaiyyətə təqdim edilən həmin yeni və zəngin arxiv materiallarından ictimai elmlər üzrə çalışan digər tədqiqatçılar da istifadə edərək sanballı elmi əsərlər hazırlaya bilərlər.

Akademik Ramiz Mehdiyevin bu günlərdə Moskvada “Rosspen” nəşriyyatında çapdan çıxmış “Qlobal dəyişmələr dövründə Azərbaycan milli ideyası” adlı iki cildlik monoqrafiyası Azərbaycan ictimai elmləri sahəsində mühüm elmi hadisə sayılmağa layiq olan çox qiymətli tədqiqat əsəridir. Bu, akademik Ramiz Mehdiyevin çoxillik elmi ideyalarının və tədqiqatlarının məntiqi davamı olan, lakin problemə tam yeni mövqedən aydınlıq gətirən və qiymət verən orijinal tədqiqatdır. Bu əsərdə ilk dəfə olaraq milli mənşə ilə milli ideologiya məsələlərinə vahid bir prosesin təzahürü kimi obyektiv elmi-fəlsəfi qiymət verilmişdir. Akademik Ramiz Mehdiyev nəticə olaraq bu qənaətdədir ki, müasir transformasiyalar dövründə güclü Azərbaycan dövlətinin yaranması və inkişaf etdirilməsi milli ideyanın ən bariz ifadəsidir. Təqdim olunan monoqrafiya ictimai elmlər sahəsində yeni istiqa[1]mətlər açmaqla elmi fikrin axarını dəyişməyə bələdçilik edir. Görkəmli dövlət xadimi və böyük tarixçi-filosof alim, akade[1]mik Ramiz Mehdiyev elmi və siyasi-ideoloji fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətinin və ümummilli ideyaların inkişaf etdirilməsinə şərəflə və məsuliyyətlə xidmət etməkdədir. Ayrı-ayrı dövrlərdə Ramiz Mehdiyevin Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi apardığı səmərəli ictimai-siyasi iş ölkəmizdəki sabitliyin və inkişafın daha da möhkəmləndirilməsinə öz töhfələrini vermişdir. Bu gün də milli dövlətçilik təfəkkürü ilə elmi fəaliyyəti mükəmməl surətdə özündə cəmləşdirən Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev respublikamızda elmi və siyasi-ideoloji proseslərin idarə olunmasına bacarıqla rəhbərlik edir. Akademik Ramiz Mehdiyevin siyasi portreti şəxsiyyətinin bütövlüyü, dövlətçilik ideallarına dərin sədaqəti, taleyüklü həlledici məsələlərdəki prinsipial mövqeyi, müdrik qərarlar qəbul etmək istedadı və xeyirxahlığı ilə səciyyələnir.

 Dərin və möhkəm mənəvi keyfiyyətlər onun siyasi xarakterini tamamlayır və möhkəmləndirir. Azərbaycan dövləti görkəmli elm və dövlət xadimi Ramiz Mehdiyevin çoxillik səmərəli xidmətlərini həmişə yüksək qiymətləndirmişdir. Akademik Ramiz Mehdiyevin müxtəlif tarixi dövrlərdə təltif edildiyi “Qırmızı Əmək Bayrağı” ordeni, “Şöhrət” və “İstiqlal” ordenləri dövlətimizin onun çoxcəhətli fəaliyyətinə verdiyi böyük qiyməti əyani surətdə təsdiq edir. Azərbaycanın müstəqillik dövrünü dövlətçilik istiqamətində və elm sahəsində bacarıqla təmsil edən akademik Ramiz Mehdiyev bu gün də çoxcəhətli elmi və siyasi-ideoloji fəaliyyət yollarında özünün şərəfli və məsuliyyətli missiyasını böyük uğurla davam etdirir.

İsa HƏBIBBƏYLI,

AMEA-nın vitse-prezidenti,

akademik

Xəbəri paylaş